Əfqan Həmzəyev:

Əfqan Həmzəyev: "O bədbəxt, bilmirdi ki, hakim bunların xeyrinə penalti verib"

Azərbaycanın tanınmış hakimlərindən olan Əfqan Həmzəyev Premyer Lİqanın 3-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Sumqayıt" matçındakı idarəçiliklə bağlı danışıb.

Əfqan bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Qaydaların birmənalı yozumu sıfır dərəcəsindədi. Səbuhi Bayramov gəncdi. Ola bilər ki, qaydaları səhv dəyərləndirsin. Ancaq hakimlərin hamısında bu müşahidə olunur. Bir qayda pozuntusu ilə bağlı 5 hakimin hərəsi müxtəlif qərar çıxarır. Problem də bundadı ki, qərarların birmənalı izahı yoxdu. Səlahət orada nə edirdi ki? Əvvəla qayda pozuntusu birmənalı şəkildə Səlahətə qarşı idi. Oyunçu qapıçıya topu tutmaq üçün mane olurdu. Hansı ki, həmin an qapıçın ayaqları havada idi. Yerdə olsaydı, çiyin-çiyinə mübarizə apara bilərdilər. Oyunçu topu tutmaq üçün havaya tullanan qapıçıya toxunmuşdu. Sarı vərəqə birmənalı şəkildə əks istiqamətə verilməli idi. Səlahət isə topu tutandan sonra rəqib oyunçunun başın sığalladı. Onu vurmadı, üzərinə yerimədi, hücum çəkmədi, üz-üzə dayanmadı, aqressiya, sərt hərəkət olmadı. Belədə hansı penaltidən və sarı vərəqədən söhbət gedə bilər? İngiltərədə qapıçı topu tutandan sonra hücumçunu əli ilə itələyir yıxır. Ancaq hakimlər davam işarəsi verir. Belə penalti olur? Cərimə meydançasında açıq aydın rəqib futbolçuya kobudluq edilir, qeydə alınmır, bilərəkdən oyunçunu tutur, yenə də sarı vərəqə vermir. Belə halları çox sadalamaq olar. Hakim oyunun ipini əldən buraxmışdı. Sondakı qırmızı vərəqələr hamısı hakimin buraxdığı səhvlərin nəticəsi idi. Sonradan yığıb yığışdıra bilmədi. Həmin epizodu da sizə izah edim. Baxın, hakim fitini səsləndirdi. Həmin vaxt o müdafiəçi hakimə qaydanı pozmadığına görə etiraz edirdi. Yəni, penalti istəmirdi. Elə bildi qayda pozuntusunu əks istiqmətə verib, ona görə də başını tutdu ki, "sən nə edirsən?". Halbuki o bədbəxt, bilmirdi ki, hakim bunların xeyrinə penalti verib və qapıçını sarı vərəqə ilə cəzalandırıb (gülür). Heç nədən xəbərsiz, öz hayında idi. Hadisələr də burdan başladı. Ümumiyyətlə həmin vaxt ordakılar, nə Səlahət, nə "Sumqayıt"ın müdafiəçisi, nə də azarkeşlər baş verənləri anlamadı. Hakim qəfil topu gətirib qoydu penalti nöqtəsinin üzərinə. Bilirsiz, bu biabırçılıqdı, dəhşətdi. Hakimlər Komitəsinin gördüyü "yüksək səviyyəli işlərin" nəticəsidi. Gələn dəfə "daha yaxşı olacaq" (gülür)". 

Sabiq FİFA referisi sözlərinə bunu da əlavə etdi: "Birinci hissədə qərarların demək olar 90 faizi "Sumqayıt"ın lehinə idi. İkinci hissə başlayanda, sanki kimsə hakimi dəyişdirmişdi. Elə bil ona nəsə demişdilər, yaxud, fasilədə hakimin otağına girib başa saldılar ki, "a kişi sən nə edirsən?". Bundan sonra üzü döndü. Birinci hissədə "Sumqayıt"ın xeyrinə nə qədər fit səsləndirmişdisə, ikinci yarıda o qədər əlehinə qərarlar verdi. Tamamilə başayaq hakimlik idi. Yazıq heç özü də nə etdiyini bilmirdi. İndi bilirəm ki, bu qərarına görə onu "Neftçi"nin adından qorxmadı, Səlahətə vərəqə verdi!" deyib, qəhrəman edəcəklər. Bu, sadəcə, biabrçılıqdı. "Qorxmadı" nədi? Qaydaları oxumaq və oyunda tətbiq etmək lazımdı. Çıxıb televizorda ağızlarına gələni danışırlar. "Mançester Yunayted"in, "Tottenhem"in oyunarınındakı hakimliyi analiz edirlər. Halbuki bu oyunlara fikir bildirmək lazımdı. Telekanallarda Azərbaycan çempionatının oyunlarını göstərib analiz etmək lazımdı. İngiltərə bizə lazım deyil, onlar öz dərdlərini özləri çəkirlər. Nəyə görə bizim epizodlar izah olunmur, göstərilmir? Deməli lazım deyil".

Həmzəyev heç kimin haqqına girmədiyini də bildirdi: "Azərbaycanda hakimlikdən demək olar ki, təkcə mən danışıram. Başqa heç kim fikir bildirmir. Ancaq elə bilirlər ki, kiminsə haqqına girirəm, bilərəkdən belə danışıram. Düzü düz, əyrinin də əyri olduğunu deyirəm. "Neftçi" - "Sumqayıt" oyununda hakimin düzgün qəbul etdiyi qərarlar da var idi. Məsələn sonda Krivotsyukla Vurğuna qırmızı vərəqə göstərilməsi düzgün qərar idi. Haqlı idi hakim. Bəlkə də başqa hakim olsa gəlib futbolçuları ayırardı və hər ikisinə sarı vərəqə göstərməklə kifayətlənərdi. Çünki oyunun sonu idi. Ancaq Səbuhi düzgün addım atdı. Səhv varsa qeyd etməliyik, burda heç bir problem yoxdu".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR