"Heç-heçə də bizim üçün yaxşı nəticə ola bilərdi" - Rəşad Sadıqov

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində "Neftçi" ilə baş tutan görüşdən sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb.

Sport7.az xəbər verir ki, mütəxəssis 1:0 hesablı qələbəni şərh edib və jurnalistlərin suallarını cavablandırıb: "Eyni sözlərlə başlayacam. Gərgin və maraqlı oyun oldu. Çoxlu mübarizə var idi. İlk növbədə "AgroSport" şirkətinə və stadion işçilərinə dərindən təşəkkür etmək istəyirəm. Hava şəraitinə baxmayaraq bu gün meydanı ideal səviyyəyə gətirmişdilər. Bilirəm ki, gecə-gündüz iş başında idilər. Meydanı elə səviyyəyə gətirdilər ki, heç dünənki havanı hiss etmədik. Oyuna gəldikdə, hər iki komanda birinci hissədə topa daha çox nəzarət edib, ehtiyatlı oynayırdı. İkinci hissədə oyunun tempi yüksəldi və fərqlənməyə çalışırdı. Bu bizdə daha yaxşı alındı və qol vurduq. Bundan sonra "Neftçi" böyük qüvvə ilə irəli atıldı. Bəzi dəyişikliklər etdilər və yaradıcı, ustalıq səviyyəsi yaxşı olan futbolçuların sayını artırdılar. Bu onlarda üstünlük yaratdığı üçün biz də bəzi dəyişikliklər etməyə, müdafiə xəttini gücləndirməyə başladıq. Şükürlər olsun ki, qələbə qazandıq. Bu gün heç-heçə də bizim üçün yaxşı nəticə ola bilərdi. Çempionatın favoritlərindən biri ilə oynayırdıq və çox uğurlu seriya ilə gəlirdilər. Bizim üçün vacib və önəmli qələbə idi".

- "Qarabağ"da oynadığınız dönəmdə dördlü müdafiədə çıxış etmisiz. Amma "Zirə"də beşli müdafiə tətbiq edirsiz. Maraqlıdı ki, bunu hansı məşqçidən öyrənmisiz və necə bir təcrübədən istifadə edirsiz ki, uğurlu alınır?

- Sistemlə bağlı 1 faktı deyim. beşli müdafiə sistemi ilə 1 oyun oynamışıq. O da kubokda "Neftçi"yə qarşı. Bir də "Sabah"a qarşı oyunda ilk 45 dəqiqə bu sistemdən istifadə etmişik. Başqa oyunlarda beşli medafiə sistemi tətbiq etməmişik. O cümlədən bu gün. Əvvəlcə taktiki düzülüşü "romb" formasında düşünmüşdük. Rəqibin 5-3-2 sisteminə üstünlük verəcəyini gözləyirdik. Amma heyətlərini görəndən sonra paltardəyişmə otağında bir qədər dəyişikliklər etdik. Ola bilsin sizin diqqətinizi o cəlb edib ki, hücuma üçlü müdafiədən başlayırdıq. Bu sırf hücum başlamaq üçün idi. Amma dördlü müdafiə ilə oynayırdıq. Sadəcə Hacı müdafiəyə daha yaxın oynayırdı. Çünki rəqibin heyətində, məsələn, Namiq təhlükə yaradırdı. Monroz texnikalı, yaradıcı oyunçudu. Bilirdik ki, müdafiənin arxasında təhlükə yaradacaq. Ahmed az oynasa da, əvvəlki çıxışlarını izləmişdik və təhlükəli olduğunu bilirdik. Hansı məşqçidən öyrənməyimə gəlincə, mənə görə dünyada beşli müdafiəni cəmi bir neçə məşqçi ideal səviyyədə oynadır. Onlardan biri Kontedi. Əvvəl "Yuventus"da 5-3-2 sistemini tətbiq edirdi. İndi "İnter"də də onu həyata keçirir. Ümumilikdə bütün sistemlərə yaxından bələd olmağa çalışıram. Amma mən daha çox, 4-3-3, 4-2-3-1 sisteminə meyilliyəm. Sadəcə qarşıdakı rəqibi nəzərə almalısan. "Neftçi" kimi komanda ilə oynayırsan, bilirsən ki, beşli müdafiə ilə başlayır, sonradan üçlü stopperə çevrilir. Sağ və sol müdafiəçilər isə ta ofsayd xəttinə qədər hücum edirlər. Belə məqamda məcbursan ki, sən də onlara qarşı nələrsə düşünəsən. Amma bu gün tətbiq etdiyim, mənim xoşladığım sistem deyil. Sadəcə, məcburiyyətdən buna əl atdıq. Bunu ilk dəfə "Qarabağ"a qarşı etmişdik. Hacı 4-cü sağ cinah müdafiəçisi oynayırdı, Sərtan hücumameyilli çıxış edirdi amma müdafiə zamanı qayıdırdı. Bu da beşli müdafiə kimi görünürdü. Hücum zamanı isə dördlü müdafiəyə keçirdik. Özündən güclü rəqiblərlə oynayanda məcbursan ki, nəsə düşünəsən. Həm "Neftçi"nin həm də "Qarabağ"ın hücum potensialları çox güclüdü və bunu nəzərə almağa çalışırıq. Futbolçulara elə şərait yaratmağa çalışırıq ki, meydanda həm topla, həm də topsuz rahat oynaya bilsinlər. 

- Volkovun durumu nə yerdədi?

- Zədəsi çox ciddi görünür. Həkimlərin ilk rəyi "çiyin sınması" oldu və dərhal xəstəxanaya götürüldü. Zədəlilərimiz artır, bilirsiz ki Filipi, qırmızı vərəqəyə görə Çantakiası itirmişik.  Qismətdi, Turaldı, Ruslandı onlardan istifadə edə bilmirik, zədəlidilər. Buna baxmayaraq bütün futbolçularımıza güvənirəm. Oyunçularla ilk gün danışanda kiməsə əsas heyət, kiməsə ehtiyat oyunçu deyərək bir fikir formalaşdırmamışam. Ola bilər ki, bir futbolçu digərindən çox yaxud az oynasın. Bu həm oyunlarda, həm də məşqlərdə göstərdikləri performansla bağlıdı. Yerdə qalan oyunçularımıza güvənirik, inanırıq. Əlimizdə olan oyunçularla ən yaxşı nəticələri əldə etməyə çalışacağıq.

- "Zirə"nin bu mövsüm ən yaxşı oyunları "Neftçi"yə qarşı olub. Sizi nəinki məğlub etməyiblər, heç qol da vura bilməyiblər. Demək olar ki, "Zirə"nin ən yaxşı tanıdığı komanda "Neftçi"di?

- Xeyr, belə deməzdim. Məsələn, Zirədə 1:0 hesablı qələbə qazandığımız oyunda "Neftçi"nin üstünlüyü var idi. Çox çətinliklə son dəqiqələrdə qələbə qazandıq. Hətta oyundan sonra demişdim ki, "ədalətli nəticə bərabərlik olardı". Çempionat oyunu Samir müəllimin ilk matçlarından biri idi. Orada da oyun mərkəzdə keçdi, daha çox taktiki mübariza gedirdi. Topa nəzarət, top itkisindən sonra pressinq... Kubokda isə ilk və ikinci matçlar fərqli keçdi. Hesaba uyğun, oyunumuzu daha çox müdafiədən qurmağa çalışdıq. Kubokda məğlubiyyət bağışlanılmazdı, çünki dərhal yarışı tərk edirsən. Çempionat fərqlidi. Heç-heçə bizim üçün yaxşı idi. Amma qələbə qazandıq. Məğlub da ola bilərdik. "Qarabağ"la Zirədəki oyun yaxşı keçmişdi. Səfərdə 2:0 hesabda irəlidə idik. Sonradan kobud səhv, qırmızı vərəqələr... Elə oldu ki, həmin oyundan məğlub ayrıldıq. Bu iki komandaya qarşı çalışırsan ki, fərqli plan cızasan. Çünki "Qarabağ"la "Neftçi"yə rahat oynamağa, əl-qol açmağa imkan versən, onlarla mübarizə aparmaq çətinləşəcək. Digər rəqiblərlə elə olub ki, yaxşı oynamışıq amma uduzmuşuq. Ya da əksinə, qələbə qazansaq da özümüzü yaxşı göstərməmişik. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR