İtaliya klubları Çempionlar Liqasına damğa vurdu

İtaliya klubları Çempionlar Liqasına damğa vurdu

Bu gün həm qadın, həm də kişi voleybolçuların Çempionlar Liqasına yekun vurulub.

İlk əvvəl qadınların final görüşü keçirilib. "Novara" "İmoko Volley"lə qarşılaşıb. İlk seti "Novara" 25:18 hesabı ilə aktivinə yazdırıb. İkinci setdə də üstün tərəf Massimo Barbolininin yetirmələri olub. Üçüncü setdə qələbə qazanan "İmoko Volley" ümidlənib. Buna baxmayaraq, gərgin mübarizə şəraitində keçən dördüncü setdən qalib ayrılan "Novara" rəqibini 3:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Çempionlar Liqası tituluna sahib çıxıb.
 
Paola Eqonu 27 xalla qarşılaşmaya damğa vurub. "İmoko Volley"in heyətində isə Karsta Lou oyunu 16 xalla tamamlayıb.

Ardınca kişilərin mübarizəsində qalibin kimliyinə aydınlıq gəlib. Həlledici görüşdə "Zenit Kazan" və "Kuçine-Lube Çivitanova" üz-üzə gəlib. İlk seti qazanan tərəf Rusiya təmsilçisi olsa da, sonrakı üç setdə rəqibinə şans verməyən İtaliya klubu tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Çvetan Sokolov 17 xalla komandasının qələbəsində əsas pay sahibi olub. "Zenit"in heyətində Ervin Nqapet 14 xalla ön plana çıxıb. Xatırladaq ki, "Zenit Kazan" ÇL-in son 4 mövsümünün çempionu idi.

Superfinal etapına Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən və Maks Şmellinqin adını daşıyan idman kompleksi ev sahibliyi edirdi.
 


Çempionlar Liqası

Qadınlar

Superfinal

"Novara" (İtaliya) - "İmoko Volley" (İtaliya) - 3:1 (25:18, 25:17, 14:25, 25:22)


Çempionlar Liqası

Kişilər

Superfinal

"Zenit Kazan" (Rusiya) - "Kuçine-Lube Çivitanova" (İtaliya) - 1:3 (25:16, 15:25, 12:25, 19:25)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR