"Elxan Məmmədov elə özü milliyə baş məşqçi olsun" - SORĞU

Azərbaycan milli komandasında daha bir dönəm başa çatdı. AFFA-nın İcraiyyə Komitəsi bugünkü iclasından sonra Nikola Yurçeviçi yığmamızın baş məşqçisi postundan istefaya göndərdi. 

"Dəyişdiyi məşqçilərin sayı qrupda yığdığı xal sayından çox olan millimiz bu dəfə kimə tapşırılacaq?" Artıq futbol camiəsini maraqlandıran sual bundan ibarətdir. 

Elə bunu nəzərə alaraq Sport7.az sorğu keçirdi. Futbolumuzu başında duranlardan daha çox sevib, daha ürəkyandıranlar millimizin başında kimi görmək istədiklərini açıqladılar.

Kənan Məstəliyev ("Rekord.az" saytının baş redaktoru): "Bu gün üçün Yurçeviçin göndərilməsi doğru qərardır. Əslində, onun gətirilməsi səhv idi, bunu anlamaq üçün isə bir il və bir seçmə mərhələ gərək oldu. Həmişə qeyd etmişəm, Nikola Yurçeviç yaxşı məşqçi idi, ancaq bizə baş məşqçi lazımdır. Millinin baş məşqçisi olacaq şəxsin xarizması, nüfuzu olmalı, necə deyərlər, ağırlığı ilə sözü keçməlidir. Yurçeviç isə sadə bir futbol adamı, mütəxəssisi idi. Gördüyü işə də, onun nəticəsinə də hamılıqla şahidlik etdik.

Yerinə gələcək şəxsin kimliyinə gəlincə, prinsip etibarilə kimin gəlməsinin heç bir fərqi yoxdur. Gələn özüylə Avropa səviyyəli 20-30 futbolçu gətirməyəcək ki, oynatsın. Yenə həmin əliyevlər, vəliyevlər, məmmədovlar, həsənovlar meydana çıxacaq, yenə onlardan mədət umacağıq. Ona görə də perspektiv vəd edən yerli məşqçilərdən birinə şans verilməlidir. Əcnəbi mütəxəssis həm böyük xərc deməkdir, həm də nəticə aşağı-yuxarı elə eyni olacağından dağa-daşa düşməyə ehtiyac yoxdur. Amma bu, bizim istəyimizlə deyil. Çünki məndə olan məlumata görə, federasiya artıq Balkanlar istiqamətində axtarışa çıxıb ordan məşqçi gətirməyi planlaşdırır".

Hüseyn Cəbrayıloğlu ("Xəzər Lənkəran" klubunun sabiq mətbuat katibi): "İstənilən halda, kim gəlsə belə dəyişiklik olmayacaq. Uzağı son mərhələdə 1 xal yığdıq, yeni gələn də 3 xal yığar. Ölkə futbolu tamamən üfunət iyi verir və kompleks tədbirlər görülməlidir. Biz sadəcə illəri və on illəri itirə-itirə gedirik".

Rəşad Ergün ("Komanda.az" saytının baş redaktoru): "Azərbaycan milli komandasını yerli mütəxəssislərdən birinə tapşırmaq lazımdır. Onsuz da bu komanda ilə nəyəsə nail olmaq mümkün deyil. Özümüzü aldatmayaq, ya da futboldan anlayışı olmayanlar nə qədər istəsələr, özlərini aldada bilərlər, aldatmağa icazə verərlər. Sosial şəbəkədə Robert Prosineçkinin adı çəkilir. Niyə? DÇ-2018-də 10 xal tolpadığı üçün? San Marinonu iki oyunda məğlub etdiyi üçün Prosineçkinin ətəyindən yapışmaq nə dərəcədə məntiqli, ağıllı addım olar? Və əlimizi vicdanımızın üzərinə qoyaq: Yurçeviçli milli komandanın da yer aldığı qrupda Xorvatiya, Slovakiya, Macarıstan, Uels kimi rəqiblərdən birinin əvəzində San Marino olsaydı, biz AÇ-2020-nin seçmə mərhələsini 1 xalla başa vurardıqmı? Sadəcə, bir xorvatın bəxti gətirmişdi, digərininki gətirmədi. Bir daha deyirəm, milli komandanı yerli məşqçilərdən birinə tapşırıb, "nə xal qazandı, qazandı, min bərəkət" demək gərəkir. Bizim problemimiz əsas milli komandaya kimi olanlardır, onları həll etmək, üzərində baş sındırmaq lazımdır".
 


Elman Cəfərli ("Cümhuriyət" qəzetinin redaktoru): "Təbrizin "Traktor" klubundan ayırlandan sonra türkiyəli mütəxəssis Mustafa Dənizli işsizdir. Onu dəvət etmək olar. Amma ən yaxşı namizəd hazırda kazanın "Rubin" klubunda idman direktoru olan Qurban Berdıyevdir. Məncə, o, Azərbaycan yığmasında uğur qazana bilər".

İlkin Abbasov (Sosial şəbəkə fəalı, futbol azarkeşi): "Qurban Berdıyev... Bugünkü gənc komandaya zəhmli, eyni zamanda əlində olan materialla maksimum nəticə verə biləcək baş məşqçi lazımdır. Üstəlik Berdıyev bizim mentaliteti yaxşı bilir. Həmçinin inanclıdır. Milli komandanın üzvlərinin əksəriyyətinin inanclı olması onlarla dil tapmağa rahatlıq yaradacaq. Və ən əsası Berdıyev digər məşqçilərdən fərqli olaraq tapşırıqla oturub-duran deyil. Yox, əgər yerli məşqçi təyin olacaqsa, Şahin Diniyev gəlsin. Diniyev ölkənin ən güclü baş məşqçilərindən biridir və hazırda işşizdir. Futbolçuları yaxşı tanıyır. Amma AFFA-da köklü dəyişiliklər baş verməsə, kimin təyin olunması önəmli deyil. Əsas yanaşmanın dəyişməsidir. Bütövlükdə futbola yanaşma dəyişməlidir. Əgər bu baş verməyəcəksə, elə Elxan Məmmədov özü baş məşqçi olsun".

Kamran Əsədov (Tarixçi-alim): "İlk növbədə qeyd edim ki, Azərbaycan və dünya futbolunu çox yaxından izləyirəm. Burada təkcə başı dəyişmək lazım deyil, yəni, baş məşqçini dəyişməklə iş bitmir. Komandaya yeni oyunçular lazımdır. Axı toplananların yerini dəyişəndə, cəm dəyişmir. Yaxşı olar ki, futbol çempionatlarının inkişaf etdiyi ölkələrdən kimsə gəlsin. Şərt deyil ki, A liqasında olsun, misal üçün İngiltərənin, Almaniyanın B liqasında çalışmış məşqçi də olar. Çünki onlar özlərini təstiqləmək üçün yaxşı nəticədə maraqlı olacaqlar. Təəssüf ki, nizam və ciddilik baxımdan millimiz çox xoşagələn səviyyədə deyil. Bizə bu işi ciddi və sərt şəkildə görə biləcək adam lazımdır. Yəni oyunçuları hətta cəzalandıracaq biri lazımdır. Tək məşqçi ilə iş bitmir, onun məşqçi komandası olmalıdır. Amma o komandaya yerli mütəxəssis daxil etmək olmaz. 

Bu gün azarkeş millidən haqlı olaraq küsüb. Heç bir yerli məşqçi onu qaldıra, azarkeşi barışdıra bilməz. Çünli milli çempionatımızın səviyyəsi ilə dünya və Avropada uğur əldə etmək olmaz. Digər tərəfdən Türkiyədən məşqçi gətirilməsinin tərəfdarıyam. Bildiyim qədərilə, Mustafa Denizli "Traktor"dan ayrılıb. Onu dəvət etmək olar. Düşünürəm ki, bu dəfə Türkiyədən məşqçi dəvət etsək, nəticəyə müsbət təsir göstərər. Əsas isə, yeni heyətin yığılmasıdır".
 
Müşviq Məmmədov (Azarkeş): "Yurçeviçin yerinə kimin gəlməsindən asılı olmayaraq, birinci növbədə ölkədə münasibəti dəyişmək lazımdır. Qurban Qurbanov gələndə 6 illik müqavilə bağlandı, o da uzunmüddətli strategiya hazırladı, həmsindaki ilk illərdə nəticə tələb olunmamalıydi. Nəticədə AFFA-da oturan "ağıllılar" öz bildiyini elədilər. Uzun illərdi eyni yerdə eyni işi görən yarıtmaz adamlar kimi gətirir gətirsin, nəticə dəyişməyəcək".

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunub. Onunla həmin vaxt 1 illik müqavilə bağlanılıb. Yurçeviçin rəhbərliyi altında millimiz AVRO-2020 seçmə qrup mərhələsində 1 xal toplayaraq qrup sonunçusu olub. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR