AFFA Hakimlər və Hakim-inspektorlar Komitəsinin sədri
Firts Stuxlikin köməkçisi olan Elçin Məmmədov vəzifəsindən ayrılıb.
Sport7.az xəbər verir ki, Məmmədov bundan sonra
yalnız Futzal Federasiyandakı işinə davam edəcəyini söyləyib.
"Futbol+” qəzetinə açıqlamasında sabiq referi öz
istəyi ilə istefa verdiyini deyib: "Mediada yazılıb ki, işdən qovulmuşam. Bu,
belə deyil. Hamı hər şey yazır. Öz istəyimlə istefa vermişəm. Həm AFFA Hakimlər
və Hakim-inspektorlar Komitəsində, həm də Futzal Federasiyasında çalışırdım.
İki işi bir yerdə görmək alınmırdı. Bu üzdən ərizəmi yazıb, ordan ayrıldım. Mənə
etimad göstərdiklərinə görə AFFA rəsmilərinə, Elxan Məmmədova təşəkkürümü
bildirirəm. Futzal Federasiyasındakı vəzifəmə davam edəcəm. Orda hakimlərin əlaqələndiricisi
kimi çalışacam. Bir daha deyirəm, məni işdən çıxarmayıblar, özüm istefa vermişəm”.
Qeyd edək ki, mediada dolaşan xəbərlərdə AFFA-nın fəaliyyətində
ciddi nöqsanlara yol verən sabiq referini cəzalandırdığı bildirilib. Qurumun
Elçin Məmmədovu Hakimlər və Hakim-İnspektorlar Komitəsi üzvlüyündən kənarlaşdırmaq
haqda qərar verdiyi vurğulanıb. Məmmədovun özünə aid olmayan məsələlərə
qarışması və işinə ciddi yanaşmaması səbəbindən uzaqlaşdırıldığı deyilir. Xəbərlərdə
quruma Elçin Məmmədovun əvəzinə sabiq FİFA referisi, hakim-inspektor Babək
Quliyev gətirildiyi bildirilib.
İşindən ayrılan Məmmədovu sabiq FIFA referisi Babək
Quliyev əvəzlədiyi deyilir. Babək bəy "Futbol+”in soruğusuna cavabında bu məsələnin
hələ dəqiqləşmədiyini vurğulayıb: "Elçin Məmmədov öz istəyi ilə Hakimlər və
Hakim-İnspektorlar Komitəsindəki işindən ayrıldı. Hazırda onun yerinə heç kim təyin
olunmayıb. Buna AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qərar veriləcək.
Qurum kimi bu vəzifəyə layiq görərsə, o da işinin icrasına başlayacaq. Belə təyinatlar
İcraiyyə Komitəsinin qərarı ilə həyata keçirilir. Rəsmi təyinat olan kimi
ictimaiyyətə bu barədə məlumat veriləcək”.
Babək bəy Elçin Məmmədovun istefasından da danışdı:
"O, işlərinin çoxluğunu əsas tutaraq rəsmi şəkildə ərizə verərək vəzifəsindən
getdi. Mediada yazılanlar yox, Elçin Məmmədovun verdiyi açıqlama doğrudu. Kimsə
onu işindən azad etmədi. Yenə deyirəm, işlərinin çoxluğunu əsas gətirərək belə
qərar verdi”.
Göründüyü kimi, aylar, illər keçir. Amma Hakimlər
Komitəsindəki müəmmalar, dolaşıq işlər, vəzifə və mənsəb davası bitmir. Mövzunu
yenə də diqqətdə saxlayacağıq.
Sport7.az