"Qarabağ" yəqin ki, dərs çıxarar" - AÇIQLAMA

Azərbaycanın məşhur, veteran futbolçusu Emin Quliyev "Qarabağ"ın kiprlilərlə oyununu dəyərləndirib.

Sabiq müdafiəçi Sport7.az-a açıqlamasında bunları söyləyib: "Dünən sanki komandada arxayınlıq vardı. Həm də səhvlər çox oldu. Qollardan sonra ümumiyyətlə, həvəsdən düşdülər. Əvvəlki oyunlarını nədənsə göstərə bilmədilər. Çalışdılar, vuruşdular, lakin səhvləri çox oldu. Yəqin ki, APOEL ciddi hazırlaşmışdı. "Qarabağ"ı yaxşı analiz etmişdilər. Miçel mərkəzdə çox toplar itirdi. Oyunçulara yaxın oynayırdılar. Nəsə dünən oyunları alınmadı. Heç olmasa "Qarabağ" bir top vursaydı, əlavə vaxtda nəsə etmək olardı. APOEL-in də qolları gözlənilmədən oldu. Penaltidən vurdular, bir də uzaq məsafədən. Bizimkilərin də qol vəziyyətləri oldu. Almeyda topu qapı dirəyinə vurdu. Bəxtszilik də adlandırmaq olar".

Emin bəy APOEL-in evdəkindən daha yaxşı oynadığını və səfərdə "Qarabağ"ın son dəqiqələrdə qapısından buraxdığı topun həlledici olmadığını düşündüyünü bildirdi: "Düzdü, APOEL-də əziyyət çəkirdi. Mənə elə gəlir, onlar burda evdəkindən daha yaxşı oynadılar. Deməzdim ki, o qol həll etdi. "Qarabağ" 1 qol vursaydı, yenə üstünlükləri qalacaqdı. Bu zaman APOEL 3 qol vurmalı olacaqdı. Futbolda hər şey olur". 

Quliyev "Qarabağ"ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq şansları haqda bunları söylədi: "İstəyərik düşsün, biz də azarkeşlik edək. APOEL-i keçsəydilər "Ayaks" gələcəkdi, maraqlı oyunlar olacaqdı. İnşallah Şimali İrlandiya komandasını keçərlər. Daha bundan sonra fikirləşərlər ki, qol vəziyyətlərindən istifadə etmək lazımdı, arxayınlıq olmamalıdı. Yəqin ki, dərs çıxararlar".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR