Futbol müəllimi - Almaniya məşqçilik məktəbi haqqında

Futbol müəllimi - Almaniya məşqçilik məktəbi haqqında

Almaniyada məşqçilik, kursların strukturu, ümumiyyətlə, yaradılan sistemlə bağlı özüm üçün kiçik bir araşdırma aparırdım. Mövzunun diqqətimi çəkməsinin səbəbi də sadədi. Avropa daxilində təkcə futbol yox, voleybol, basketbol kimi idman növlərində də italyan çalışdırıcıların müəyyən dominantlığı olub/var. Son illərdə isə spesifik olaraq futbolda Almaniya bu mənada söz sahibi olmağa başlayıb. Burasına ilişdim, sonra da başlama səbəbini bir kənara atıb, detallarda boğuldum.

Professional futbolçu olmayanların işgəncə çəkməsi üçün dizayn edilən "ilk pilləkənlər"dən danışmayacam. Ən çox diqqətimi çəkən bu işin "magistratura"sı hesab olunan A lisenziyası və oradan "PhD"yə, yəni Pro lisenziyaya gedən yolu təsvir edəcəm.

Bildiyimiz "Pro" anlayışı almanlar üçün bir az yaddı. Onlar bütün mərhələləri tamamlayan məşqçiləri "futbol müəllimi" adlandırırlar. Bu ada sahib çıxmaq üçün məşhur Hennes Vaysvaylerin adını daşıyan akademiyaya üz tutmalı olursan. İldə 1 dəfə akademiya "müəllim" olmaq istəyən ən yaxşı 24 nəfərə qapılarını açır - cəmi 24 nəfər! Məşqçi kimi bir neçə il təcrübəsi olan A lisenziya sahibləri kursa müraciət edə bilərlər. İlkin seçim mərhələsində müraciətlərə baxılır və aralarından kriteriyalara daha uyğun gələn 80-i 24 nəfərlik yekun heyətin müəyyən edilməsi məqsədilə imtahana dəvət olunur. Sonra ümumi 3 gün davam edən dəyərləndirmə başlayır. İlk növbədə hər namizəd təklikdə müsahibəyə çağırılır. Müsahibə bitər-bitməz futbol məntiqindən yazılı imtahana keçilir. Taktiki lövhədə süni vəziyyət yaradılır və namizəddən problemdən taktiki çıxış yolunu yazması istənilir. Və yaxud, hansısa real oyundan götürülmüş qısa bir fraqmenti göstərirlər, yenə eyni cür problemi həll etməsini istəyirlər. Bu da OK, amma namizədin günü bununla da bitmir. Yazılı imtahanın ardından meydançada praktiki imtahan başlayır. Məsələn, deyilir ki, skaut raportuna görə, rəqib komanda daha çox 4-3-3 düzülüşündən istifadə edir. Ondan bu təlimata uyğun öz komandasını formalaşdırması istənilir. Sonra konkret zonalar üzrə süni çətin vəziyyətlər yaradırlar və namizəddən dərhal yerindəcə çıxış yolunu komandasına öyrətməsini gözləyirlər.
 
1 nəfərin praktiki imtahanı 2 saat davam edir. İmtahanları akademiyanın heyəti ilə yanaşı, xüsusi psixoloqlar da izləyirlər. Onlar namizədlərin komanda ilə işini, tapşırıqlar zamanı düşdükləri vəziyyətləri diqqətlə müşahidə edirlər. Yekun qiymətləndirmə zamanı psixoloqların rəyləri də nəzərə alınır. Beləliklə, bu formatda keçən imtahanın ardından "futbol müəllimliyi", ya da UEFA dili ilə desək, Pro kursuna qəbul olan 24 nəfərin adı açıqlanır. Özünüz düşünün, bu, təkcə Pro kursuna qədər olan mərhələ idi, lisenziyanı qazanmaq üçün olan əsas proses isə hələ bundan sonra başlamalıdı. UEFA-ya görə, Pro kursları heç olmasa 240 saatlıq müddəti əhatə etməlidi. Digər Avropa ölkələri bu rəqəmin azacıq üzərinə çıxmaqla işlərini bitmiş hesab edirlər: 256, 270... Almaniya? "Futbol müəllimliyi" kursu ümumilikdə 815 saat davam edir. Klublarda keçirilən təcrübənin bu müddətə aid edilmədiyini öyrənəndə işlər lap da mürəkkəb forma alır.

İlk olaraq 24 namizəd birlikdə, gənclərin iştirakı ilə keçirilən hansısa beynəlxalq turniri - dünya çempionatı, Avropa çempionatı - izləməyə yollanır. Məqsəd - skaut işlərini mənimsəmək. Onlardan gözlərinə çarpan gənc istedadların videolarını çəkmək və bu barədə prezentasiya hazırlamaq tələb olunur. Belə-belə günlər keçir... Sonra dərs otaqlarında müəllimlər tərəfindən nəzəri mövzular - fizioterapiya, psixologiya, taktiki nəzəriyyə... - tədris olunur, keçilənlərə uyğun sual-cavab aparılır.

Növbəti etap praktiki məşğələlərdi. İlk növbədə namizədlər iki-iki bölünür və müəyyən spesifik taktiki göstərişlərə uyğun məşq proqramları hazırlamaları istənilir. Təbii, meydanda baş verənlərin hamısı kameralar tərəfindən lentə alınır və hamılıqla müzakirəyə qoyulur. Bu zaman müəllimlər tərəfindən edilən tənqidlər/iradlar bir yana, xüsusilə namizədlərin bir-birlərini dəyərləndirməsi istənilir. Psixoloq məsələsinin niyə qiymətləndirmədə nəzərə alındığı yavaş-yavaş üzə çıxır.

Ardınca prosesin kənar parçalarının - fizoterapevtlərin, həkimlərin, fitness məşqçilərinin proqramlarına uyğun tədris aparılır. Məqsəd - təkcə özünüzün yox, komanda daxilində olan hər kəsin nəyi necə və niyə etdiyini bilmək. Üzərinə media məsələsini də gəlin. Jurnalist təzyiqinin üzərindən necə gəlmək lazım olduğu öyrətmək üçün başlarına açılmayan oyun qalmır: simulyasiya ardınca simulyasiya.
 
Bütün bunlar 815 saatlıq periodu əhatə edir. Sonra məşqçilər iki ay müddətinə təcrübə keçmək üçün Bundesliqa klublarının düşərgələrinə göndərilirlər. Yekun mərhələdə isə seçdikləri mövzu üzrə minimum 15 səhifəlik iş yazmaları tələb edilir. O işin dəyərləndirməsinə əsasən akademiyadan məzun olub, Pro lisenziyasına sahib çıxırlar, ya da almanların deyimi ilə - "futbol müəllimi" olurlar. Bütün bu məşəqqətli proses həyatınızdan 10 ay alır.

Düşünürəm ki, bütün bunları oxuduqdan sonra, son illərdə o 24-lükdən çıxanların - Tuxel, Klopp, Löv, Naqelsmann... - adlarının işin asları sırasında hallandığını gördükdə təəccüblənməzsiz.

Rüfət Məcid

OXŞAR XƏBƏRLƏR