Gimnastlarımız növbəti dəfə xalça üzərinə çıxacaq

Gimnastlarımız növbəti dəfə xalça üzərinə çıxacaq

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.

Sport7.az xəbər verir ki, "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın üçüncü günündə gimnastlar fərdi proqram üzrə gürzlər və lentlə təsnifat mərhələsində güclərini sınayırlar.

Milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova xalça üzərinə çıxacaqlar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda Səfərova 24-cü, Qudis 26-cı, Ağamirova isə 28-ci nömrə altında lentlə proqramlarını təqdim edəcəklər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparacaq. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışacaqlar.

Sentyabrın 19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə "Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.

Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR