Əfqan Həmzəyev:

Əfqan Həmzəyev: "Azərbaycan yığması hakimin ucbatından 3 xalı itirdi"

Millimizin Xorvatiya ilə matçındakı hakim idarəçiliyi birmənalı qarşılanmadı. Xüsusən də qapımıza təyin olunan penalti məsələsində. Bu üzdən idarəçiliklə bağlı təcrübəli mütəxəssis fikri öyrəndik.

Sabiq FİFA referisi Əfqan Həmzəyev Sport7.az-a açıqlamasında maraqlı fikirlər səsləndirdi. Əfqan bəy Xorvatiya ilə matçda baş hakim Sandro Şörerin nəticəyə təsir edə səhvə yol verdiyini bildirdi: "Avropa çempionatının seçmə oyunu üçün ümumi hakimlik zəif idi. Hakim oyunun nəticəsinə təsir edən böyük bir səhvə yol verdi. Azərbaycan yığması hakimin ucbatından 3 xalı itirdi. O penaltini demək olar özündən uydurdu. Orada əllə oyun yox idi. Futbolçu bilərəkdən əllə oynamamışdı. Top oyunçunun çiyninə dəymişdi. Hakim epizoda yaxın olsa da düzgün qərar vermədi. Onu qoluna dəymiş kimi qiymətləndirdi. Əslində referi epizoda yaxın olsa da qarşısı kəsimişdi və onu görmürdü. Sadəcə xorvatiyalı oyunçuların etirazından sonra penalti qərarı verdi. Bizdə belə bir deyim var, "səsə verdi". Oxşar hal yaşandı. Hesab edirəm ki, böyük səhvə yol verən hakimə görə millimiz 3 xalı itirdi. Oyunboyu səhv qərarları vardı. Bəzi məqamlarda aşkar cərimə zərbələri olsa da heç nə demirdi. Ancaq olmayan cərimə zərbələrini təyin edirdi. Hansı ki, buraxıla bilərdi. Avropada belə şeylərə görə oyunu dayandırmırlar".

Həmzəyev ofsayd qərarları ilə bağlı bunları söylədi: "Ofsayd qərarlarına gəlincə, hesab edirəm ki, doğru idi. Heç birində yanlışlıq görmədim. Ən böyük səhv penalti qərarı ilə bağlı oldu, bu da oyunun nəticəsinə təsir etdi. Baxın hakimin 2 cür səhvi olur. Birinci, oyunun hesabına təsir edən səhv. Məsələn hesab olmazdı 4:1, olardı 3:1. Fərq çoxdu. Hakim-inspektorun yekunda verəcəyi qiymət buna əsasən formalaşır. Bir də var oyunun  yekun nəticəsinə təsir edən səhv. Baxın Azərbaycan yığması 1:0 hesabı ilə qələbə qazanmalı idi, ancaq 1:1 oldu. Bu daha böyük səhvdi. Ancaq 3:0 və ya 4:0 olsa hesaba təsir edən səhv kimi qiymətləndirirlərdi. Nəticəyə təsir etmək bir komandanın taleyi ilə oynamaqdı. Bu daha böyük səhv sayılır və belədə hakimin qiyməti birmənalı şəkildə 7,9-dan yuxarı ola bilməz. Deyirlər ki, yeni qaydalara görə penalti verilir. hansı qaydalardan söhbət gedir? Yeni qaydalarda demir ki, top futbolçunun çiyninə dəyəndə penalti qərarı çıxarılsın. Qaydalarda deyilir ki, normal vəziyyətdə, əl açıq şəkildə olarsa və futbolçu istəmədən belə topa toxunarsa bu penalti sayılmalıdı. Amma burada topun ələ təması yoxdu. Top çiyinə dəyir və aşağı düşür. Hətta top çiyinə dəyib, daha sonra ələ dəyirsə, yenə penalti sayılmır. Çünki çiyinin davamıdı. Top əvvəlcə başa, daha sonra ələ dəyirsə yenə penalti olmamalıdı, çünki başın davamıdı. O cümlədən top ayağa və daha sora ələ dəyərsə, eyni hal, penalti qərarı verilməməlidi, çünki ayağın davamıdı. Kim yeni qaydaları əsas gətirib, ağlına gələni danışır, bilmirəm, amma dünənki oyunda əldən ümumiyyətlə söhbət getmirdi. Sadəcə, millimiz hakimin kobud səhvi ucbatından 3 xalı itirdi".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR