Dortmundda

Dortmundda "Yeni il hədiyyələri": "Borussiya" - "Laypsiq" oyunundan kim qazanclı çıxdı?

Almaniya Bundesliqasının 16-cı turunda Dortmund "Borussiya"sı evdə "Laypsiq"lə qarşılaşdı. Oyundan öncə "dortmundlular"ın 29, "qonaqlar"ın isə 33 xalı var idi. Çempionatdakı zirvə yarışını yaxından maraqlandıran oyun mövsümün hələlik ən maraqlı görüşü kimi yadda qaldı. Sual yaranır: niyə? Gəlin, mümkün qədər səbəblərə nəzər yetirməyə çalışaq.

Lüsyan Favr bu matça da əvvəlki 4 oyundakı kimi 3-4-3 sxemi ilə başladı: Bürki - Zaqadu, Hummels, Akanji - Qerreyro, Brandt, Vayql, Hakimi - Sanço, Roys, Azar.

Kağız üzərində Yulian Naqelsmanın komanasının oyuna klassik 4-4-2 sxemi ilə çıxdığı göstərilsə də, meydanda fərqli mənzərənin şahidi olduq. "Laypsiq" qarşılaşmaya 4-3-3 sxemi ilə başlamışdı: Qulaçi - Halstenberq, Upamekano, Klosterman, Mukiele - Laymer, Demme, Zabitser - Verner, Forsberq, Poulsen.

Birinci hissə: Rəqibin oyununu pozmağa çalışan "Laypsiq"


Dediyim kimi, Naqelsman oyuna sürpriz şəkildə 4-3-3 sxemi ilə başladı. Forsberqin mərkəz hücumçusu, Verner və Poulsenin vinqer rolunu oynadıqları bu taktiki gediş bir növ Yurqen Kloppun "Liverpul"dakı fəlsəfəsinə bənzəyirdi. Top rəqibdə olarkən 4-3-3 sxemi "Laypsiq"ə müəyyən üstünlük qazandırırdı. Birincisi, rəqib geridən daha yaxşı oyun qurmaq üçün oyuna 3 mərkəz müdafiəçisi ilə başlamışdı. Amma "qonaqlar" irəlidə 3 oyunçu ilə pressinq edərək rəqib müdafiəçilərin mərkəzə doğru pas yollarını bağlamağı bacarırdılar.
 
 
 
İkincisi, "Borussiya" meydanın mərkəzində iki futbolçu ilə oynayırdı: Brandt və Vayql. "Laypsiq"də isə bu say 3-ə bərabər idi: Laymer, Demme və Zabitser. Əksər hallarda "qonaqlar" mərkəzdə say üstünlüyünə malik olur və ya Marko Roys geriyə dəstəyə gəldikdə isə birə-birə qalırdılar. Bu da Naqelsmanın yetirmələri adına üstünlük idi.
 


Ümumiyyətlə, 3-4-3, 4-4-2 və s. kimi meydanın mərkəzində 2 futbolçunun oynamalı olduğu sxemlərdə Vayql-Brandt ikilisi ilə oynamağın doğru olduğunu düşünmürəm. Vayql müdafiə cəhətdən problemləri olan futbolçudu və almaniyalının yanında hər ən onu sığortalaya biləcək biri oynasa, daha yaxşı olar. Yuliyan Brandt isə rəqib qapıya daha yaxın oynamalı oyunçudu və onun müdafiə keyfiyyətlərindən danışmağa dəyməz. Bütün bunlar ilk hissədə "Dortmund"un mərkəzi rəqibinə müəyyən mənada uduzmasına səbəb oldu. "Laypsiq" geridən oyun qurarkən irəli üçlü - Sanço, Roys, Hazard - irəlidə pressinq etmək əvəzinə, mərkəzə dəstək olmaq üçün geriyə gəlirdilər. Və bu, Dayo Upamekanonun geridə topla olduqca rahat oynamağına səbəb olurdu.

Bu oyunda "Borussiya"nın vinq-bekləri hücumda olduqca effektiv olan Rafael Qerreyro və Əşrəf Hakimi idi. Amma "Laypsiq"in Verner və Poulseni qanadlara çəkməsi nəticəsində bu futbolçular daha ehtiyatlı oynamağa çalışdılar və irəlidəki təsir gücləri azaldı. Göründüyü kimi, "Laypsiq"in əsas məqsədi topu rəqibə verib, onun oyununu pozmaqdan ibarət idi və bu plan ilk 20 dəqiqə ərzində effektiv oldu.

4-3-3 sxeminin "Laypsiq"ə qazandırdığı üstünlüklərdən danışdıq, amma mənfi təsirləri də unutmaq olmaz. Verner və Poulsen vinqer kimi pressinqdə olduqca effektiv olsalar da, geriyə qayıtmaqda problem yaşayırdılar və buna görə də "ev sahibləri" xüsusən də Hummelsin cinahlara doğru ötürmələri ilə hücuma çıxmağı bacarırdılar. Elə əksər hücumlar da məhz bu şəkildə qurulurdu. 23-cü dəqiqədə Yulian Vayqlın uzaqdan zərbəsindən sonra Peter Qulaçinin səhvi nəticəsində "arılar" hesabı açdılar.

34-cü dəqiqədə "Laypsiq"ə ikinci zərbə gəldi və Yulian Brandt komandasının üstünlüyünü iki topa çıxardı. Bu qolda da "qonaqlar"ın futbolçularının səhvi diqqətdən qaçmadı. Mukiele oyuna sağ, Klosterman isə mərkəz müdafiəçisi kimi başlamışdı. Lakin bu hücumda Klosterman öz mövqeyinə qayıtmağa gecikdi və Mukiele onu sığortalamağı bacarmadı.
 


"Borussiya" ilk hissədə oyun baxımından rəqibindən elə də üstün olmasa da, azarkeşlərin dəstəyi sayəsində və təbii ki, "Laypsiq" futbolçularının fərdi səhvlərindən istifadə edərək fasiləyə 2-0 hesablı üstünlüklə yollandı. "Laypsiq"in isə hücumda ciddi təhlükə yarada bilməməyinin əsas səbəblərindən biri Emil Forsberqin "saxta 9" funksiyasını yaxşı yerinə yetirə bilməməsi idi.

İkinci hissə: Səhvlərin qurbanı olan və qələbəni əldən verən "Borussiya"


İkinci 45 dəqiqədə daha çox qol vurulsa da, oyunun ikinci hissəsi birinci hissəyə nəzərən daha sönük keçdi. Komandalar ikinci hissənin ilk 10 dəqiqəsində 3 dəfə fərqlənməyi bacardılar. Xüsusən də, "Borussiya"nın buraxdığı 3 qolun hər biri fərdi səhvlər ucbatından baş tutdu.

Birinci qol: Roman Bürki topu uzaqlaşdırmaq üçün cərimə meydançasını tərk etdi və kobud səhvə yol verdi. Timo Verner isə boş qapını dəqiq nişan aldı.
 


İkinci qol: Yulian Brandt (qırmızı dairə) meydanın mərkəzində topa olduqca uğursuz toxundu və Timo Vernerə bir növ "assist" etdi. Alman forvard isə bu şansı qaçırmadı.
 


Üçüncü qol: Dayo Upamekano topu sağ cinaha yönəldərkən Rafael Qerreyro mövqe səhvinə və diqqətsizliyə yol verdi. Nəticədə topu qəbul edən Nordi Mukiele onu Patrik Şikə ötürdü və o da bu şansı qaçırmadı: 3-3.
 


Yulian Naqelsmanın ikinci hissə başlamamışdan əvvəl etdiyi Forsberq - Nkunku əvəzetməsi ilə komanda əksər vaxtlarda çıxış etdiyi klassik 4-4-2 sxeminə qayıtdı və bununla da "Borussiya"nın cinahlardakı sərbəstliyi azaldı. Oyuna sonradan daxil olan Patrik Şik isə son qolun müəllifi olaraq komandasına bir xal qazandırdı.

Çempion olmaq istəyirsənsə və bu yoldakı ən ciddi rəqiblərindən biri ilə öz evində oynayırsansa, qələbə qazanmaq məcburiyyətindəsən. Dortmund klubu isə buna nail ola bilmədi. Komandalar bir-birilərinə "yeni il hədiyyələri" verdi və səhvlərdən hər iki dəfə lazımi şəkildə istifadə etdi. Taktiki baxımdan "Laypsiq" oyuna daha yaxşı hazırlaşmışdı. Matçın nisbətən böyük hissəsində hesabda geridə olmasını və Dortmund səfərinin ağırlığını nəzərə alsaq, bu görüşdən "Laypsiq"in daha qazanclı çıxdığını deyə bilərik.

"Borussiya"a gəldikdə, komandada itkilərin olduğunu vurğulamalıyıq. Dileyni və komandanın ən vacib fiqurlarından biri olan Aksel Vitsel bu oyunda çıxış edə bilmirdilər. Buna rəğmən, komanda əlinə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışdı. Xüsusən də, komandanın "irəli trio"sunu qeyd etmək istərdim. Torqan Azar, Ceydon Sanço və Marko Roys bir-birlərinə olduqca uyğun profildə futbolçulardı. Marko Roysun "saxta 9" rolunu əla icra etdiyini vurğulamaq lazımdı. Kapitan istər mərkəz xəttə, istər cinahlara kömək etməklə yanaşı, rəqibin mərkəz müdafiəçilərini də daim təzyiq altında saxlamağı bacarır. Bu oyunda da Ceydon Sançonun qolunda ("Borussiya"nın 3-cü qolu) onun böyük rolu var idi. İlk dövrəni 4-cü pillədə və lider "Laypsiq"dən 7 xal geridə başa vurmalarına baxmayaraq, Dortmund təmsilçisinin çempionluq şansları hələ də tükənməyib.
 


"Laypsiq" tarixinin ən yaxşı mövsümünü keçirir" - desək, hər halda, yanılmarıq. Yulian Naqelsman komandanın baş məşqçisi təyin olunandan bəri inkişaf gözlənilən idi, amma proseslərin bu qədər tez cərəyan etməsi, yəqin ki, əksəriyyət üçün gözlənilməz oldu. Komandanın irəli xəttdə alternativ olaraq Patrik Şik, Kunya, Nkunku, Kampl kimi futbolçuları var və bu, həm Bundesliqada çempionluq yarışını, həm də ÇL-də mübarizəni davam etdirən komanda üçün kifayət qədər böyük üstünlükdü. Məşqçi amilini də qeyd etmək olduqca vacibdi. Fikrimcə, komanda Bundesliqadakı ən yaxşı 2 məşqçidən birinə (digəri - Mönhenqladbah "Borussiya"sını çalışdıran Marko Roze) sahibdi.



OXŞAR XƏBƏRLƏR