"Dünya çempionatının 1/8 finalında meydandan qovulmaq Raykardın üstümə tüpürməyindən daha pis idi" - Rudi Föllerlə təkbətək

Rudi Föllerin "Socrates" jurnalına müsahibəsi: 
 
- Neçə yaşınız var?

- 36

- Sizin yaşıdlarınızda danışanda mövzu həmişə keçmişdən - Klinsman, Matteus, Brehme və Föller kimilərdən düşür. Keçən ilin mayında "Roma” rəsmiləri tərəfindən Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində "Liverpul”la keçirilən matça dəvət almışdım. Stadiona daxil olanda, 30-40 yaşlı insanlar "Rudi, səni izləmək çox gözəl idi” deyirdilər.

- Bircə dənə Rudi...

- Nə deyəcəyini bilirəm. Bircə dənə Rudi Föller var.

- "La Rocca”nın həmin mahnısı 2002-ci ildə çox dəbdə idi.

- Mənə aid olması çox gözəl idi, amma sonradan başqa cür hiss etməyə başladım. Hara getsəm, hamı eşitsin və oxusun deyə, o mahnını qoyurdular. Mən də qadağa qoydum.

- Hansı janrdakı mahnılara üstünlük verirsiniz?

- Mən 60-cı, 70-ci illərin, müharibə sonrasında Hanaunun peyzajını, həyatını dərk edən, amerika qışlarının uşağıyam. Amerika musiqisi mənə təsir edib. "The Temptations”la böyümüşəm. 20-30 yaşlarında 5 uşağım var və onların heç biri bu qrupu tanımır. Avtomobildə "The Temptations”u dinləyəndə narazılıq edirlər. Buna baxmayaraq, maşınımda qərarları mən verirəm.

- Adına mahnılar yazılan birisiniz. Özünüzü əfsanə hesab edirsinizmi?

- Əfsanə... - məncə, bu, ağır kəlmədi. Futbol oynamaq əfsanə olmaq üçün yetərlidimi?

- Sizə görə əfsanə kimdi?

- Bütün dövrlərin ən böyük adamı olaraq Məhəmməd Əlini deyə bilərəm. Mənə atamı xatırladır. Atamla münasibətlərimiz Əlinin döyüşləri sayəsində formalaşıb. 70-ci illərdə atam anamın etirazlarına və səhər dərsim olmasına baxmayaraq, Məhəmməd Əlini birgə izləmək üçün gecələr məni oyadardı.

- Sizcə, bu tip xatirələr indi də önəm kəsb edir?

- Həmin dövr başqa idi. İndi adını belə bilmədiyim boksçulara görə gecə yuxudan oyanacağımı düşünə bilmirəm. Əvvəllər Əli və Herd Müllerə qibtə edirdik. Müller də mənim üçün əfsanə idi. Almaniya 1974-cü ildə mundialı qazananda 14 yaşım var idi. DÇ bitən kimi küçələrə axışmışdıq - Müller olmaq üçün. "Bavariya"nın yüksəlişinin məhz Müllerlə bağlı olmasını anlamamaq mümkün deyil.
 


- 2000-2004-cü illərdə Almaniya millisinə rəhbərlik etmisiniz. 1990-cı ildə podiumun zirvəsində idiniz. 2002-ci ildə isə dünya ikincisi kimi kürsüdə yerinizi almışdınız. Karyeranızda ölkə çempionluğundan savayı, əskik qalan nədi?

- Dediyiniz kimi, təkcə Bundesliqa çempionu ola bilməmişəm, amma əvəzində, dünya çempionu olmuşam və 1993-cü ildə "Marsel”lə ÇL-i qazanmışam. Bunları heç nəyə dəyişmərəm. Məncə, Bundesliqanı qazanmaq hansı komandada oynamağınızdan asılıdı. İndi "Bavariya" ilə 5 illik müqaviləniz varsa, deməli, azı 4 dəfə çempion olacaqsınız. Amma 90-cı illərin komandası və qazandıqları çempionluqlar daha dəyərli idi, çünki o dövrdə intriqa və rəqabət var idi. Komandalar da maddi baxımdan, demək olar ki, eyni səviyyədə idilər. İndi isə "Bavariya” digərlərini çox qabaqlayır. Fikrimcə, onlar həsəd aparmalı olduğumuz bir şeyi bacarıblar.

- Nəyi?

- Maddi vəziyyətləri çox yaxşı olsa da, az səhvə yol verirlər. Məsələn, İngiltərədə xərclənən pulların qarşılığında səhv edən komandalar çoxdur Ancaq "Bavariya” öz potensialına uyğun futbolçular gətirməyi bacarır.

- Karyeranızın hansı anını silmək istərdiniz? Frank Raykardın tüpürməsini, yoxsa Valdemar Hartmanna qarşı işlətdiyiniz "weissbier” ifadəsini?

- Cavab verməzdən əvvəl bir mövzuya aydınlıq gətirə bilərəm? Üçü futbolçu illərimdə, biri də məşqçilik dövrümdə olmaqla, dörd dəfə Almaniya millisi ilə birlikdə mundiala yollanmıaşm və üç dəfə finala çıxmışam. "İlin futbolçusu" olmuşam və bombardir seçilmişəm. Amma nə vaxt alman dilində danışılan bir yerə gedirəm, insanlar ilk əvvəl Valdemar mövzusuna toxunurlar.
 


- Televiziya tarixinin əfsanəvi anlarından biri idi...

- Bununla barışmışam. Bir az düşünməli olsam, mənim üçün daha ağır məsələlər də tapa bilərəm. Məsələn, beş il əvvəl qızım Yunanıstanda tətildə olanda avstraliyalı oğlana aşiq oldu və indi Melburnda yaşayır. Buna görə həyat yoldaşımla hər il bir dəfə ora getməli oluruq. İki il əvvəl qızıma baş çəkməyə getdik. Taksiyə təzə minmişdik, sürücü ingiliscə Raykard mövzusunu açdı və onunla münasibətimizin necə olması haqda suallar verdi. Qısası, bu mövzu bu nəslin yaddaşında qalıb. Finaldakı penalti doğru idi?; Qayda pozuntusu var idi? - belə mövzular bir kənarda qalır, Raykardla insidentimdən danışırlar. Deyəsən, bu, həyatım boyunca məndən əl çəkməyəcək.

- Həmin oyunu düşünəndə özünüzdən çıxırsınız?

- Raykardın etdiyi xoş deyildi. Həmin an problemi aramızda həll edə bilsəydik, yaxşı olardı. Onsuz da, sonradan barışdıq. Məni əsas qıcıqlandıran məsələ meydandan qovulmağım oldu. Həmin hakim Xuan Karlos Loustao indi həyatda deyil, sadəcə, anlaya bilmədiyim tək şey niyə qovulmağım idi. "Hər iki futbolçunu da meydandan qovum, ara sakitləşsin" - hakim bu məntiqlə hərəkət etdi. Həqiqətən də, ara sakitləşdi, amma bu qərarla mən də bitdim. Dünya başıma yıxıldı. Mundialın 1/8 finalında meydandan qovulmaq Raykardın üstümə tüpürməyindən daha pis idi.
 


- Almaniya kimi, forvardlar yetişdirmək baxımından köklü ənənələri olan futbol ölkəsinin hazırda problemlə üzləşməsinin səbəbi nədi?

- Bu, ümumilli problemdir, amma mənim də Karl-Haynts Ridl və Yürqen Klinsman kimi klassik hücumçulardan olmadığımı xatırlamaq lazımdı.

- Buna baxmayaraq, saysız-hesabsız qolların müəllifi olmusunuz...

- O mənada yaxşı idim. Bizim nəslin oyunçu tipləri başqa idi. Hər nə qədər indi hücumçusuz tərzin daha faydalı olacağını düşünsəm də, gələcəkdə fikrimi dəyişə bilərəm.

- Klassik forvardların dövrünün bitdiyini demək olarmı?

- Gələcəkdə klassik forvardların yenidən olacağına əminəm. Ümumi olaraq oyunun tərzi dəyişib. Hazırda güclü və sürətli futbolçular qol vururlar. Müasir futbolun ən böyük sirri də elə budu. Buna görə də Mario Qomes və Sandro Vaqner kimi klassik hücumçular indiki sistemdə çətinlik çəkirlər.

- 1996-cı ildə, karyeranızı bitirdikdən sonra "Bayer Leverkuzen”in idman direktoru oldunuz...

- Başlanğıc üçün ideal mühit idi. Dörd il sonra daha artığını düşünərkən bir də ayıldım ki, milli komandanın başındayam (gülür).

- Almaniyanın sevimli Rudisi futbolçuların hörmət etdiyi və sözükeçən biri olmaqda çətinlik çəkirdimi?

- Mənim adım səndə olsa, sən də dünyanın sevimli Rudisi olardın. Buna öyrəşmişəm. Klubda yaşlı futbolçular sənli, mənli danışırlar. Yaşı az olanlar isə "siz” deyə xitab edirlər. Əslində, niyyətim onlarla dost olmaq idi. Fəqət, məni tanıyanlar fərqli tərəflərimin olduğunu da bilirlər. Lazım olanda sərt davranıram.
 


- "WhatsApp"dan istifadə edirsiniz?

- Övladlarım və futbolçular qədər olmasa da, istifadə edirəm. Bəzən o qədər mesaj gəlir ki, sadəcə başımı yelləyirəm. Arada sms və ya meyl yazmaq lazım gəlir, amma üz-üzə danışmağı daha üstün tuturam.

- 1990-cı ildə 24 komanda mübarizə aparırdı. İndi komandaların sayı 32-di, amma 2026-cı ildən etibarən bu rəqəm 48-ə çatacaq. Sizcə, futbolda limitlər aradan qalxır?

- Onsuz da, 30 ildi çarxların fərqli yöndə hərəkət etdiyini düşünənlər var. Bir şey demək çətindi. 10 il əvvəl gələcəkdə video-hakimdən və ya "goal line" texnologiyasından istifadə ediləcəyini kimsə desə, heç kim inanmazdı. Yenə də, bu yeniliklərdən heç biri geri ötürmə qaydasının ləğvi kimi inqilabi ola bilməz.

- Dediyinizi daha ətraflı izah edə bilərsiniz?

- Karyerası ərzində boş yerə qapıçının üstünə qaçan forvardlardan biri olmuşam. Qapıçılar gözləyərdilər və mən gəlib çatanda topu əllərinə alardılar. Beləcə, km.-lərcə boş-boş qaçardım. Buna görə də, kim bilir, neçə dəfə qapıçılara hücum etmək istəmişəm. Geri ötürmə qaydasının ləğvi həm həyəcanı artırdı, həm də ayaqla oynamaq qabliyyəti yüksək olan qapıçıların yetişməsinə səbəb oldu. Buna görə Noyer, Leno, Ter Şteqen və Trapp kimi qapıçılar yetişdi. Bu qaydanın ləğvi futbol üçün möcüzəvi önəm daşıyır.

Tərcümə: Əkbər Ağazadə


OXŞAR XƏBƏRLƏR