Danışmağıma imkan verin / Kevin De Bröyne

Danışmağıma imkan verin / Kevin De Bröyne

Bu yazı Kevin De Bröyne tərəfindən "The Players' Tribune" üçün qələmə alınıb:

"Çox dürüst insanam. Sizə balaca bir sirrimi açacam. "Mançester Siti"yə keçməmişdən əvvəl Rahim Sterlinqlə necə anlaşacağımı bilmirdim. Onunla heç görüşməmişdim. İngiltərə mediasında yazılanları oxuduqdan sonra onun fərqli xarakterə malik biri olduğu qənaətinə gəlmişdim. Belə düşünürdüm. Ok, davam edək...

Pis biri olduğuna inanmırdım. Amma qəzetlər onun təkəbbürlü olduğunu yazırdılar. Mən də onun... Necə deyirlər, mən də Sterlinqin sarsaq (?) biri olduğunu düşünməyə başlamışdım.

Rahimlə aramızda güclü bağ var. Çünki, demək olar ki, hər ikimiz "Siti"yə eyni zaman kəsiyində gəlmişik və o vaxtlar mediada hər ikimizin haqqında çoxlu neqativ xəbərlər çıxırdı. Məni "Çelsi"nin "brak"ı" kimi qələmə verirdilər. Rahim isə onlara görə, "Liverpul"u pula görə tərk edən, diqqətləri üzərinə çəkməyi sevən biri idi. Bizim çətin xarakterə sahib olduğumuzu yazırdılar.

Haqqında çıxan belə şeyləri oxuyanda öz-özünə düşünürsən: "Bu, həqiqətən də mənəm? Axı mən çətin biri deyiləm. Bu, axmaqlıqdı. Məni heç tanımırsınız". Amma düzü, mən özüm də başqaları haqqında yazılanları oxuyanda təsirə düşürəm, onlar haqdakı fikirlərim dəyişir. Əlinizdən bir şey gəlmir, bunun qarşısını almaq mümkün deyil.

Sonra "Siti"yə keçdim və Rahimlə həyatda görüşdük. Məşqdən sonra bir az danışdıq və öz-özümə düşündüm: "Bir dəqiqə, bu adam yaxşı biridi axı. Bəs yazılanlar?"

Futbol dünyasının daxilində və ya ondan kənarda, yaxın dostlarımın sayı elə də çox deyil. İnsanlara özümü "açmağım" çox vaxtımı alır. Amma müəyyən müddət sonra Rahimlə yaxınlaşdıq. Çünki oğullarımız, demək olar ki, eyni periodda dünyaya gəliblər. Onlar həmişə bir-birləri ilə oynayırlar. Zamanla Rahimi həqiqətən də tanımaq imkanım oldu. Onun necə ağıllı və səmimi insan olduğunu gördüm. Bir insan qəzetlərdə yazılanlardan ancaq bu qədər fərqli ola bilərdi. Rahim futbol sayəsində tanıdığım ən təvazökar və ən yaxşı insanlardan biridi - bax, əsl həqiqət bundan ibarətdi.
 


Nə isə, bir gün söhbət əsnasında Rahim belə bir şey dedi: "Dostum, səninlə görüşməmişdən əvvəl ağlımda tamamilə fərqli birini canlandırmışdım. Məsafəli davranacağını düşünürdüm, utancaq olacağını təxmin edirdim. Əslində, əyləncəli birisən".

- Zarafat anlayışım çox "incə"di, hər kəs anlaya bilmir.
- Çox "incə"di... Bəs sən mənim haqqımda nə fikirləşirdin?
- Düzünü deyim? Təkəbbürlü biri olduğunu düşünürdüm.
- Nə?

Mən də ona "Nədi? Sən də mənim qəribə biri olduğumu düşünürdün" deyərcəsinə baxdım. Məncə, bu, əsl dərsdi. Təcrübəmdən deyə bilərəm ki, futbolçular düşündüyünüzdən çox fərqli ola bilir. Onları yaxından tanımaq imkanı əldə etsəniz, bunu anlaya bilərsiniz. Dediklərim mənim özümə də aiddi.

Rahimin niyə çətin xarakterə sahib olduğumu düşünməsini başa düşə bilərəm. 16 yaşımdan bəri "qara buludlar" məndən əl çəkmirdi.

Sizə bir hekayə danışacam. Amma ilk növbədə özüm haqda danışmağın mənim üçün həyatda ən çətin şey olduğunu anlamağınızı xahiş edirəm. Futbol? Futbol haqqında saatlarla danışa bilərəm. Amma şəxsi məsələlərdən bəhs etmək mənim üçün çətindi. Nə edim, mən də belə biriyəm...

Uşaqlıqdan bəri sakit və utancaq biri olmuşam. "PlayStation"-um yox idi, yaxın dostlarım olmayıb. Özümü futbol vasitəsilə ifadə edirdim və halımdan məmnun idim. Meydandan kənarda öz dünyama qapılan biriyəm. Bir kəlmə belə edə bilmədiyim zamanlar olur. Amma meydanda tez alışırdım. David Silvaya "Danışmağıma imkan ver" deyə bağırmağımı, ümumiyyətlə, həmin məsələ ilə bağlı görüntüləri izləyənlərin əksəriyyətinin mənə güldüyünü bilirəm. Ancaq güman ki, uşaqlığımla müqayisə etsək, daha betər situasiyalar olduğunu deyə bilərəm.


Gənc olanda... Belə deyim, gənc olanda insanların yanlış yollara düşə biləcəyini anlaya bilmirsiniz. Təbii ki, mən bunu başım daşdan-daşa dəydikdən sonra öyrəndim.

14 yaşım olanda Qenkdəki futbol akademiyasına getmək imkanım var idi. Mən də həyatımın gedişatını dəyişdirəcək qərarlardan birini verdim və Belçikanın bir başından digər başına yollandım. Evdən iki saatlıq məsafədə olsa da, valideynlərimə getmək istədiyimi dedim.

Onsuz da, yaşadığım yerdə də utancaq biri idim. Üstəlik, "Qenk"də məni ölkənin digər ucundan gələn və gülməli ləhcəyə sahib yeni uşaq kimi görürdülər. Özümü kimsəsiz hiss edirdim. Sosiallaşa bilmirdim, çünki tək istirahətimiz bazar gününə təsadüf edirdi və mən bazar günlərimi ailəmlə görüşməyə sərf edirdim. Akademiyadakı ilk iki ilim, hər halda, həyatımda özümü ən çox yalnız hiss etdiyim dönəm idi.

Bəlkə də, bəzi insanlar qərarımın dəlilik olduğunu düşünür, yəni 14 yaşında biri niyə belə bir addım atsın ki? Sizə tək bir cavab verə bilərəm: futbol oynayanda mənim üçün heç bir şeyin önəmi qalmır. Hansısa bir problem, hisslərim... - o an hamısını bir kənara atıram. Futbol oynadığım müddətcə hər şey yaxşıdı. Bunu mübtəlalıq kimi görürsünüzsə, olsun, bəlkə də, elədi. Əslində, hər şey çox sadədi: bu, mənim həyatımdı.
 


İlk ilimdə ümumi yataqxanada qalırdım. İçində bir yataq, bir masa və bir əl-üz yuyan olan balaca otağım var idi. Növbəti il qoruyucu ailənin yanında yaşamağa başladım. Klub onlara gənc oyunçulara baxsınlar deyə, ödəniş edirdi. Başqa iki futbolçu ilə birlikdə ora köçdük. Bu sayədə nisbətən normal həyat yaşamağa başladım.

Hələ də vaxtımın çoxunu təkbaşına keçirirdim, ancaq hər şeyin qaydasında getdiyini düşünürdüm. Həmin il belə keçdi. Həm məktəbdə, həm də futbolda işlər yaxşı gedirdi. Heç kimlə dalaşmamışdım, problemim yox idi.

Mövsümün sonunda çantamı topladım və bizə baxan ailə ilə sağollaşdım. "Tətildən sonra görüşərik. Yayda yaxşı istirahət et" - dedilər. Evə qayıtdım və qapıdan içəri girən kimi anamın ağladığını gördüm. Düşündüm ki, ya kimsə ölüb, ya da nəsə pis bir şey olub. Nə baş verdiyini soruşdum. Və anam həyatımın tamamına təsir edəcək sözləri dedi: "Onlar tətildən sonra geri qayıtmağını istəmirlər".

"Nə haqqında danışırsan?", - deyə dilləndim. Anamın cavabı gecikmədi: "Həmin ailə artıq səni evlərində görmək istəmir". Təəccüb içindəydim: "Nə? Niyə axı?" Anam əlavə etdi: "Belə olduğun üçün, xarakterinə görə... Çox sakit olduğunu deyirlər. Səninlə əlaqə yaratmaqda çətinlik çəkirmişlər. Səninlə birlikdə yaşamağın çətin olduğunu dedilər".

Şokda idim. Həmin ailə heç vaxt üzümə bunları deməmişdi. Heç aramızda problem də yaşanmamışdı. Çox vaxt təkbaşına otağımda olurdum. Heç kimi narahat etməmişdim. Mənimlə normal sağollaşmışdılar. Sanki hər şey qaydasında idi. Ancaq mən ayrıldıqdan sonra klubu məni istəmədikləri barədə məlumatlandırıblar.

Əslində, bu, karyeram üçün böyük bir problem idi, çünki mən ulduz və ya yaxşı potensiala malik biri deyildim. Klub anidən problemli biri olduğum qənaətinə gəlmişdi. Valideynlərimə, mənə görə başqa bir qoruyucu ailəyə ödəniş etmək istəmədiklərini demişdilər. Başqa bir yataqxanaya getməli və orada yaşamalı idim. Söhbət hansısa lüks yerdən getmir. Ora problemli uşaqlar üçün hazırlanmış yerə bənzəyirdi.

Anamı ağlayarkən izlədiyim anı yaxşı xatırlayıram. Sonra topu götürdüm və uşaq vaxtlarımda həmişə futbol oynadığım yerə getdim. "Belə olduğun üçün" - həmin söz ağlımdan çıxmırdı. Sözlər beynimin içində fırlanırdı. Saatlarla topu hasara vurdum. Birdən bərkdən qışqırmağa başladım: "Hər şey qaydasına düşəcək. İki ay ərzində əsas komandaya düşəcəm. Nə olursa olsun, uğursuz biri kimi evə qayıtmayacam. Nə olursa olsun!"

Yay tətilindən sonra "Qenk"in düşərgəsinə qayıtdım. İkinci komanda ilə məşq edirdim. Orada heç kim idim. Amma məşqlərdə çox çalışırdım. Sanki içimdə "yanğın" var idi.

Hər şeyin dəyişdiyi anı xatırlayıram. Cümə günü oyunumuz var idi. Əvəzedicilər skamyasında idim. İkinci hissədə oyuna girdim. Özümdən çıxmışdım, dəli kimi idim.

Birinci qol...

"Səni artıq istəmirlər"

İkinci qol...

"Çox sakitsən"

Üçüncü qol...

"Çox çətin biridi"

Dördüncü qol...

"Səni artıq istəmirlər"

Beşinci qol...

"Belə olduğun üçün"

Oyunda olduğum bir hissə ərzində beş qol vurdum. O gündən sonra klubdakı hər kəsin mənə qarşı münasibətindəki dəyişikliyi görə bilirdim. İki ay ərzində əsas komandaya yüksəldim. Deyəsən, bir neçə gün ərzində orada ilk qolumu vurmuşdum. Və təbii ki, sonradan klub rəsmiləri ailəmə mənə görə qoruyucu ailəyə yenidən ödəniş etmək istədiklərini demişdilər.
 


İşlər yaxşı gedəndə futbolda insanların sizə qarşı davranışlarının necə dəyişdiyini izləmək çox əyləncəlidi. Bir gün həmin qoruyucu valideynlər kluba gəldilər. Sanki hər şeyi yanlış anlamışam - qadın mənlə elə danışırdı. Belə bir şey dedi: "Evə qayıt. Sadəcə, sənin həftə içi yataqxanada qalmağını istəyirdik. Həftə sonları bizimlə qala bilərsən".

İndi bunun gülməli olduğunu düşünürəm, ancaq o zaman mənim üçün heç də əyləncəli deyildi. Onlar həqiqətən də məni incitmişdilər. Cavabımda dedim: "Yox, siz məni bir kənara atmışdınız. İndi hər şey yaxşı gedir deyə, qayıtmağımı istəyirsiniz?"

Bəlkə də, onlara sadəcə təşəkkür etməli idim. Həmin təcrübə karyeramın gedişatını dəyişdi. Amma təəsüf ki, "qara buludlar" uzun müddət məndən əl çəkmədi. Gənc oyunçu kimi "Qenk"də çıxış edəndə, hətta "Çelsi" ilə müqavilə imzaladığım dönəmdə belə, Belçika mətbuatında çətin insan olduğum barədə yazılar oxuya bilərdiniz. Media həmişə qoruyucu ailə ilə bağlı hekayədən istinad nöqtəsi kimi istifadə edir, onu gündəmə gətirirdi.

Bəzən özümdən çıxıram - xüsusilə də meydanda. Normalda hisslərimi içimdə saxlamağa üstünlük verirəm, sonra birdən "partlayış" olur və ağlımı itirirəm. Adətən, beş saniyə sonra yenidən sakitləşirəm. Əksər hallarda yanlış anlaşıldığımı düşünürəm. Çünki futbolla bağlı etdiyim hər şeyin kökündə sadəcə bir şey dayanır: mən oynamaq istəyirəm.

"Çelsi"də olanda Joze Mourinyu ilə münasibətimizə dair mətbuatda gündə bir xəbər çıxırdı. Halbuki onunla cəmi iki dəfə danışmaq imkanım olmuşdu. Mənim planım daha bir müddət icarədə oynamaqdan ibarət idi. 2012-ci ildə "Verder Bremen"ə getdim və həmin mövsüm əla keçdi. Növbəti yay "Çelsi"yə qayıdanda bir neçə alman klubu mənimlə maraqlanırdı. Yurqen Klopp məni Dortmund "Borussiya"sının heyətində görmək istəyirdi. Onlar mənim zövq aldığım futbolu oynayırdılar. Mən də düşündüm ki, bəlkə "Çelsi" ayrılmağıma razılıq verər. Ancaq sonra Mourinyu mənə mesaj atdı: "Qalırsan. Komandanın parçası olmağını istəyirəm". Mən də öz-özümə düşündüm: "Ok, əla. Deməli, onun planlarına daxiləm".

Yeni mövsüm hazırlıqları çərçivəsində düşərgəyə yollandım. Onda vəziyyət yaxşı idi. Mövsümün ilk dörd matçının ikisinə start heyətində başladım. Normal oynadığımı düşünürdüm. Möhtəşəm deyildim, amma yaxşı idim. Dördüncü oyundan sonra hər şey bitdi. Əvəzedicilər skamyasına göndərildim və bir də normal şans əldə edə bilmədim. Heç səbəbini də bilmədim. Hansısa bir səbəbdən heyətdən kənar qalmışdım.

Təbii ki, mənim də müəyyən səhvlərim olmuşdu. Premyer Liqada oynayardım, amma özümü idarə etmək baxımından çox sadəlövh idim. Heyətdən kənar qalandan sonra məşqlərdə, demək olar ki, diqqətdən uzaq olursunuz - azarkeşlərin əksəriyyətinin bunu anlamadığını düşünürəm. Bəzi klublarda sanki sən yoxsan kimi davranırlar.

İndi başıma belə bir şey gəlsə, problem olmazdı. Təkbaşına məşq edə biləcək və özümə baxa biləcək qədər məlumatlıyam. Ancaq 21 yaşınız olanda nə edəcəyinizi bilmirsiniz. Kubokda "Svindon Taun"a qarşı oynamaq şansı əldə edəndə artıq formada deyildim. Həmin matçdan sonra mənim üçün "Çelsi" səhifəsi artıq qapanmışdı.
 


Dekabr ayında Joze məni ofisinə çağırdı. Bu, yəqin ki, mənim üçün həyatımın gedişatını dəyişən ikinci qırılma nöqtəsi idi. Joze önündəki kağızlara baxıb, dedi: "Bir məhsuldar ötürmə, sıfır qol və on top qazanma".

Nə etdiyini anlamağım bir dəqiqə çəkdi. Sonra digər hücum oyunçularının - Villian, Oskar, Mata, Şürle... - statistikalarını oxumağa başladı. 5 qol, 10 asist filan - belə bir şey. 

Sanki Joze nəsə deməyimi gözləyirdi. Nəhayət dilə gəldim: "Amma bu oyunçuların bəziləri 15-20 matçda meydana çıxıblar, mən isə cəmi 3 görüşdə oynamışam. Aramızda fərqin olması normal deyil?"

Çox qəribə idi. Yenidən icarə variantı haqqında danışmağa başladı. O vaxt Matanı da komandada saxlamaq istəmirdilər. Joze dedi: "Mata getsə, altıncı yox, beşinci alternativim olacaqsan".

Tamamilə dürüst idim. Cavabımda dedim: "Məncə, klub məni burada istəmir. Futbol oynamaq istəyirəm. İcarədənsə məni satmağınızı istəyərəm".

Deyəsən, Joze bir az məyus oldu. Amma məncə, o da oynamağa ehtiyacım olduğunu başa düşürdü. Nəticədə klub məni satdı və ortada problem qalmadı. "Çelsi" mənim üçün ödədiyi məbləğin iki dəfə artığını qazandı və mən "Volfsburq"da vəziyyətimi yaxşılaşdırdım.

Sonra hər şey dəyişdi. Amma hər şey təkcə futbolla bağlı deyil. Sonradan ailə həyatı quracağım insan artıq mənim yanımda idi. Bəlkə də, heç ona belə demədiyim mövzularda inkişaf etməyimə yardımçı oldu.

Bu hekayəni danışmaqda tərəddüd edirəm. Çox utanıram. Amma sizə qarşı dürüst olacağıma dair söz vermişəm və ona əməl etməliyəm. Hə, həm də gülməlidi.

Hər şey bir tvitlə başladı. O vaxt izləyicilərimin sayı elə də çox deyildi. "Verder Bremen"də icarədə olduğum dönəmdən bəhs edirəm. İndi tam xatırlamıram, oyun və ya başqa bir şey haqqında tvit atmışdım. Bir qız tvitimi bəyənmişdi. Onda şəxsi həyatımda heç kim yox idi, yalnız idim. Dostum qızın fərqinə vardı: "Gözəl qızdı, hə? Məncə, ona mesaj göndərməlisən".

"Yox, yox, olmaz... İnsanlar məni sevmir, bizdə alınmır. Mənə cavab verməz" - dedim. Telefonumu əlimdən aldı və qıza mesaj yazmağa başladı. Sonra telefonu mənə göstərdi: "Göndər" düyməsinə basım?"

Utandığımdan yerdə büzüşüb qalmışdım. Niyəsini bilmirəm, amma razılaşdım: "Yaxşı, göndər". Əslində, bu məsələ təkbaşına hər şeyi izah edir. Sözdə böyük futbolçuyam filan, ancaq gələcək həyat yoldaşıma mesaj göndərəcək qədər cəsarətim yox idi. Cürət edə bilmirdim.

Yaxşı ki, dostum əvəzimə mesaj göndərdi və qızdan cavab gəldi. Bir neçə ay mesajlaşdıq və bir-birimizi tanıdıq. Birini tanıdıqdan sonra mənim üçün işlər asanlaşır: sonrası mənlikdi. O, bir çox aspektdən həyatımı dəyişdi. Düzü, onsuz nə edərdim, bilmirəm.

İnsanlar "idmançıların xanımları" kimi bir etiket formalaşdırıblar. Məncə, bu, düzgün deyil. Həyat yoldaşım mənim üçün ən önəmli insandı. Xəyallarımı reallaşdırmağa yardımçı olmaq üçün 19 yaşında hər şeyini fəda etdi və mənimlə yaşamağa başladı. Bu "səyahət" boyunca birlikdə olmuşuq. Onu örnək aldığımı deyə bilərəm. Sayəsində qabığımdan çıxdım, insanlarla sosiallaşmağa başladım. Və o, bütün bu prosesləri o qədər gözəl idarə etdi ki...
 


2015-ci ildə "transfer pəncərəsi" zamanı onun ilk uşağımıza hamilə olduğunu öyrəndik. "Mançester Siti", PSJ və "Bavariya" kimi klublar mənimlə maraqlanırdılar. Mənim üçün çox stresli period idim. Yenicə ailəmizi formalaşdırırdıq. Hara transfer olacağım və ya harada yaşayacağımız haqqında heç bir fikrimiz yox idi.

Özüm "Siti"yə getmək qərarına gəldim. Vinni Kompani mənə tez-tez mesaj atırdı. Oradakı layihəni sevəcəyimdən bəhs edirdi. Nəticədə məndə klub haqqında yaxşı fikirlər formalaşmağa başlamışdı. Ancaq, eyni zamanda, "Volfsburq"a hörmətsizlik etmək istəmirdim. Çünki orada olmaqdan, həqiqətən də, zövq alırdım. Ona görə ağzımı bağladım və gözlədim. Mənim üçün bu, çətin bir şey deyil.

Üç həftə boyunca hər gün agentimlə danışırdıq: "Bitmək üzrədi"; "Gözlə, alınmadı"; "Hər şey yaxşıdı"; "Gözlə, yenə alınmadı". Stress həyat yoldaşıma da təsir edirdi. Bir səhər yuxudan oyandıq və o, pis xəstə idi. Nə edəcəyimizi bilmirdik. Uşağa nəsə olacağından qorxurduq. Sonra ağrıları daha da gücləndi və qanaxma başladı. Nə olduğuna dair heç bir fikrimiz yox idi. Tezbazar xəstəxanaya getdik. Qorxurduq ki, uşağı itirəcəyik. Şübhəsiz ki, həyatımın ən bərbad anı idi. Bir kənarda oturursan və əlindən heç nə gəlmir. Bir dəqiqə əvvəl tək düşündüyün şey transferin idi. Sonra anidən dünyan alt-üst olur.

Tanrıya şükürlər olsun ki, yekunda oğlumuzla bağlı məsələlər qaydasına düşdü. Onsuz nə edərdim, bilmirəm. Futbolda başıma gələn gözəl şeyləri belə, həyat yoldaşım və uşağımla bir tərəziyə qoya bilmərəm.

Bu, həyatımın gedişatına təsir edən üçüncü qırılma nöqtəsi idi. Çünki bu sayədə futbolun ölüm-qalım məsələsi olmadığını anladım. Həyatımın ilk 23 ilində, yəqin ki, futbola çox aludə olmuşdum. Xanımımla tanış olduqdan sonra və xüsusilə də ilk oğlumuz dünyaya gəldikdən sonra artıq bu yolda yalnız olmadığımı anladım. Ailəmi qurdum və sonra "Siti"yə keçdim, ardınca hər şey relsinə düşdü. Xüsusilə də ikinci mövsümümdə Pep Quardiola baş məşqçi təyin olunandan sonra...
 


Pep və mən bənzər təfəkkürə sahibik. Düzünü desəm, o, məndən də betər futbol xəstəsidi. Hər dəqiqə gərgindi. Bizdən - futbolçulardan iki dəfə daha çox mental təzyiqə məruz qalır. Çünki onun dərdi təkcə qazanmaq deyil. O, mükəmməllik axtarışındadı.

Peplə ilk görüşümüzdə mənə dedi: "Kevin, qulaq as, asanlıqla dünyanın ən yaxşı 5 futbolçusundan biri ola bilərsən. Top-5! Asanlıqla!"

Təəccüblənmişdim. Ancaq Pepin bunu mənə inanaraq deməsi bütün fikirlərimi dəyişdi. Dahiyanə idi, məncə. Çünki onu yanıltmaq əvəzinə, haqlı olduğunu sübuta yetirmək məcburiyyətində olduğumu hiss etdim.

Futbolda sistem neqativlik və qorxu üzərinə qurulub. Amma Pep ilə birlikdə futbol həddindən artıq pozitivdi. Müəyyənləşdirdiyi hədəflərə çatmaq, demək olar ki, imkansızdı. Hə, o, taktika ustasıdı. Bu barədə şübhəyə ehtiyac yoxdu. Amma kənardakı insanlar mükəmməlliyə çatmağa çalışan Pepin özünə yüklədiyi təzyiqi görmür.

Son mövsüm mənim üçün yaxşı getmirdi. Zədələr və qaçırdığım matçlar mental baxımdan çox ağır idi. Tribunalardan oyunları izləmək mənim üçün işgəncədən də betərdi. Bunun öhdəsindən gələ bilmirəm.

Həyat yoldaşım məndə problem olduğunu düşünür. 7 ilə yaxındı ki, birlikdəyik və məni heç vaxt ağlayan yerdə görməmişdi. Hətta cənazələrdə belə, ağlamıram. Mövsümün əvvəllərində "Fulhem"lə oyunda dizimdən zədə aldım. Bağlarımda problem yaranmışdı. Həkimlər bir müddət sarğı taxtasından istifadə etməli olduğumu dedilər. Bu, qorxunc bir şeydi. Hətta alt paltarını belə köməksiz geyinə bilmirsən. Ancaq daha da pisi - zamanlama bərbad idi. Çünki ikinci oğlumuz cəmi bir gün əvvəl dünyaya gəlmişdi.  "FaceTime"-də həyat yoldaşıma zəng edib, son xəbərləri ona çatdıranda xəstəxanadan evə yeni gəlmişdi.

Uşağın vəziyyətini soruşdum. "Hər şey yaxşıdı. Sən ağlayırsan?", - deyə cavab verdi. Yəqin ki, gözümə toz qaçmışdı.

"Sənə bəzi pis xəbərlərim var. Yenə dizim... Daha bir müddət sarğı taxtasından istifadə edəcəm. Bundan sonra iki yox, üç uşağa baxmalı olacaqsan" - dedim.

Sonra göz yaşlarımı saxlaya bilmədim. Oğlumuz dünyaya gəldiyi üçün emosional idim, yoxsa bir neçə oyunu qaçıracağım üçün idi, bilmirəm, bəlkə də, hər ikisi. Amma "FaceTime"-də, lənətə gəlmiş ön kamera qarşısında hıçqıraraq ağlayırdım. Həyat yoldaşım gözlərinə inana bilmirdi. Sanki demək istəyirdi: "Heç toyumuzda ağlamamışdın! Oğulların dünyaya gələndə belə, ağlamamışdın! Hətta onlardan biri DÜNƏN dünyaya gəlib!"
 


Zənnimcə, bu, hər şeyi izah edir. Toylar, cənazələr, doğuş... - boş şeylərdi, dəmir kimiyəm. Ancaq futbolu həyatımdan çıxarsanız? Ya da yaddan çıxarın, cəhd belə etməyin. Öhdəsindən gələ bilmərəm.

"Siti"dəki layihəmizin məqsədi təkcə qələbə qazanmaq deyil. Hər şey müəyyən oyun tərzinə və fəlsəfəyə sahib olmaqla əlaqədardı. Buna görə hər gün səhər tezdən oyanırıq, buna görə detallara bu qədər önəm veririk və buna görə hamımız limitlərimizi maksimum sıxırıq.

Sadə futbol oynamaq dünyanın ən çətin işidi. Meydanda özünü axına buraxmaq? Mənim üçün həyatda bundan daha böyük zövq yoxdu. İmkansızı bacaracağıq və ya bizdə alınmayacaq, fərqi yoxdu, qapılıb getdiyimiz bu "dalğa", məncə, futbolu həqiqətən sevən hər kəs tərəfindən qiymətləndirilməlidi. "Siti"də ən yaxşı oyunumuzu oynamaq, su kimi axmaq... - bunu necə izah edim? Meditasiya ilə məşğul olanların işlətdikləri bir söz var... Hə, tapdım: nirvana. Bu, mənim üçün nirvanadı.
 

 
Deyəsən, bir az qəribə insanam. Nəticədə özümü futbol vasitəsilə ifadə edən biriyəm. Amma bu, mənim hekayəmdi.

Hekayəmi bölüşməyimə imkan yaratdığınız üçün təşəkkür edirəm.

Danışmağıma icazə verdiyiniz üçün təşəkkür edirəm".

Tərcümə: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR