Elmar Məmmədyarov İcraiyyə Komitəsindən də ayrılır? - AFFA-dan açıqlama

Elmar Məmmədyarov İcraiyyə Komitəsindən də ayrılır? - AFFA-dan açıqlama

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elmar Məmmədyarovun Xarici İşlər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Digər sərəncamla Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edilərək Xarici İşlər naziri təyin edilib.

Bildiyiniz kimi, Elmar Məmmədyarov həm də AFFA İcraiyyə Komitəsinin üzvüdür. 

Maraqlıdır, bu sərəncamdan Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsində vəzifəsinə davam edəcək, yoxsa qərar onun bu postunu da itirməsinə səbəb olacaq?

Sualımıza AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla cavab verdi.
 
Qurum rəsmisi Sport7.az-a açıqlamasında bildirdi ki, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri hesabat seçki konfransında seçilir və mandatın müddəti 4 ildir:
 
"Yadınızdadırsa, AFFA-nın sonuncu hesabat konfransı bu ilin yanvar ayında olub və İcraiyyə Komitəsinin indiki üzvləri həmin konfransda seçilib. Təbii ki, onların mandat müddəti də 4 ildir. Əgər hər hansısa üzv özü bu və ya digər səbəbdən könüllü şəkildə İcraiyyə Komitəsi üzvlüyündən istefa verməsə, onun digər təşkilatda, hər hansısa strukturda tutduğu vəzifədən ayrılması İK üzvlüyündən çıxması anlamına gəlmir. Elmar müəllim Xarici İşlər naziri vəzifəsindən azad olunduğuna görə AFFA-nın İcraiyyə Komitəsi üzvlüyünü davam etdirməyəcək deyə bir şey yoxdur. Üstəlik, Elmar müəllim İK-da Xarici İşlər naziri kimi təmsil olunmur, onun namizədliyi Azərbaycan Futbolsevərlər İctimai Birliyi tərəfindən irəli sürülmüşdü və həmin təşkilatın təmsilçisi kimi AFFA-nın nizamnaməsinə uyğun olaraq İcraiyyə Komitəsində təmsil olunurdu. Yəni, AFFA-nın İK üzvləri hər hansı digər strukturdan ayrılırsa, bu o demək deyil ki, həmin şəxsin İK-daki fəaliyyəti də başa çatır". 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR