Elşad Əhmədov:

Elşad Əhmədov: "İlk oyun futbolçularda müəyyən arxayınlıq yaratmışdı"

Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Keşlə”yə 0:1 məğlub olan "Sabah”ın baş məşqçisi Elşad Əhmədov matçsonrası mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, 49 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb: "İlk 45 dəqiqə ərzində müəyyən epizodlarda biz, bəzi hallarda isə qonaqlar topa nəzarət etdi. Hissənin sonunda buraxdığımız qol oyuna öz təsirini göstərdi. Fasilədən sonra dönüş yaratmağa çalışdıq. Daha çox cinahlardan hücum qurmağa çalışdıq. Rəqib azlıqda qaldıqdan sonra isə böyük qüvvətlə müdafiəyə çəkildi və biz həmin xətti yara bilmədik. "Keşlə”ni təbrik edirəm. Növbəti oyunlarda buraxdığımız səhvləri təkrarlamamalıyıq".

- Doğrudu, ilk 45 dəqiqənin müəyyən vaxtını topa nəzarət komandanızın tərəfində idi. Lakin fasiləyədək rəqib qapısına bir zərbə belə endirmədiniz...
 
- Tapşırıq belə idi ki, topa daha çox nəzarət edək. Əsas ümidlərimiz Ulisse Dialloya idi, amma o, özünü göstərə bilmədi və fasilədə əvəzləndi. Eyni zamanda, razıyam ki, ilk 45 dəqiqədə rəqib qapısı ağzında təhlükə yarada bilmədik.

- İlk turda "Neftçi”yə qarşı oyununuzdan əsər-əlamət yox idi...
 
- Oyun oyuna bənzəmir. Komandanın stabil dəst-xətt nümayiş etdirməsi üçün illər lazımdır. Bununla yanaşı, ola bilər ki, ilk oyun futbolçularda müəyyən arxayınlıq yaratmışdı. Bəlkə də bunun cəzasını çəkdik. Hərçənd, 3 gün əvvəl futbolçularla söhbətdə, ötən il ilk turdan sonrakı matçda evdə "Sumqayıt”a məğlubiyyətimizi xatırladaraq, analoji səhv etməməyi tapşırmışdım.

- Adətən komandalar futbolçu qıtlığından şikayətlənir, sizdə isə əksidir. Heyətin geniş olması problem yaratmır?
 
- Deməzdim ki, bizdə artıq futbolçu var. Cəmi iki tur arxada qalıb, iki futbolçumuz sıradan çıxıb. Çempionat uzun marafondu, bunu nəzərə almalıyıq. (sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR