"Fluminense"dən Bakıya gələn: "Azərbaycan futboluna böyük maraq var"

Bu gün "Neftçi” PFK tərəfindən 201 saylı tam orta məktəbin futbol meydançasında seleksiya xarakterli təlim-məşq təşkil olunub. Sport7.az xəbər verir ki, "Neftçi”nin Futbol Akademiyasının məşqçiləri tərəfindən aparılan məşqlərə Nizami rayonunun 201, 328, 227 və 312 saylı tam orta məktəblərində təhsil alan uşaqlar cəlb olunub.

Öncə iştirak üçün qeydiyyatdan keçmiş uşaqlar daha sonra meydançada bacarıqlarını nümayiş etdiriblər. "Neftçi” PFK-nın idman direktoru Vəli Qasımovun rəhbərliyi altında baş tutmuş seleksiya prosesində klubun seleksiyaçıları Bəxtiyar Musayev, Səmədağa Şıxlarov, eləcə də Futbol Akademiyasının məşqçiləri İslam Kərimov, Tural Kərimov, Emin Salmanov, Ruslan Qafitulin, Taleh Əzizov, Araz Qulamov, Hüseyn Məhəmmədov, İsmayıl Hüseynov ümumilikdə 117 uşağın futbol bacarığını yoxlayıblar.

Seleksiya xarakterli məşqi "Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədovla yanaşı, Braziliyanın "Fluminense” klubunun Bakıda səfərdə olan nümayəndəsi Marselo Teşeyra da izləyib. Braziliyalı qonaq bu kimi tədbirlərin təşkil olunmasının futbolun inkişafında müstəsna rolu olduğunu bildirib. M.Teşeyra Azərbaycanda futbola böyük marağın olduğunu qeyd edərək, bu uşaqların arasından gələcəkdə məşhur futbolçuların çıxacağına əminliyini ifadə edib. 2 saatdan artıq davam etmiş seleksiya xarakterli məşqin sonunda iştirakçılar birgə xatirə şəkli çəkdiriblər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR