Gürcülər qarşısında səsi batan qəbələlilər

Gürcülər qarşısında səsi batan qəbələlilər

Ötən gün doğma meydanda Tiflis "Dinamo"suna yenilən "Qəbələ" bir neçə il öncə, daha doğrusu 2015/2016 mövsümündə Avroliqanın ilk təsnifat mərhələsində elə bu rəqibi Qəbələdə məğlubiyyətə uğratmışdı. Hansı ki, həmin vaxt məhz Roman Qriqorçukun rəhbərlik etdiyi "Qəbələ" təmsil etdiyi bölgədə mərhələni adlamaq üçün favorit göstərilirdi. Baxmayaraq ki, elə o vaxt da "Dinamo" yaxşı formada idi, Gürcüstanda 2:1 hesablı qələbə qazanmışdı və bizimkilərə ciddi çətinliklər yaradacağı düşünülürdü. 

Dünənki matçda da gürcü komandası ilə bağlı durum elə eyni olaraq qalmışdı. "Qəbələ"də isə xeyli dəyişikliklər olub. Belə deyək, Qriqorçuklu komanda gedib, əvəzinə başqa heyət və baş məşqçi gəlib. Təbii ki, belədə yeni, özü də böyük hissəsi gənclərdən qurulmuş kollektivdən ciddi irəliləyiş gözləməyə dəyməzdi. Təcrübəsizlik, komandanın avrokuboklara yetərincə hazır olmaması özünü göstərdi. Bu səbəbdən artıq favorit də dəyişib. "Qəbələ"ni Tiflisdə, Boris Payçadze adına stadionda çətin, çox çətin oyun gözləyir. Düzdü bu o demək deyil ki, hesab dəhşətlidi, "Dinamo" keçilməzdi. Əsla! Belə düşünməyə ehtiyac yoxdu. Sadəcə, növbəti oyuna daha yaxşı hazırlaşmaq və yenə bu rəqibə çətin anlar yaşatmaq, ən azı qapını möhkəm çırpmaq lazımdı. Ən üzücü məqam "Qəbələ"nin gürcülərə öz meydanında uduzması oldu. Hansı ki, Qəbələdə sərfəli nəticə qazanmaq və Gürcüstana daha rahat yollanmaq olardı. Ancaq bunu "Qəbələ" hazırkı durumda tək bacara bilməzdi. Heç şübhəsiz "12-ci oyunçu"nun, yəni, qəbələli azarkeşlərin də dəstəyi çox vacib idi. Təəssüf ki...

Dünənki matçda "Qəbələ"yə lazımi şəkildə dəstək verənləri görmədik. Yalnız bir qrup azarkeş (güman ki, fanklub idi) paltarlarını soyunub qışqır-bağır salmışdı ki, onların da səsini stadiona gələn az sayda gürcü fanatları "batırırdı". Gürcülər Qəbələdə özlərini o qədər rahat hiss edirdilər ki, hətta arada bizimkilərə söz atmağa, təxribatçı əməllərini nümayiş etdirməyə də vaxt tapdılar. Nəticədə tərəflər arasında kiçik insident də yaşandı. Halbuki, hər şey əksinə olmalı idi. Qəbələ camaatı, hətta, fanat olmayan, stadiona yalnız oyuna baxmağa gələnlər də fanklubun səsinə səs verib, gürcüləri elə hala salmalı idilər ki, onlar Azərbaycana səfər etmələrinə peşiman olsunlar. Təbii ki, dava-dalaşla deyil "Qəbələ"yə dəstək göstərməklə, stadionda qışqırmaqla, şüar səsləndirməklə. Məsələn, "Forza Neftçi", yaxud "İmarət" olsa, heç nəyə baxmazdılar və sevimli komandaları naminə bunu edərdilər, gürcülərin səsini batırardılar. Ki, həm "Qarabağ", həm də "Neftçi"nin avrokuboklarda gürcü komandaları ilə oyunlarında buna şahidlik etmişik. Hansı ki, həmin vaxtlar Azərbaycana oyuna baxmaq üçün gələn gürcülər qorxularından səslərini belə çıxara bilmirdilər. "Xəzər Lənkəran" heç vaxt qrupa düşməmişdi. Amma lənkəranlıların daim sevimli komandalarına verdiyi dəstəyin heç yarısını qəbələli azarkeşlər bacarmadı. 

Təəssüflər olsun ki, satdiona gəlib sakitcə, oturub tum çırtlayan, yaxud mobil telefonla oynayan və ya sadəcə, susub oyuna baxan tamaşaçılar bunu edə bilmədilər, gürcülər qarşısında aciz qaldılar. Hə arada bir neçə saniyəlik "Qəbələ", "Qəbələ" səsləri eşidilirdi. Bu isə bilirsiz nəyə bənzəyirdi? Kinoteatra gedib, qorxu filmi izləyən, oradakı hadisələri görəndə, qorxudan bir neçə saniyəlik qışqırıb sonra yenə "popkorn" yeyə-yeyə sakitcə dayanan tamaşaçılara. Halbuki, məhz bu oyunda, həmin gün "Qəbələ"nin gənc futbolçularına dəstək, məşqçilər korpusuna ürək-dirək vermək vacib, hətta, vacibdən də vacib idi. Stadiona toplaşan qəbələlilər bu addımları ilə göstərdilər ki, futbol onlar üçün heç də ön planlarda deyil. Klub rəhbərliyinin də azarkeşlər üçün çəkdiyi əziyyət boşunadı. Yəni ortabab klub saxlamaq asandı, öz akademiyanın uşaqlarına güvənəcəksən, bir iki legioner də gətirib, say düzəldib, oynayacaqsan. Ancaq hər dəfə klubdan böyük şeylər tələb edən qəbələli azarkeşlər, komanda bir balca zəifləyən kimi, dəstəklərini də kəsdilər. Əslində, ümumi götürəndə, heç "Qəbələ" qrup mərhələsində oynadığı vaxtlarda da sırf qəbələli azarkeşlərdən böyük dəstək görmürdü. Yalnız fanklub az-çox nəsə etmək istəyirdi. Bakıdakı oyunlarda ajiotajın yaranmasına səbəb isə stadiona gələn neytral tərəfdarlar idi. Onlar da Azərbaycan komandası olduğu üçün dəstəklərini əsirgəmirdi, nəticədə tribunalarda səs-küy yaranırdı. 

Fakt görünən odu ki, rəhbərliyin çabalarına baxmayaraq "Qəbələ" təmsil etdiyi bölgədə yetərincə dəstək hiss etmir. Ona görə də komanda üzvləri Bakıda məskunlaşdığı üçün rəhbərliyi qınamaq yersiz və mənasızdı. Elə komanadadan böyük uğur gözləmək də...

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR