"Hazırda daha yaxşı və stabil oynayırıq" - Voislav Stankoviç

"Neftçi”nin futbolçusu Voislav Stankoviç klubun rəsmi saytına danışıb.
 
Sport7.az xəbər verir ki, azarkeşsiz futbol oynamağın çətin və darıxdırıcı olduğunu bildirən serbiyalı müdafiəçi komandanın bu mövsüm titul qazanacağına inanır:

- Voislav, pandemiya səbəbindən uzun müddət vətənindən uzaq qalmışdın. Axır ki, həsrətə son qoyuldu. İndi özünü necə hiss edirsən?

- Bəli, artıq 1 il idi vətənimdən uzaqda idim. Nəhayət, fasilə bitəndən sonra evimə gedə bildim. Uzun müddətdən sonra valideynlərimi, dostlarımı gördüm. Serbiyada yarımçıq qalmış bəzi işlərimi bitirdim. Artıq psixoloji planda özümü daha yaxşı hiss edirəm.
 
- Qış fasiləsindən sonra ilk matçı qələbə ilə başa vurduq...

- Yeni ildə çempionata qələbə ilə başlamağımız çox vacibdir. Asan olmadı, çünki fasilədən sonra ilk oyun adətən çətin keçir. Qalib gəldiyimiz üçün çox şadam.

- Artıq iki mövsümdür "Neftçi”nin formasını geyinirsən. Bu müddət ərzində 38 oyuna çıxıb, 1 qol vurmusan. Çempionluq uğrunda mübarizədə əsas rəqibimiz "Qarabağ”ın qapısından keçirdiyin topu karyeranda ən vacib qol hesab etmək olar?

- Bəli, artıq iki ildir "Neftçi”dəyəm. Burada oynamaq mənim üçün rahat və xoşdur. Çünki Serbiyada şərəfini qoruduğum "Partizan” klubu kimi "Neftçi”nin də rəngləri ağ-qaradır. Ağ-qara formanı çox sevirəm. Bu mövsüm mənim və komandam üçün çox yaxşı alınır, amma daha da yaxşı oynamalıyıq. "Qarabağ”ın qapısından keçirdiyim topa gəlincə, yaxşı və qələbədə payı olan qol idi, amma inanıram ki, gələcəkdə bundan da vacib qola imza atacam.

- "Neftçi” dörd müdafiəçili sistemdən üç müdafiəçili sistemə keçsə də, əsas heyətdəki yerini qoruya bilirsən. Bu haqda nə düşünürsən?

- Üç müdafiəçili sistem məni tamamilə qane edir. Fikrimcə, bu sistemdə daha yaxşı oynayıram. Amma hamımız peşəkar futbolçuyuq və baş məşqçinin seçdiyi hər bir sistemdə çıxış edəcəyik. Hazırda üç müdafiəçili sistemdən faydalanmağımız göstərir ki, biz daha yaxşı və stabil oynayırıq. Belə də davam etməliyik.

- Baş məşqçi dəyişikliyindən sonra komandamız liderliyə yüksəlib və çempionluğa əsas namizədlərdən biri sayılır. Səncə, Samir Abasov "Neftçi”yə nə gətirib?

- Yeni baş məşqçi yeni sistemlə gəlib. Bu sistem bizə şərait yaradır ki, həm müdafiə, həm də hücumda daha yaxşı oynayaq. Gözəl və stabil futbol nümayiş etdiririk. Hər birimiz baş məşqçinin bizdən nə istədiyini yaxşı başa düşürük. Samir Abasov emosional və xarakterlidir. İndiki nəticələr göstərir ki, biz düz yoldayıq və daha da irəli getməliyik.

- Çempionluqla yanaşı, komandamız kubok uğrunda da mübarizəni davam etdirir. 1/4 finalda "Qaradağ Lökbatan” – "Zirə” cütünün qalibi ilə qarşılaşacağıq. Bu haqda nə deyə bilərsən?

- Bütün komandalara hörmətlə yanaşırıq, amma çox güman ki, kubokdakı rəqibimiz "Zirə” olacaq. "Neftçi”nin qarşısına hər mövsüm böyük hədəflər qoyulur. Bu il də həm çempionluq, həm də kubok uğrunda mübarizə aparacağıq və inanıram ki, nəhayət, titul qazana biləcəyik. "Neftçi” son iki kubok yarışında mübarizəni 1/4 finalda dayandırıb. Bu mövsüm sonadək irəliləyəcəyimizə inanıram.

- Məlum səbəbdən oyunlar azarkeşsiz keçirilir. Yəqin ki, sən də azarkeşlərin stadiona gəlib komandamızı tribunalarda dəstəkləyəcəyi günü gözləyirsən...

- Əlbəttə! Azarkeşsiz futbol oynamaq çətin və darıxdırıcıdır. Təkcə mən və komanda yoldaşlarım yox, digər klubların da bütün üzvləri istəyər ki, tribunalar azarkeşlərlə dolsun. Çünki belədə futbol daha maraqlı olur. İnanıram ki, pandemiya dövrü tezliklə bitəcək və azarkeşlər stadiona gələcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR