Azərbaycanlı futbol azarkeşləri 28 may Respublika
Günündə keçiriləcək futbol bayramından məhrum edilib.
Sport7.az xəbər verir ki, PFL AFFA-nın müraciəti əsasında
Premyer Liqanın və ölkə kubokunun təqvimində
dəyişiklik edilib. Bununla bağlı PFL-in rəsmi saytında məlumat yerləşdirilib.
AFFA milli komandanın Türkiyə ilə mayın 27-nə nəzərdə
tutulan yoxlama oyunu ilə bağlı təqvimdə dəyişiklik etməyi xahiş edib. Ölkənin əsas
yığmasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq
münasibətləri baxımından vacib olduğunu nəzərə alaraq, PFL premyer-liqanın son
iki turunun və ölkə kubokunun final qarşılaşmasının vaxtını dəyişib. 27-ci
turun qarşılaşmaları mayın 14-nə, çempionatın son həftəsi isə 5 gün sonraya,
daha dəqiq desək, 19-na təyin olunub. Ölkə kubokunun final görüşü əvvəlcədən nəzərədə
tutulduğu kimi mayın 28-də yox, 24-də baş tutacaq.

İllərdi ki, PFL-in həlledici görüşü Respublika
Gününə təyin etməklə bayrama bayram qatmağa çalışırdı. Əvvəllər Respublika
stadionunda keçirilən final oyunlarına ölkənin ən tanınmış müğənniləri dəvət
olunur, PFL-in hazırladığı möhtəşəm proqram izləyən hər kəsin ürəyincə olurdu.
Belə finalların birində Respublikamızın Dövlət Himni Azərbaycanda çıxış edən
legionerlər tərəfindən səsləndirilmişdi. Başqa bir final zamanı üçrəngli
bayrağımız paraşütlə düz meydanın mərkəzinə endirilmişdi.
Sanki bu cür təntənə AFFA-nın qısqanclığına səbəb
oldu, "boz bina”dakı idarəçilər hər vasitəylə azarkeşləri futbol bayramından məhrum
etməyə çalışdılar. 2018-ci ildə millimizin Qırğızıstanla keçirəcəyi yoxlama
görüşü mayın 29-a təyin edildi. Həmin vaxt PFL kubokun final oyununun tarixini
dəyişmədi. Belədə Qurban Qurbanov qırğızlara qarşı oyunu finalçı "Qəbələ” və "İnter”in
futbolçuları olmadan ötüşdürdü. Bu dəfə AFFA istəyinə çatdı və kubokun final
qarşılaşmasının tarixi dəyişdirildi.
Bizə qalan təəssüflənmək və ötən illərin
nostalgiyasına boylanmaqdı...