Gözdən-könüldən uzaqda “futbol bayramı”

Gözdən-könüldən uzaqda “futbol bayramı”

Bazar günü Azərbaycan kubokunun sahibi məlum olacaq. "Qəbələ” ilə "Sumqayıt” mövsümün sonuncu qənimətini, həm də Avropa Liqasında ölkəmizi təmsil etmək üçün vəsiqəni qazanmaq uğrunda mübarizə aparacaqlar. Sevinən tərəf həm də ilə imza atacaq...

Sonda kimin sevinəcəyi indidən məlum olmasa da, dəqiq bilinən bir şey var. Kubokun finalında nə anşlaq yaşanacaq, nə də futbol bayramı. AFFA ilə PFL-in birgə qərarı həm azarkeşləri, həm də idman mətbuatını çıxılmaz vəziyyətdə qoyub. Nə azarkeşlərin toplu halda finalı canlı izləmək imkanı olacaq, nə də mətbuat nümayəndələrinin.

Buna gərək vardımı?

Atalarımız zorla gözəllik olmaz deyiblər. 2-3 ildən bir ölkə kubokunun finalını Naxçıvana təyin etməklə böyük futbolu ora qaytarmaq mümkün deyil. Edilən cəhdlər də imitasiyadı, vəssalam. O boyda Muxtar Respublika bir peşəkar komanda yaradıb, Azərbaycan Premyer Liqasında təmil oluna bilmirsə, siz nədən danışırsız? Bəli, inzibati yollarla Naxçıvan şəhər stadionunun tribunaları doldurulacaq, büdcə təşkilatlarında çalışanlar al günün altında 90 dəqiqə dodaqlarını çeynəyəcək, futbolu yaradanı da, finalı Naxçıvana salanları da yağlı söyüşlərə qonaq edəcəklər. Əmin ola bilərsiz.

Əvəzində "Qəbələ” ilə "Sumqayıt”ın azarkeşlər öz sevimli komandalarına dəstək verə bilməyəcək, tarixi uğurun sevincini öz futbolçuları ilə birlikdə tribunada yaşamaqdan məhrum olacaqlar. Uzağı hər klub özünün 45-50 azarkeşini Naxçıvana aparacaq. Bəlkə də idman mətbuatının bir-neçə təmsilçi də ya daxili imkanlar, ya da klublarla şəxsi əlaqələri sayəsində Naxçıvandakı finala yollanacaqlar. Başqa heç nə. Qalanları isə gözünü mavi ekrana dikməyə məhkumdu. Nə fərqi var, Çempionlar Liqasının finalını da televizordan izləyirik, Azərbaycan kubokunun finalını da.

Əvvəllər Azərbaycan kubokunun finalını PFL əsl futbol bayramına çevirirdi. Ölkə futbolunun baş məbədi olan Tofiq Bəhramov adına Respublika stadionunda atəşfəşanlıq yaşanır, bununla həm də 28 may Cümhuriyyət günü qeyd edilirdi. Hamısı tarixdə qaldı.

Finala çıxanların hər ikisi əyalət təmsilçisidi. Bunun belə olacağı da xeyli vaxt idi ki, məlum idi. "Neftçi” hələ qış fasiləsi ərəfəsində kubok mübarizəsini dayandırmışdı. Deməli, ölkə kubokunun finalını paytaxtda keçirmək istəyinə heç kim etiraz etməyəcəkdi. Əksinə, indiki halda Bakı finalçıların hər ikisi üçün neytral meydan idi. Həm azarkeşlər futbol bayramında zövq alacaqdılar, həm də jurnalistləri finala aparmaq üçün heç bir əlavə xərcə ehtiyac qalmayacaqdı.

Amma artıq gecdi. PFL-in verdiyi tələsik qərarın fəsadlarını hamılıqla yaşamaqdayıq. Keçmiş olsun!

Amal ABUŞOV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR