"Əlbir olub bir ayı bir şir ilə"

Berti Foqtsun hoqqaları zirvə həddinə çatıb. Sport7.az millimizin Avropa çempionatının növbəti iki oyununa dəvət alan və almayan futbolçular ətrafında təhlil aparıb.

Dmitri Nazarov, İlter Taşkın və Rüfət Dadaşovun çıxış etdiyi klublara nəzər salaq. Braunşveyq "Ayntraxt"ının əvəzedici komandasının şərəfini qoruyan İlter Taşkın II Almaniya Bundesliqasının əsas komandası səviyyəsinə yüksələ bilmirsə, onun yığma komandamızda nə azarı var? Milli komandamızın heyətində "Xəzər Lənkəran", "Neftçi" və ya "Qarabağ"ın əvəzedici heyətinin oyunçusunu heç təsəvvür edirsiniz?

Rüfət Dadaşov Almaniyanın 4-cü divizionunda günlərini keçirən "Saarbrükken"in ehtiyat oyunçular skamyasının əvəzolunmaz simalarından sayılır. Ölkəmizdə 4-cü divizion yoxdu. Bunu da müqayisə edək Azərbaycanın I divizionunda qələbə üzünə həsrət qalan "Göyəzən"in hücumçusu Adil Tağıyevlə. Nə olub ki, Tağıyevə? Son turda Adil heç olmasa 2 qol vurub.

Elə Dmitri Nazarov da "Karlsrue"də əsas heyət üzvü deyil.  

Milliləşdirilmişlərdən söz düşdükdə, Abdulla Abatsiyevi unutmaq olmaz. Lakin bu barədə bir qədər sonra. Çünki yuxarıda qeyd etdiyimiz "trio"nu birləşdirən bir məqam var və buna diqqət yönəltməmək olmur. Hər üç futbolçu Almaniya klublarında çıxış edirlər və almanca danışırlar. Bəh-bəh-bəh. Sən demə AZƏRBAYCAN millisinə dəvət almaq üçün dövlət atributumuz sayılan bizim yox, alman dilini bilmək daha önəmlidi.

Bədbəxtin balaları Mahir Şükürov və Vaqif Cavadov isə almanca bilmirlər. Deməli, millidə onlara yer yoxdu? Əslində digər azərbaycanlı futbolçular da almancanı bilmirlər. Həqiqət bundadır ki, yığmamızın Rusiya ilə yoxlama görüşündən sonra Şükürov və Cavadov milliyə calaq olan "almanlar"ın səviyyəsinin 1 nömrəli komandamıza dəvət almayan yerlilərdən aşağı olduğunu söyləmişdilər. Foqts Türkiyədə çıxış edən futbolçularımızı dərhal cəzalandırmadı. Əvvəlcə Bolqarıstanla oyunda məğlubiyyət və sonrakı 2 oyuna cəza. 

İndi də daha bir müəmma haqda. "İnter"in dayaq yarımmüdafiəçisi Abdulla Abatsiyev klubunda əsas heyətə düşə bilmir. "Bankirlər"in baş məşqçisi Kaxaber Tsxadadze mütamadi olaraq Coşqun Diniyevə şans verir. Rusiyada heç kimin tanımadığı, lakin bəh-bəhlə milliləşdirilən Abatsiyevin hansı xidmətlərinə görə milliyə dəvət almasına heç kim ağıllı cavab verə bilməz.

Görünən budur ki, Foqtsun milliləşmiş futbolçuları dəvət etməkdə şəxsi maraqları var. Tək Foqtsunmu? Təsəvvür edirsiniz ki, AFFA rəhbərliyi onun bu hoqqalarından xəbərsiz ola bilər? Necə də gözəl yerinə düşür: "Əlbir olub bir ayı bir şir ilə..." 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR