Gələcəyin xəbərçisi / Lobanovskisiz 17 il

Gələcəyin xəbərçisi / Lobanovskisiz 17 il

"Daxili çempionatın oyunlarından birinə hazırlaşırdıq. Bazada uzanıb, istirahət edirdik və birdən Kiyev "Dinamo"sundan zəng gəldi. Dedilər ki, görüşmək istəyirlər. Bu, mənim üçün həm sevindirici, həm də gözlənilməz idi. Məni telefona çağırdılar. 

"Mənim 17 yaşım var və özüm gələ bilmərəm" - dedim. 

"Atanı, ya da əmini götür, gəl. Qalan hər şeyi özümüz həll edəcəyik" - dedilər. 

Onda mənim heç bilet almağa da pulum yox idi. Tbilisi "Dinamo"sunda məvacibim təxminən 200 dollar olardı. Atamla getdik. Bizi qarşıladılar və "Dinamo"nun stadionuna apardılar. Dedilər ki, indi Lobanovski ilə görüş olacaq. Yadımdadı, biz onun kabinetinə daxil olan kimi ayağa qalxdı və salamlaşdı. Mənə dedi: "Yaxşı futbolçu olmaq istəyirsənsə, mənə qulaq asmalısan".

O, nəinki futbolçu, həm də insan kimi mənə çox şey öyrətdi. Mən Gürcüstandan, Belkeviç və Xaçkeviç Belarusiyadan, qalanları isə Ukraynadan idi. Onun formalaşdırdığı komanda yarımfinalda "Bavariya" kimi komanda ilə üz-üzə gəldi. Ancaq onları keçmək üçün yalnız təcrübəmiz yetmədi.

Lobanovskinin öz taktikası var idi. O, xüsusilə də, ciddi nizam-intizamı ilə seçilirdi. Fəxr edirəm ki, belə bir məşqçi ilə çalışmaq imkanım olub. Komandamıza baxsanız, görərdiniz ki, ilk dəqiqədən etibarən pressinq edirdik. Kiyev "Dinamo"suna mərkəz müdafiəçisi kimi gəlmişdim, amma sonda universal futbolçuya çevrildim. Sol cinah müdafiəçisi, həm də dayaq və sol cinah yarımmüdafiəçisi kimi oynamağı bacarırdım.
 
İndi də həmin illərin Çempionlar Liqasındakı oyunlarımıza baxanda həzz alıram. Bu, gələcəyin futbolu idi. Əvvəl hansısa texnikalı futbolçu topa sahib olub irəliləyirdi və onun yaxınlığında rəqib oyunçulardan heç kim olmurdu. Amma Lobanovski gələcəyə baxıb deyirdi ki, futbol inkişaf edir və gələcəyin futbolu - sürət və gücdür. Bu günün futbolu da onun dediyi kimidir.

Yadımdadır, Lobanovski xəstəxanada olanda oyunumuz var idi. Matç başa çatandan sonra bizə dedilər ki, vəziyyəti pisləşib. Onu xəstəxanaya aparmışdılar, komada idi. Təəssüf ki, ertəsi gün keçindi. Şevçenkodan fərqli olaraq, ora gedə bilmədim. Çempionlar Liqasında oyunumuz var idi və Şeva diskvalifikasiya olunmuşdu. Məni isə komandadan buraxmadılar".

Bu, Kaxaber Kaladzenin dahi məşqçi, "futbolun akademiki" adını qazanmış Valeri Lobanovski haqqında xatirələrindən bir parçadır. Bu gün onun vəfatından 17 il ötür. Lobanovski məşqçi kimi dünya futbolunda xüsusi çəkisi olan olan şəxsiyyətlərdən biridi. O, dəfələrlə SSRİ və Ukrayna çempionatının qalibi olub. Lobanovskinin kolleksiyasında həmçinin iki UEFA Kuboklar Kuboku və bir UEFA Superkuboku da var. Ən əsası isə o, dünya futboluna Andrey Şevçenko və Kaxaber Kaladze kimi ulduzları bəxş edib.




OXŞAR XƏBƏRLƏR