"Əməkdaşların maaşını borc almaqla ödədim" - İdman mətbuatı çətin durumda

İtaliya hökuməti koronavirus pandemiyasının yaratdığı problemlər səbəbindən maddi yardıma ehtiyacı olan peşə sahibləri sırasında yer alan idman jurnalistlərinə aylıq 600 avro ödəniş edəcək.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası bildirib ki, karantin vəziyyəti ilə əlaqədar olaraq bəzi idman jurnalistləri vəzifələrini yerinə yetirə bilmədikləri üçün ödənişlərin növbəti aylarda da həyata keçiriləcəyi istisna deyil.

Maraqlıdı, bəs bizdə vəziyyət necədi? Saytların, qəzetlərin maddi durumu necədi, əməkdaşlara maaş verilirmi? Bizdə də idman mətbuatına belə yardım ola bilərmi, buna gərək varmı? 

Sport7.az bu sualları idman mətbuatının aparıcı simalarına ünvanladı. 

Mahir Rüstəmli ("Futbol+" qəzetinin baş redaktoru): "Deməli, bizdə vəziyyət belədi. Təbii ki, martın pulu əvvəlki qaydada, tam həcmdə veriləcək. Amma təəssüf ki, apreldə qəzeti çıxara bilməmişik. Ayın 20-dən etibarən necə olur-olsun, işə başlamaq fikrindəyik. Məhdud tirajla da olsa, qəzet çıxmalıdı. Reklam tərəfdaşlarımız əməkdaşlığa sadıq qalsa, aprelin də pulu veriləcək. Təbii ki, belə çətin durumda hamı bir-birini anlamalıdı. Qəzet işi elədi ki, söhbət 3-5 yox, 15 adamdan gedir. Üstəlik biz icarə və kommunal xidmətlər, internet üçün yetərincə yüksək məbləğ ödəyirik. Hər şeyin yaxşı olacağına ümid edirəm. İdmandan yazan jurnalistlər onsuz da heç vaxt böyük pullar qazanmayıblar. Bu mənada mən hansısa illuziyalar qurub, sonra da bunun əlində girinc olmaq istəmirəm. Qoy bu bəla bitsin, hər şey yaxşı olacaq". 
 
Vüsal Mahmudov ("Futbolinfo.az" saytının baş redaktoru): "Hamının ehtiyacı var, amma məncə, bu gün daha çox kasıb ailələrə, imkansızlara yardım edilməsi lazımdı. Pandemiya hələ ki, idman jurnalistlərinə maddi baxımdan təsir etməyib. Bəli, proses yoxdu, aktiv işləyə bilmirik, amma İtaliyadan fərqli olaraq, bizdə koronavirus saytların maliyyə durumuna ciddi ziyan vurmayıb. Gəlin, fürsətçi olmağa çalışmayaq, o yardımın daha çox ehtiyacı olanlara yönəldilməsinə çalışaq. MƏN deməyək, BİZ deyək".

Rəşad Ergün ("Komanda.az" saytının baş redaktoru): "Ölkədə karantin rejimi tətbiq olunandan bəri saytın iş qrafikində müəyyən dəyişiklik etmişik. Əməkdaşlarımız evdən, növbəli şəkildə işləyirlər. Təbii ki, bunda futbol üzrə çempionatların, başqa idman turnirlərinin təxirə salınmasının birbaşa rolu var. Məvaciblərə gəlincə, azalma var. Bu da başadüşüləndi. Çünki saytın büdcəsində böyük ölçüdə azalma var, əməkdaşlıq etdiyimiz klublar, şirkətlər köçürmələri yubadırsa, köçürmə olmursa, başqa cür mümkün deyil. İdman mətbuatına maliyyə yardımı olsa, bu, hazırkı vəziyyətdə ayaq üstə qalmağa kömək edər. Ən azı, mətbuatı vergi, sosial ödənişlərdən azad etmək olar. Ümid edək ki, bu vəziyyət uzun müddət davam etməyəcək, koronavirus bəlası tezliklə çəkiləcək".

Kənan Məstəliyev ("Rekord.az" saytının baş redaktoru): "İdman jurnalistikasının ciddi dəstəyə ehtiyacı var. Faktiki fəaliyyətsizik, işləmək istəyirik, amma işləyə bilmirik. Xüsusi sahədə çalışırıq və idmanın sıfıra endiyi ölkədə idmandan yazmaq, üstəlik başı öz gündəlik problemlərinə qarışan, həssas olan xalqa bu məhsulu - informasiyanı "satmaq" məcburiyyətindəyik. Amma necə deyərlər, bu məhsul hazırda heç kimə heç pulsuz da lazım deyil. Bilmirəm, nə dərəcədə doğru müqayisə olacaq, ancaq dünyada neftə olan tələbat hazırda necədirsə, idmana, idman xəbərlərinə də eynidi. Çölə çıxa bilməyən adam idmanla niyə maraqlansın ki? Yəni, çox çətin durumdayıq. Əməkdaşların maaşını gecikdirməmişəm, amma bunu başqa yerdən borc almaqla həll etdim. Çünki əməkdaşlıq etdiyimiz qurumlar - klublar da fəaliyyətsizdilər, öz öhdəliklərini yerinə yetirə bilmirlər, buna da anlayışla yanaşırıq. Amma bir aydan sonra borcları qaytarmalı, üstəlik növbəti ayın maaşını verməliyik. Çox çətin olacaq. Dövlət idman jurnalistlərinə maddi dəstək versə, çox minnətdar olardıq. Bir müddət əvvəl Azərbaycan İdman Jurnalistləri Federasiyası bununla bağlı baş nazirə müraciət etmişdi. Elə o müraciəti müsbət cavablandıraraq, bu qurum vasitəsilə idman mediasına heç olmasa iki ay müddətində kömək etmək olar. Buna ehtiyac var".
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR