"Haqsızlıq edənləri Allaha həvalə etmişəm" - Xanım futbolçu

Futbolsevər xanımlarla müsahibələrə davam...

Bugünkü həmsöhbətim qadınlardan ibarət millimizin keçmiş futbolçusu Tünzalə Süleymanovadır. O, saytımıza müsahibəsində həm özü, həm də futbolla bağlı fikirlərindən bəhs edib.

- Əvvəlcə səni yaxından tanıyaq...
- Tünzalə Süleymanova. 26 fevral 1987-ci il tarixində anadan olmuşam. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasını bitirmişəm. İllər öncə Azərbaycanın qızlardan ibarət A milli komandasında oynamışam.
 


- Futbola marağın haradan yaranıb?
- Futbola uşaq yaşlarından marağım vardı. Əslində yüngül atletika ilə məşğul olurdum. Qızlar arasında Azərbaycan çempionatı keçiriləndə mən də Sumqayıt komandasının adından çıxış etmişdim. Məni "Ruslan-93" komandasına dəvət etdilər. Elə o vaxtdan futbol oynamağa başladım.

- Futbola getməyinə ailən tərəfindən narazılıq oldu?
- Xeyr, heç bir narazılıq olmadı.

- Hər halda onlarda da futbola sevgi var?!
- Elə də futbola maraqları olmayıb. Amma mənlə birgə bacım da futbolla məşğul olub.

- Bacın kimdir?
- Süleymanova Gülnarə. Elə ikimiz birgə yüngül atletika ilə məşğul olurduq. Sonra keçdik futbola və eyni komandada oynadıq.

- Azarkeşlik etdiyin komanda olub?
- Futbolu o qədər çox sevirdim ki, rəsmən futbolla yaşayırdım. Daha çox türk futboluna baxırdım. Klublardan "Qalatasaray", futbolçulardan isə İlhan Mansızı bəyənirdim. Avropada isə "Mançester Yunayted" və Devid Bekhemə rəğbət bəsləyirdim.

- İndi də "Qalatasaray"a azarkeşlik edirsən?
- Xeyr. Bacım ailəlidi və Türkiyədə yaşayır. Onlar ailəliklə "Beşiktaş"a azarkeşlik edirlər. Mən də bacımın övladlarına görə "Beşiktaş"ı dəstəkləyirəm. (gülür)...

- Bəs futbolçu karyeranı nə vaxt bitirdin?
- Əslində oynamaq istəyirdim. Ancaq məni futboldan iyrəndirdilər.

- Kimlər?
- Ad açıqlamaq istəmirəm. Haqsızlıq edənləri Allaha həvalə etmişəm. Özü bildiyi kimi etsin.
 


- Haqsızlıq deyəndə nəyi nəzərdə tutursan?
- Mən özümə güvənirdim və öz oyunumu oynayırdım. Özümü əyən biri deyiləm. Hər halda boyun əyməməyim xoşlarına gəlməmişdi. Nə istədiklərini dəqiq bilmədim.

- Bu haqsızlıq tək sənə qarşı idi, yoxsa başqa qızlara qarşı da vardı?
- Mən özümə qarşı gördüm və uzaqlaşdım. Başqalarına qarşı da olub-olmayıb deyə maraqlanmırdım.

- Bəs bacın futbolda qaldı, yoxsa o da uzaqlaşdı?
- O, məndən əvvəl çıxmışdı.

- Qadın futbolunda bir deyim var - "torba tikmək". Bu "torba tikmək" prosesi nədən ibarət olur? Bir qızın digər qız futbolçuya edəcəyi pislik nə ola bilər?
- Bunun üçün xüsusi adamlar olur. 100 sifəti olan adamlar. "Torba tikmək" ondan ibarətdir ki, onlar kimi olmursansa, yaltaqlıq etmirsənsə, bir şey tapır çıxardılar.
 


- Qadın futbolumuz daha çox lipa və "lezbiyanka" qalmaqalları ilə gündəmə gəlmişdi. Bunların şahidi olmusan?
- Milliyə Ukrayna və Moldovadan futbolçular gətirdilər. Heç bizdən yaxşı oynamırdılar. Gün olub ki, meydana çıxan 11 futbolçudan cəmi 2-si azərbaycanlı olub. Qalanları isə legioner. Danışılası deyil...

Mən millidə əvvəldən olmuşam. Bizim vaxtımızda "lezbiyanka" mövzuları yox idi. Sonradan mən bir müddət futbolu buraxıb, yenidən qayıtdım. Sonra isə birdəfəlik getdim.

- Sizin dövrün futbolçuları daha güclü idi, yoxsa indikilər?
- İndikilərdən heç xəbərim yoxdu. Heç maraqlanmıram da. Bizim vaxtımızda güclü oynayan qızlar vardı...

- Futbolu buraxdıqdan sonra nə işlə məşğul oldun?
- Müəllimə işləyirəm.

- Övladının futbolla məşğul olmasını istərsən?
- Ailəli deyiləm. Əgər övladım olsa, futbola bir addım da yaxın buraxmaram.

Röya Kərimli
Sport7.az
 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR