Futbolçuların dostu,

Futbolçuların dostu, "yemək xəstəsi" və komik aktyor / Karlo Ançelotti-60

"Həmişə olduğu kimi, ona birbaşa adı ilə müraciət edəcəm. Futbolçular ancaq karyerasını bitirəndən sonra məşqçiləri ilə dost ola bilir. Sonradan müəyyən yaxınlıq yaranır və baryerlər aradan qalxır. Bu məsələni zamanından əvvəl həll etdiyim üçün şanslıyam. Demək olar ki, dünyaya Karlettonun komandasının bir üzvü kimi gəlmişəm. Həmişə de-fakto ortaq olmuşuq. İnsanlar məni "Milan"ın əsas "bayraq adamı" qismində görür. Əgər belədisə, məni hərəkətə gətirən qüvvə Karlodu. "Karletto küləyi" məni 3 nömrəli forma ilə meydana atır. Yol göstərən odu.

Paltardəyişmə otağının idarə olunması, komanda iclasları, fərq etmir, Karlo həmişə olduğu kimidi. O, tayı-bərabəri olmayan komik aktyordu. Çempionlar Liqası kimi önəmli turnirin finalından əvvəl belə, zarafat edə bilir. Bir də görürsən ki, qızartma yeməklərdən danışır, bir az keçir, anidən qaşını qaldırır, biz də meydana çıxıb, qələbə qazanırıq. Çünki onunla birlikdə özümüzü rahat hiss edirik. İnsanlar həlledici anlarda məşqçilərin komandanı göz yaşlarına boğan çıxışlardan istifadə etdiklərini düşünür. Bizdə də arada belə anlar olurdu, sadəcə, digərlərindən fərqli olaraq, gülməkdən gözümüzdən yaş gəlirdi. Əksər hallarda rəqib komandaların paltardəyişmə otağında səssizlik hakim olardı. Bizdə isə Silvio Berluskoni və Karlo dayanmadan zarafat edərdilər. Biz ailəyik və ailələr belə olur.

Karletto heç vaxt dozanı aşmır - təbii ki, yemək məsələsi istisnadı. Çünki masaya oturub, əlinə çəngəl-bıçaq aldısa, onu dayandırmaq üçün ovsunçu çağırmalı olursan. Məşqçiliyə başladığı gündən bəri xüsusi masasının ətrafında oturur - özünəməxsus menyusu və özəl həzm sistemi ilə birlikdə. Yeyir, içir, bir az keçir, bu səfər daha çox yeyir və daha çox içir... - dayanmaq bilmir. Yemək yaxşı olanda bütün prinsiplərini və metodlarını bir kənara atır - sevimli "şam ağacı" ("Milan"da istifadə etdiyi 4-3-2-1 düzülüşü forma olaraq şam ağacına bənzədiyi üçün belə adlandırılır) da daxil olmaqla. Bolluq olanda o qədər yeməyi təkbaşına yeyə bilmədiyindən, bizi çağırır:

- Paolo, bura gəl. Bunun dadına baxmalısan.
- Karlo, mən kapitanam, komanda yoldaşlarıma örnək olmalıyam...
- Mən də sənin məşqçinəm və deyirəm ki, bunun dadına baxmalısan. Yoxla, yaxşıdı.

Bu mənada da comərddi. Həyatdan zövq alır və belə olmasının bizə də çox faydası dəyir. Mənim gördüyüm idarəetmə metodları arasında onunku ən az problem yaradanıdı. Bütün narahatlıqları və təzyiqi özünə saxlayır. Bu sayədə komanda sakitliyini qoruya bilir. Bu arada, qələbə qazanmağa davam edir: dayanmır, qələbələri sıralayır.

Arada dünyanın ən səbirli adamı belə, özündən çıxa bilir. Sonuncu dəfə əsəblərinə hakim ola bilməyəndə Luqanoda idik. İsveçrə ikinci divizionunda oynayan komandalardan biri ilə yoldaşlıq görüşü keçirirdik. Sanki ağlını itirmişdi. Bizə ağzına gələni dedi. Elə təhqirlərdən istifadə edirdi ki... - düşünürdüm ki, onu bağışlamaq olmaz. Qorxunc idi, burada onları təkrarlaya bilmərəm. Davam edirdi və bir an içimdən gülmək keçdi. Tamamilə relsindən çıxmışdı, onu daha əvvəl belə görməmişdim. Sifəti qıpqırmızı idi. Yanında oturan Adriano Qalliani isə sarı qalstuk taxmışdı. Birlikdə göy qurşağına oxşayırdılar. İki gün sonra yanımıza gəldi və onu bağışlamağımızı istədi. Bizə qarşı heç vaxt belə qəddar davranmamışdı. İçdən-içə "oyuncaq ayı" olduğunu bilirdik. Bu qədər uğur qazanmağımızın əsas sirri onun sadə insan olmasından qaynaqlanırdı. Qələbələri sıralamaq üçün "xüsusi biri"nə filan ehtiyac yoxdu. Daxil balansa sahib olmaq və diqqət mərkəzinə düşməkdən, kameralar önündə "partlamaq"dan qaçmaq yetərlidi.
 


Karletto ilə həmişə rahat və yaxın iş münasibətlərimiz olub. Bütün mövzulardan danışardıq. Özündən çıxanda sonradan mütləq yanıma gələr və soruşardı: "Paolo, səhv idim?"

Karlo hər şeyi təkbaşına etməyi sevmir. Bu, onun intellektinin göstəricisidi. "Milan", "Çelsi", "Real"... - buna görə də getdiyi hər yerdə kubok qazana bilir. Futbol biliyi çox əhatəlidi. Oyunun hər aspekti üzrə inanılmaz təcrübəyə sahibdi. Futbolçu illərində belə, həm oyun, həm ideya olaraq əsas təşkilatçı fiqur idi. Texniki və insani baxımdan onu tənqid edə bilməzsiniz. Buna cəhd edirsinizsə, deməli, qərəzlisiniz. Arriqo Sakkinin dönəmindən bəri "Milan"da bir çox məşqçi çalışıb. Hamısı da vinnerlər idi. Onların hər biri oyunçuları öz üslubuna görə idarə edirdi. Metodları və nəticələri bir kənara qoysaq, komanda daxilində ən yüksək standartların kimin dövründə formalaşdığını soruşsanız, şübhəsiz ki, Karletto deyərdim. "Milanello"dan əvvəl bir az dikbaş idi, taktiki innovasiyalara "açıq" deyildi. Ancaq zamanla böyüdü, inkişaf etdi və biz də onunla birlikdə artırdıq. Onun kimi birindən sui-istifadə etməməlisən. Bu faktoru dərk edə bilən oyunçuları Karloya əmanət etmək lazımdı. Etdiyimiz hər şeyin bünövrəsində qarşılıqlı inam var idi. Təbii, arada vəziyyətdən sui-istifadə etmək istəyənlər də olurdu, ancaq dərhal onlara necə hərəkət etməli olduqlarını başa salırdıq. Xüsusilə də, vəziyyətdən asılı olmayaraq, Karlettoya daim hörmətlə yanaşmalı olduqlarını izah edirdik. Oynatdığı sehrli futbol, komandaya müraciət tərzi, meydandan kənar etdikləri ilə buna layiq idi. Hə, bir də, sirr saxlamadan həyat hekayəsini bölüşdüyü bu kitabda qeyd etdikləri üçün hörməti haqq edir.

İnsanlar Karlettonu müxtəlif cür təsvir edirlər. Qısaca ifadə etməli olsam, onu "dost" adlandırardım: böyük və yumşaqürəkli dost. Və mən onun üçün darıxıram".

Yazı: Paolo Maldini ("The Beautiful Games of an Ordinary Genius" kitabı üçün giriş sözü)

Tərcümə: Rüfət Məcid
 
Qeyd: Karlo Ançelotti 60 yaşına qədəm qoydu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR