"Heç kimdən incimirəm desəm, yalan söyləmiş olaram" - MÜSAHİB

Çempionluqdan uzaqda qalan, gözünü yalnız ölkə kubokuna dikən "Neftçi” Premyer Liqanın XXXIII turu çərçivəsində maddi problemlərlə üz-üzə qalan "İnter” qarşısında biabır oldu. "Bankirlər” paytaxt derbisində flaqmanı ağ yuyub, qara sərdi – 4:0. Bu məğlubiyyətin cəzasını isə futbolçular ödədi.
 
Sport7.az xəbər verir ki, Müşahidə Şurasının qərarına əsasən, Rauf Əliyev, Mirhüseyn Seyidov və "İnter”ə qarşı forma geyinməyən Elvin Yunuszadə əvəzedici komandaya göndərilməklə transferə çıxarıldı. 

Futbolinfo.az saytı Mirhsüeynlə əlaqə yaradıb, mövcud durumla bağlı fikirlərini öyrənib.

 - Müşahidə Şurasının qərarına əsasən Rauf Əliyev, Elvin Yunuszadə ilə yanaşı siz də "Neftçi”nin əvəzedici heyətinə göndərildiz. Məsələ ilə bağlı fikrinizi bilmək maraqlı olardı...
- Qərar bir neçə gündü qəbul olunub. Hazırda əvəzedici heyətdəyəm və birazdan məşqə çıxacam. Artıq transferə çıxarılmışıq. Mövsümün sonuna 2-3 tur qalıb və onları yola vermək lazımdı. Rəhbərlik görüşürb, sağollaşıb sənədimi alacam. Hələlik ortada ciddi bir şey yoxdu. 

- Bəs, qərarı necə qarşıladız?
- Əvəzedici heyətdə də bizə yad insanlar yoxdu. Əvəzedicilərin baş məşqçisi Samir Əliyevlə bir yerdə oynamışıq. Əgər mənə deyilibsə, əvəzediciyə getməmək mənim üçün qəbahət olar. Sonra söhbət olmasın ki, mən əvəzedici komandanı bəyənməyib, getmədim. Onsuz da, qırmızı vərəqə aldığım üçün 2 oyunu buraxmalıydım. Qərarı elə də pis qarşılmadım. Tranfserə çıxarılmışamsa, mövsümün başa çatmasını gözləyib, rəhbərliklə danışıb, məsələni müsbət sonluqda həll etməliyəm. 

- 7 ildi ki, "Neftçi”dəsiz. Flaqmandan ayrılmaq sizin üçün çətin olmayacaq ki?
- Bunu zaman göstərər. Düzdü, burda yetişmişik, neçə illərdi burdayıq. Asan olacağını indidən deyə bilmərəm. Xəbəri eşidəndə bunun mənə yaxşı təsiri olmadı. Bu, həyatdı, futboldu. Vaxtı ilə Zaur Tağızadə də "Neftçi”dən çıxardılanda belə səhnələri görmüşdük. Açığı deyim, Tağızadə kimi futbolçu adını da qazanmamışıq. Vaxtı ilə uşaqların başına belə şeylər gəlibsə, bu gün biz də bunu qəbul etməliyik. Heç kim yetirməsi olduğu komandadan çıxmaq istəməz. 

- "Neftçi”nin baş məşqçisi Arif Əsədov son vaxtlar açıqlamalarında komandada "ağ-qara” formanı geyinməyə layiq olmayan futbolçuların olduğunu vurğulayırdı. Maraqlıdı, Mirhüseyn Seyidov doğurdanmı "Neftçi”yə layiq deyil?
- "Neftçi”yə layiqdi, layiq deyil – bu fikri artıq Arif müəllim deyib. Bu gün deyilən sözlərlə, fikirlərlə barışmalıyıq. Əsədovun fikrinin nədən irəli gəldiyini bilmirəm. Mənə elə gəlir ki, burda hansısa futbolçunun adı çəkilməyib. Arif müəllim bizi yaxşı tanıyır. Bundan əvvəl də bir yerdə çalışmışıq. Hərənin fikrinə hörmətlə yanaşırıq. Və hər kəs əlini vicdanına qoymalıdı. Hamı bir-birini yaxşı tanıyır. 

- Komandanın sabiq prezidenti Sadıq Sadıqovun sevimli futbolçularından olduğunuz heç kimə sirr deyil. Necə düşünürsüz, rəhbərlik Sadıqovda olsaydı, sizi komandada saxlayardı?
- Vallah, Sadıq Sadıqovun da vaxtında cəzalar olub. Əvəzedici heyətə də göndərilmişik. Sadıq müəllimi "Neftçi”də tanımışam. Sadıqovla münasibətimin yaxşı olmağı sırf idmanla bağlıdı. Bunu tək futbolçulardan yox, Avropa çempionlarından, güləşçilərdən, içi Elnur Məmmədli qarışıq soruşsaz, sizə deyərlər. Sadıq müəllimin idmançıya göstərdiyi qayğı hər kəsə bəllidi. O özünü klubda prezident yox, dost kimi aparıb. Onun təkcə mənimlə yox, bütün yerli, gənc oyunçularla yaxşı münasibəti olub. Bəlkə də bu xoş münasibəti qısqanırlar. 

- "Neftçi”nin formasını geyinmək yerli, gənc futbolçuların əksəriyyətinin arzusudu. Siz də uzun müddət bu formanı tərlətdiz. İndi bu formanı əyninizdən çıxaracağınıza görə incidiyiniz şəxslər kimlərdi? 
- Həvəsdən düşmürəm. Hələlik "Neftçi”dən ayrılmamışam. Əvəzedici komanda ilə məşq etdiyimə görə həvəsdən də düşmürəm. İnşallah, hər şeyi zaman göstərəcək. Heç kimdən incimirəm desəm, yalan söyləmiş olaram. Hardasa belə bir şeylər var. Ancaq bununla da barışmaq lazımdı. Hisslərə qapılmaq lazım deyil. 

- Gələcək karyeranızı ölkə xaricində davam etdirəcəksiz, yoxsa yerli klublardan artıq təkliflər almısız? 
- Əvvəlcədən danışmaq istəmirəm. Hazırda danışıqlar gedir. Reklam xarakterli olaraq "harasa gedəcəm" filan da demək istəmirəm. İnşallah, yaxın günlər ərzində hər şeyə aydınlıq gələcək. Onsuz da, mövsümün başa çatmağına bir şey qalmayıb. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR