"Hardadı Vaqif? Çağırın onu..." - RUBRİKA

"Danışan xatirələr" rubrikamız davam edir. 

Bu gün seçdiyimiz 3 fərqli müsahibimiz futbolda üzləşdikləri qalmaqallı xatirələrini bizimlə paylaşacaqlar. 

Keçək qonaqlarımızın xatirələrinə. 

Vaqif Heydərli (FİFA meneceri): "2000-2001-ci illər mövsümü idi. "Şəmkir" Çempionlar Liqasında "Skonto" ilə düşmüşdü. Birinci oyunda 1:2 uduzdular. 

Oyunda hesab 1:1-di, bu da "Şəmkir"ə sərf edir. O vaxt komandada bir mingəçevirli müdafiəçi vardı. Adı dəqiq yadımda deyil, Zaza deyirdilər. Son dəqiqələrdə bu qaydanı pozdu və hakim penalti təyin etdi. Və "Skonto" 2:1 uddu.
 


Mən də yazıda "Şəmkir"i "sürüdüm". Ki, bu qədər məsuliyyətsizlik olmaz, son dəqiqələrdə penalti nə idi, ÇL-də mərhələ keçməyə yaxın idik, yəni bu yöndə.  O vaxtlar indiki kimi deyildi, tənqid yazmaq olmurdu. İndi kim nə istəyir yazır. Bir "Futbol+"da tənqid yazılırdı. Əməlli-başlı silkələdim. Ağasəlim müəllim də möhkəm qəzəblənib. Ki, bu qəsdən yazılıb, mənim komandama psixoloji  təzyiq etmək istəyirlər. Bizim hələ ikinci oyunumuz var. 

Elə oldu ki, cavab oyununda stadiona getməmişdim. Ağasəlim müəllim də yığıb jurnalistləri başına, "Hardadı Vaqif? Çağırın onu parçalayacam", deyib. Deyiblər gələcək. Onda da bilmirəm mobil telefon vardı, ya redaksiyaya zəng eləmişdilər. Dəqiq xatırlamıram işdə yox idim, ya institutla bağlı işim vardı. Oyuna sonradan da olsa çata bildim. Cavab oyununda Badri vurdu, mərhələni keçdilər, vəziyyət düzəldi. Yəqin Ağasəlim müəllimin də əhvalı düzəldi. Bununla da məni parçalamaqdan vaz keçdi".
 


Amil Ağacanov (Qapıçı): Qalmaqal içində çox az olmuşam. Tək bircə dəfə Antalyada təlim məşq toplanışı zamanı başıma iş gəlib. İcarəyə maşın götürmüşdüm və qaydanı pozmuşdum. Polislər məni saxladı və cərimələdi. Dilimin bəlasına düşdüm. Məni qandallayıb aparmaq istədilər. Lakin sonradan biləndəki futbolçuyam buraxdılar. (gülür)…"
 


Ramil Məmmədov ("Bakı" klubunun azarkeşi): "Qalmaqal çox olub. Amma ən yadda qalanı futbolçu Cavid Hüseynov ilə bağlıdı. "Bakı" - "Qəbələ" oyunununda azarkeşlərimiz ilə Cavid arasında gərginlik yaşandı. Azarkeşlər onun ünvanına bəzi şüarlar səsləndirdilər. O isə, tribunaya yaxınlaşıb "Oyundan sonra gözləyərsiz. Söhbət edərik", demişdi. Matçdan sonra Cavid gəldi bazanın qarşısına. Biz isə, gözləyirdik. Söhbət etdiyimiz an da məni vurmağa çalışdı. Polislər, klub işçiləri araya girdi. Bizi bazadan uzaqlaşdırdılar.
 
Ertəsi gün "Qəbələ" bəyanat yaydı ki, guya Cavid Hüseynovun şəhid olan atasını təhqir eləmişik. Bu dava, söz-söhbət ona görə olub. Az qala bizi vətən xaini çıxartmışdılar bəyanatda. Əslində isə, həmin ana kimi heç kim bilmirdi ki, Cavid Hüseynovun atası bizi torplaqlarımız uğrunda şəhid olub. Sadəcə futbolçularını və klubun imicini qorumaq üçün bu cür bəyanat yayılmışdı. Ondan sonra Qarabağ qaziləri üstümüzə qalxmışdı ki, üzr istəyək buna görə".
 
Röya Kərimli
Sport7.az




Xəbər lenti