Füzuli Məmmədov:

Füzuli Məmmədov: "Məşqlərə "qarın"la gələn futbolçular olurdu"

Karantin dönəmində növbəti müsahibimiz "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovdu.
 
Veteran futbolçu, millimizin sabiq üzvü Sport7.az-a müsahibəsində hazırkı vəziyyətdən, qarşıdakı planlarından və komandanın durumdan danışıb. Eyni zamanda "Neftçi"nin şansları ilə bağlı sualları da cavablandırıb.

- Karantin necə keçir?

- Evdə oluram. Ehtiyac yarananda marketə gedirəm. Başqa heç yerə çıxmıram, uşaqlarla əlaqə saxlayıram.

- Darıxmamaq üçün nə ilə məşğul olursuz?

- Həmişə işdə olanda evə ancaq yatmağa gəlirsən. Ona görə nə etsəm, başımı necə qatmaq istəsəm də azdı. Əlbəttə, klubla, komanda ilə bağlı gələcək üçün işlər görürəm. Amma bu da azdı. İstər-istəməz adam evdə darıxır. 

- Futbolçulardan hansılarla əlaqə saxlayırsız, onlara nə tapşırıqlar verirsiz?

- Əlbəttə, bütün futbolçularla hər gün görüntülü şəkildə əlaqə saxlayıram. Bu gün hər bir futbolçuya 4-cü həftənin proqramı göndərilib. Ev şəraitində verilən tapşırıqları yerinə yetirirlər. Günün sonunda isə əlaqə saxlayıb nəyi necə, hansı müddət ərzində etdikləri barədə danışırıq. 

- Evdə necə məşğul olurlar?

- Əvvəllər parklarda qaçırdılar. İndi çölə çıxa bilmirlər. Ancaq və ancaq ev şəraitində çalışırlar. Bəzi futbolçularımızın evində qaçış aparatı var, hər gün ondan istifadə edir. Qalan tapşırıqları da özləri yerinə yetirirlər. Bununla bağlı video çəkib göndərirlər. Fiziki hazırlıq üzrə məşqçimizə məlumat verirlər. Biz də onlara uyğun tapşırıqlarımızı çatdırırıq. Demək olar futbolçuların hamısı məşq edir. Kimdənsə xəbər almayanda, yaxud yatanda, məşqdə olanda və telefona cavab verməyəndə, dərhal baş menecerimiz onunla əlaqə saxlayıb, bizə məlumat verir. 

- Belə fasilələrdən sonra istər-istəməz futbolçularda çəki artımı müşahidə olunur. Ev şəraitində bunu tənzimləmək mümkündü?

- Əlbəttə, məşqlər dayandırılana qədər hər birinin optimal çəkisi ilə bağlı məlumat bizdə var idi. Hamısına nəzarət edirik. Futbolçular bilirlər ki, çəkiləri nə qədər olmalıdı. Onlara tapşırmışam ki, nəzarət etsinlər. Gündəlik məşqlərə, qidalarına nəzarət etsələr çəkiləri artmayacaq.

- Çəkisi artan futbolçu var?

- Xeyr, inanın mənə, hamısı şəkil çəkib göndərirlər. Hər gün futbolçular haqda məlumat alırıq. Eləsi var məşqlərini səhər, günorta və ya axşam edir. Bu üzdən axşamı gözləyirəm və hamısı haqda məlumat toplayıram. Məlumat olmayan futbolçu ilə bağlı əlaqə saxlayıram, səbəbini öyrənirəm. Eləsi var ki, özünü pis hiss etdiyini və məşqləri sonra yerinə yetirəcəyini deyir. Həftə ərzində onlara 6 məşq göndərilir. Əslində, bu məşqlər normal sayılmır. Biri var futbolçu məşqlərə 0-dan başlaya, biri də var ki, əzələsi müəyyən "yük" görmüş olacaq. Yəni 0 olmayacaq. Bu futbolçuların ümumi durumu üçündü. Təkcə çəki deyil, əzələ də işləməlidi. Məşqlər veririk ki, əzələlər tonusda qalsın. "Yüklənmə" hərəkət, məşq olduqca, enerji itirirsən. Deməli, çəki də yerində qalır. Ən önəmlisi odu ki, yeməklərinə diqqət etsinlər. İstər-istəməz tam "yüklənmə" almırlar. Kalorili yeməklər yemirlər. Onlar məşq etdikləri zaman da kalorili yeməklər yemirdilər. Çəki artandan sonra onu azaltmaq çətin olur. Evdə məşq etmək o demək deyil ki, formadadılar. İstər-istəməz formadan düşürlər. Ümumi bədəni "ölməyə" qoymurlar.

- Siz də ev şəraitidə fiziki fəaliyyətlə məşğul olursuz?

- İnanın mənə, təkcə bu gün məşq etməmişəm. Axşam məşq edəcəm. Hər gün çalışıram. Bunların hamısını etməyə indi şəraitim var. İmkan olanda parkda hər gün qaçırdım. Amma indi çölə çıxmağa imkan vermirlər. Çalışıram ki ev şəraitində çəkimə, fiziki durumuma diqqət edim. 

- Çəkiniz artmayıb ki?

- Xeyr, hələ kökəlməmişəm (gülür). Karantindən əvvəl 77 kq idim, indi də eyni çəkidəyəm.

- Qadağalar bitəndən nə qədər sonra çempionata başlamaq olar?

- Hələ ki, bu haqda heç bir məlumat yoxdu. Çempionatın nə zaman başlayacağını bilmirik. Karantin bitə də bilər, uzadıla da. Tam məlumat olmadıqda nəsə söyləmək düz deyil. Demək olar futbolçular 1 aya yaxındı ki, heç nə etmirlər. Onları bərpası üçün ən azı 3 həftə vaxt lazım olacaq. Amma vaxtın uzadıla biləcəyini nəzərə alsaq, vəziyyət daha da çətinləşə bilər. Əlbəttə, əsas futbolçuların sağlamlığını düşünürəm. Bu haqda çox narahatam. Təsəvvür edin, hansısa futbolçu və ya onun yaxını xəstələnsə bu daha üzücü olar. Tək arzum budu ki, koronavirus bəlası aradan qaldırılsın. Təkcə biz deyilik, hamının işi-gücü vardı. Dövlətimizdə də çətinliklər yaranıb. Bunlar hamısı qaydasına düşsün, hamı işinə davam etsin. Yeganə arzum budu. Əsas da sağlamlıq olsun.

- Karantindən sonra çempionatımızda hansısa dəyişikliklər ola bilər?

- Bununla bağlı heç nə deyə bilmərəm. İstər-istəməz bu hər kəsə, çempionata da təsir edib. Əvvəlcədən hər kəsin proqram vardı. İndi proqramlar yenidən tərtib olunmalıdı. Yenə də çempionatın nə vaxt başlayacağını bilmirik.

- Azərbaycan 2003-də futbolsuz qalanda futbolçu idiz. Həmin günlərlə indini necə müqayisə edərdiz?

- Əlbəttə, xeyr. İndi tam başqa bir durumdu. Evdən çölə çıxa bilmirsən. Həmin vaxtları tam xatırlamıram, futbol oynayırdım. İndi daha çətin durumdu.

- Ümumiyyətlə, karyeranızda bundan daha çox futbolsuz qaldığınız dönəm olub?

- Belə bir şey olmayıb, xatırlamıram. Siz dediyiniz vaxtlarda, 2001-2002-ci illərdə mən millinin üzvü idim. Həmin vaxtlarda heç bir milli üzvü futbolsuz qalmadı. Çünki təlim-məşq toplanışlarına gedirdik. Toplanışdan qayıdandan sonra İran komandası ilə müqavilə bağladım. Amma belə bir şey olmamışdı ki, evdən çölə çıxa bilməyək. Futbolsuz qalsaq da, məşqlərimizi davam etdirirdik. İrandakı toplanışdan sonra mən qayıtmadım, orada qaldım. Yay, qış fasiləsi olurdu. Bu da uzağı 20 gün, 1 ay davam edərdi. Həmin müddətdə də məşqsiz qalmazdım. Tətildən qayıdanda, uzaqbaşı 1 kiloqram artıq çəkim olurdu. Heç vaxt 4-5 kq artıq çəkim olmayıb. İndi də artıq çəkim olanda özümü narahat hiss edirəm. İndiki durumla müqayisə? Elə o vaxtlar da məşqlərə "qarın"la gələn futbolçular olurdu. Sadəcə, mən belə idim. İndi, məsələn öz komandamızda, adını çəkmək istəmədiyim elə futbolçular var ki, məşqlərə ideal çəkidə gəlirlər. Onları "yükləməyə" ehtiyac qalmır. Yəni 4-5 kiloqram artıq çəki ilə gələnlər olmur. Uzaqbaşı 1-2 kiloqram fərq olur ki, bu da normaldı. Ötən yay "Neftçi"də elə də böyük tətil olmadı, çünki komanda Avroliqaya hazırlaşırdı. Tənbəl hər zaman var. İndiki dönəmdə də futbolçular peşəkar olmağa çalışırlar. Çəkilərinə yeməklərinə diqqət yetirirlər. Bəzən çempionat ərzində də hansısa futbolçular artıq çəki ilə oynayırlar. Amma "Neftçi"də belə deyil. Futbolçularımız özlərinə diqqət yetirirlər.

- Çempionatın ən maraqlı derbilərindən olan "Neftçi" - "Qarabağ" matçı ərəfəsində karantin başladı və oyun təxirə salındı. Əksəriyyət bunun "Neftçi" üçün taleyüklü matç olacağını düşünür. Şanslar barədə siz nə deyə bilərsiz?

- Hər zaman verilişlərdə demişəm ki, sona qədər mübarizə aparacağıq. Düzdü "Qarabağ"la aramızda böyük, 8 xal fərq var. Yenə də sona qədər vuruşacağıq. Çünki mən insan kimi də beləyəm. Pis zaman deyəndə, şərtlər hər iki komanda üçün eyni oldu. Karantin, xəstəlik yayılması bütün klublar üçün pis oldu. Mən belə düşünürəm. İstərdik ki, çempionat davam etsin, hər şey qaydasında olsun. 

- Yəqin ki, fasilə müddətində "Neftçi"nin taktikası, oyun üslubu haqda da düşünməyə də vaxtınız oldu. Karantindən sonra komanda üçün hansısa yeniliklər tətbiq etməyi fikirləşirsiz?

- Yəqin ki, oyunlarımızı mütəmadi şəkildə izləyirsiz. İstər-istəməz dəyişikliklər olurdu. Yaxşılığa doğru gedirdik. Bunu gözlərimlə görürdüm. Həm düşüncə, həm də oyun üslubu baxımından dəyşikliklər hiss edilirdi. Bir yolumuz var, davam edib, daha yaxşı olmağa çalışacağıq.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR