"Heç kim sizi məndən çox sevməyəcək" - De Rossinin vida məktubu

- Nəyə gülürsən?
- Çünki xoşbəxtəm.
- Niyə?
- Çünki artıq mənim də "Roma" formam var.
- Saxta forma deyil ki?
- Yox! Nömrəsini xalam tikib.
- Böyüyüb, 600-dan çox oyunda bu formanı tərlədəcəyini desəm, nə düşünərdin?
- Onu bir dəfə əynimə keçirsəm belə, yetər.
 


Hər kəsin bildiyi, məlum fotoya baxanda necə şanslı olduğumu başa düşürəm. Başıma gələnlərin dəyərini həmişə dərk etsəm də, heç vaxt tam olaraq minnətdarlığımı ifadə edə bilməyəcəm. Uzun yol idi - kluba olan sevgimin daim məni müşayiət etdiyi, maraqlı hadisələrlə zəngin və bir o qədər də gərgin...

Bütün "Roma" azarkeşlərinə - azarkeşlərimə təşəkkür edirəm. Azından bu gün sizi "azarkeşlərim" adlandıracam. Mən də sizdən biri idim, tək fərqim meydanda olmağım idi. Sevginiz sayəsində illər boyunca davam edə bildim. Dəfələrlə bu şəhəri və bu həyatı seçməyimin tək səbəbi sizsiniz. Bazar günü 616-cı dəfə seçimimi edəcəm. Həmişəki kimi, seçimim doğrudu.

İllər əvvəl 26 may (2013-cü ildə İtaliya kubokunun finalında "Roma"nın "Latsio"ya məğlub olduğu matçı (0:1) nəzərdə tutur) bizim üçün bir də heç vaxt üzümüzün gülməyəcəyini düşündüyümüz günə çevrildi. Mən də eyni fikirdə idim - fanatlardan birinin tatusunu görənə kimi. Yazılmışdı: "2013-cü il, 27 may, külək əsməyə davam edir". Həmin tatunun sahibini tanımıram, bildiyim tək şey var: külək mayın 27-də yenə əsməyə davam edəcək. Heç vaxt son günlərdəki qədər sevginizi hiss etməmişdim. Təsirindən çıxa bilmirəm. Hansısa səbəbə görə belə birlik olmağınızı da xatırlamıram. Ancaq indi mənə verə biləcəyiniz ən böyük hədiyyə bu ağrını və kədəri bir kənara atıb, hamımız üçün önəmli olan yeganə şeyə, bizim üçün hər şeydən və hamıdan əvvəl gələn "Roma"ya tam dəstəyinizi nümayiş etdirmək olar.

Heç kim sizi məndən çox sevməyəcək.

Tezliklə görüşmək ümidilə,

Daniele De Rossi.
 
Tərcümə: Rüfət Məcid
 
Qeyd: Daniele De Rossi bu gün "Roma" forması ilə sonuncu matçına çıxacaq.

OXŞAR XƏBƏRLƏR