Dünya çempionunun bilinməyən tərəfi:

Dünya çempionunun bilinməyən tərəfi: "Şeir yazıram, bir neçə musiqi alətində ifa edirəm"

Şərq döyüş növləri üzrə dəfələrlə Dünya və Avropa çempionu adı qazanmış, əməkdar məşqçi, idman ustası Anar Süleymanov özü və karyerası haqqında maraqlı məqamları Sport7.az-la bölüşüb...

- Anar bəy, necə oldu ki, idmana könül verdiniz?
- Uşaq vaxtı idman yarışları və idmanla bağlı filmlərə baxmağı çox xoşlayırdım. Jan-Klod Van Dammdan, Brüs Lidən ilhamlandım və idmana başladım. (gülür)... Bira sıra şərq döyüş növləri ilə məşğul oldum. 

- Karyeranız ərzində hansı titulları qazanmısınız?
- Müxtəlif şərq döyüş növləri üzrə titullar qazanmışam. Kunq-fu üzrə Avropa çempionu, Avropa ikincisi olmuşam. Buda üzrə 3 dəfə Dünya çempionu adını qazanmışam. Kikboksinq üzrə bir sıra nüfuslu turnirlərin qalibi olmuşam. Hazırda isə Azərbaycan Kunq-fu Federasiyasında qızlardan ibarət yığma komandanın baş məşqçisiyəm. 
 


- Qarşıda nə kimi hədəfləriniz, planlarınız var?
- Peşəkar döyüşlərə qatılacağam. 

- Karyeranızı nə zaman bitirməyi düşünürsünüz? 
- Nə vax döyüşmək üçün yetərli gücüm olmadığını hiss etsəm, o zaman karyeramı bitirəcəm.

- İdmançı olmasaz hansı peşəni özünüzə daha uyğun hesab edərdiniz?
- Əvvəllər bankda işləmişəm. İdmanla paralel olaraq işləyirdim. Bu sektoru da çox sevirəm. Yəqin ki, elə bankda qalıb işləyərdim. 
 


- Məşğul olduğunuz idman növündən başqa ən bəyəndiyiniz idman növü hansıdır?
- Oynaya bilməsəm də, tennisi çox sevirəm. 

- Ən bəyəndiyiniz idmançılar kimlərdir?
- Bir çox idmançı bəyənirəm. Bunlardan biri Konor Makqreqor. Yerli idmançılarımızdan isə Kamil Şərifov, Eduard Məmmədov, Fuad Zeynalov, Hacı Əliyev, Rafael Ağayev və s. Kifayət qədər yaxşı idmançılarımız var ki, adlarını sadalamaqla bitmir. 

- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Musiqi ilə məşğul olmağı çox sevirəm. Bir neçə alətdə ifa edə bilirəm. Şeir yazmağı da çox sevirəm. 
 


- Ən sevdiyiniz məşğuliyyət hansıdır?
- Döyüşməklə yanaşı 15 ildən çoxdur ki, məşqçi kimi fəaliyyət göstərirəm. Dünya çempionu, dünya mükafatçısı, Azərbaycan çempionu adı qazanmış tələbələrim var. Döyüşçü karyeramı bitirdikdən sonra məşqçilik peşəmi davam etdirəcəm. 

- Xarakterinizdə ən bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətlər hansılardır?
- Özümdə bəyəndiyim xüsusiyyət odur ki, qətiyyən yaltağlığı sevmirəm. Bunu məni tanıyan insanlar da yaxşı bilir. Hətta düşmənlərim belə təsdiqləyər ki, xasiyyətimdə yaltaqlıq olmayıb, ola da bilməz. Heç kim əyilən insan deyiləm. Bəyənmədiyim xüsusiyyətim isə, aqressiyamı gizlədə bilmirəm. Məncə, bu səmimiyyətimdən irəli gəlir. Ancaq hərdən bu mənə karyeramda problem də yaradır. 

- Həyatınızı nə olmadan təsəvvür edə bilməzsiniz?
- Həyatımı idmansız təsəvvür edə bilmərəm. Düşünürəm ki, həyatımda idman olmasaydı mən olmazdım. Hansısa sahədə çalışardım, ancaq zəif kişi olardım. Düzdü, kişilik sadəcə fiziki güclə ölçülmür. Sadəcə mən özümü belə tanıyıram, idmansız həyatımı təsəvvür edə bilmirəm. 

Röya Kərimli
Sport7.az
 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR