Faiq Qarayev:

Faiq Qarayev: "Atam məni voleybola qoymurdu"

Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayevin ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı tədbir keçirilib.

Sport7.az xəbər verir ki, mərasimdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, AVF-nin prezidenti, deputat Cavid Qurbanov 60 yaşlı mütəxəssisi təbrik edərək, onun karyerasından söz açıb. 

C.Qurbanov bildirib ki, F.Qarayevin həyatı voleybolla bağlıdır, ömrünün böyük hissəsini bu sahəyə həsr edib: "Faiq müəllim məşqçi olmağı hər şeydən üstün tutub, müxtəlif yerlərdə, Rusiya və Türkiyədə işləyib. Daha sonra cənab Prezidentin dəvəti ilə Azərbaycana gəlib və ölkəmizdə bir sıra uğurlara imza atıb. Bir çox tanınmış idmançılarımız onun rəhbərliyi altında yetişiblər. Faiq Qarayev bütün dünyada tanınıb. Onun böyük məşqçi olduğunu hər yerdə qəbul edirlər. Faiq müəllimlə 15 ildir dostuq, bu sahəyə gəlməyimin səbəbkarı elə odur. Cənab Prezident tərəfindən "Tərəqqi" və "Şöhrət" ordenlərinə layiq görülüb, "Əməkdar məşqçi"dir. İndi isə "Əmək" ordeni ilə təltif edilib. Cənab Prezident şəxsən telefon açıb, onu təbrik edib. Ona cansağlığı, uğurlar arzulayıram".

Daha sonra Prezidentin sərəncamı oxunub və C.Qurbanov "Əmək" ordenini F.Qarayevə təqdim edib.

Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də F.Qarayev barəsində xoş sözlər söyləyib: "Mənim üçün xüsusi bir bayramdır. Faiq Qarayev bütün ömrünü voleybola sərf edib və Azərbaycanın ən öndə gələn idman xadimlərindən biridir. Onunla eyni gündə "Şöhrət" ordeni ilə təltif olunmuşuq. Nailiyyətlərini bütün dünyada bilir, tanıyırlar. Faiq müəllimi təbrik edirəm".

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov F.Qarayevi nazir Azad Rəhimovun adından təbrik edib və onun karyerasından, uğurlarından söhbət açıb, ölkə idmanında böyük xidmətlərinin olduğunu vurğulayıb.

Çıxış edən digər natiqlər də F.Qarayevin Azərbaycan idmanında, voleyboldakı xidmətlərindən söhbət açaraq, onu təbrik ediblər.
 

 
Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı mərasimdə çıxış edərkən bunları deyib: "Cavid müəllim 15 il dedi, amma bizim dostluğumuz 19 ildir davam edir. O, mənə hər zaman "qardaşım" deyir, bu mənim üçün önəmli sözdür". 

F.Qarayev federasiya prezidenti Cavid Qurbanovun gördüyü işlərdən danışıb: "Onun mənim həyatımda böyük yeri olub. Heç voleybolda olmayanda, klub və federasiya rəhbəri kimi çalışmayanda da böyük dəstək verib. Bu gün federasiyada hər bir sahəyə xüsusi diqqət yetirilir, yeni voleybolçu və məşqçi nəsli yetişir. Göstərilən bu diqqətin nəticəsini 2-3 ilə görəcəyik. Azərbaycanda voleybol çox sevilir". 

Federasiya rəsmisi dövlət başçısı tərəfindən aldığı mükafatı bütün komandanın uğuru kimi dəyərləndirib: "Kollektivi yığaraq dedim ki, bu orden tək mənim deyil, hamımızın uğurudur. Rəhmətlik atam məni voleybola qoymurdu, "Bu idman növü sənə nə verəcək?" deyirdi. Orden alandan sonra onun məzarına gedərək, təşəkkür etmişəm. Artıq Azərbaycanda tanınmış məşqçiyəm. Cənab prezident mənə zəng vurdu. Bu, mənim üçün böyük hadisədir. Onunla danışandan sonra güclü bir adam oldum, iki gün özümə gələ bilmədim. Prezidentin bu sözlərinin, medalın altından necə çıxa biləcəyimi düşündüm. Həmin bir zəng həyatımı çevirdi. Onun sözləri insana elə güc verir ki, yaşamaq, alışmaq istəyirsən. Möhtərəm prezidentimə təşəkkür edirəm. Hər zaman idmana xüsusi diqqət göstərir. Hər kəsə, ilk növbədə cənab Prezidentə təşəkkür edirəm".

Qeyd edək ki, tədbirin sonunda AVF-nin Rəyasət Heyətinin adından qurumda çalışan Zöhrab Gözəlbəyli, Oqtay Musayev, Rafiq Rəsulov və Nona İsmayılova yubileyləri münasibəti ilə xüsusi diplomla təltif olunublar. (Report.az)
 
Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR