"Edə biləcəyimiz başqa bir şey yoxdu" - MÜSAHİBƏ

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat katibi və "CBC Sport" kanalının əməkdaşı, tanınmış jurnalist Pərviz Musayevin Sport7.az saytına müsahibəsi...

- Pərviz bəy, karantin günləri necə keçir? İdman üçün, işiniz üçün darıxırsınızmı?
- Təbii ki, darıxırıq. İşə öyrəşmiş insan üçün uzun müddət evdə oturmaq çətindi. Amma istənilən halda edə biləcəyimiz başqa bir şey də yoxdu. İndiki məqamda "palaza bürün, elnən sürün" prinsipi əsasında davranmaq məcburiyyətindəyik. "CBC Sport" kanalında hər həftənin beşinci günü "Türkiyədən futbol" verilişi var. Həmin proqram üçün işə gedirik. Düzdü, məlum məsələlərə görə xəbər qıtlığı yaşayırıq, amma istənilən halda boşluğu müəyyən qədər doldurmağa çalışırıq. Ən azı Türkiyədən telefon bağlantısıyla, onların mətbuatında yayımlanan xəbərlərlə verilişi həmkarım Elçin Cəfərovla birlikdə tamaşaçılara təqdim edirik. Futbolsuzluq dövründə "CBC Sport"da 2000-ci illərin əvvəllərindən İtaliya A seriyasının və İspaniya La Liqasının oyunlarını şərh edib səsləndiririk. Adama bir oyun düşür. Bax belə... İndiki məqamda "CBC Sport"da fəaliyyət bunlarla məhdudlaşır. Təbii ki, bu azdı, ancaq boşluğu belə doldurmağa çalışırıq.

- Federasiyada işlər necə gedir? Bu ilə planlaşdırılan hansı yarışlar təxirə salındı? 
- Velosiped federasiyasında karantin dövrünün tələblərinə uyğun olaraq heç kim işə çıxmır. Aprelin 20-nə qədər olan karantin dövrü əgər uzadılmasa, işə çıxacağıq, yox, əgər bu müddət uzadılacaqsa, tələblərə əməl etmək məcburiyyətindəyik. Biz Novruz bayramına qədər federasiyada işlədik. Ancaq həmin vaxtlar yarışların keçirilməsiylə bağlı qadağalar tədbiq olundu. Biz də daxili yarışları və yığma komandanın ölkə xaricindəki yarışlarını təxirə salmaq məcburiyyətində qaldıq. "Bakı şəhər kuboku", "Federasiya kuboku", mərhələ yarışları və milli komandanın Türkiyə, Mərakeş yarışları planlaşdırılmışdı. Eyni zamada may ayında Ukraynada yarış olmalı idi, ancaq hamısı təxirə salındı. Çünki Beynəlxalq Velosipedçilər İttifaqının qərarı ilə iyun ayının 1-ə qədər bütün yarışlar təxirə salınıb. Qeyd etdiyim kimi, Velosiped federasiyasında karantin dövrüdü, işə çıxmırıq. Bu tələbə əməl eləmək məcburiyyətindəyik. Bu virus səngisə, daxili yarışları keçirə bilərik. Ancaq yenə də hər şey ümumi durumdan asılıdı.

- İdmançıların məşq prosesi necə aparılır?
- Dediyim kimi, bir xeyli daxili yarışlarımız təxirə salındı. Məşqə gəlincə isə, hamı necə, bizim idmançılar da elə. İdmançıların hər birinə velosipedsürmə qurğusu verilib. Hamısı ev şəraitində məşqçilərin tapşırıqlarına uyğun olaraq məşqlərini davam etdirirlər. Velosipedin kiçik üstünlüyü ondan ibarətdi ki, həmin sürmə qurğusunun üstünə velosipedi yerləşdirib sürürlər, hərəkət edirlər. Digər idman növlərində idmançıya meydança, tatami lazımdı. Velosipedçiyə isə həmin sürmə qurğusu kifayət edir. Gün ərzində bir neçə saat məşqlərini davam etdirirlər.

- Koronavirus pandemiyası ilə bağlı fikir ayrılığı yaranıb. Bir çoxu aşırı ciddi, bir çoxu qeyri-ciddi və ya siyasi məsələ kimi yanaşır. Bəs hazırki vəziyyətlə bağlı siz nə düşünürsünüz?
- İndiki durumla bağlı çox şeylər deyilir. Biri deyir idarəolunan virusdu, digəri başqa bir şey. Bu məsələrlə bağlı çalışıram çox da təfərrüata varmayım. Çünki bunlar insanın psixoloji duruma təsir edən məsələlərdi. Hazırda edə biləcəyim və etdiyim sadəcə karantin qaydalarına əməl etmək, özümü, ətrafımı qorumaqdı. Hər kəsə də sadəcə olaraq onu tövsiyyə edə bilərəm ki, özlərini qorusunlar. Hər nədisə, idarəolunan, qəsdən yayılan və ya pandemiyadı, bunlar ikinci dərəcəli məsələlərdi. Vacib olan hər bir kəsin özünü qorumasıdı. Çünki istəməzdim ki, kimsə bu xəstəlikdən əziyyət çəksin. Düzdü, yoluxmaların sayı artır, ancaq yenə də Allah hamını qorusun. Təki özümüzü qoruyaq və bu məsələlərdən mümkün qədər az itkiylə çıxaq. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR