"Hər adam bunu bacarmır" - 16 yaşında U-21-ə dəvət alan "Kəpəz"li

"Soyuq havada və güzəştsiz mübarizə fonunda maraqlı oyun alındı. Cəmi bir qol vurulsa da, bu və ya digər tərəfin fərqlənmək üçün bir neçə real qol imkanı oldu”.
 
Sport7.az xəbər verir ki, bunu "Kəpəz”in gənc futbolçusu Ümid Səmədov söyləyib. O, klubun mətbuat xidmətinə komandasının VI tur çərçivəsində MOİK üzərində qazandığı qələbə haqda danışarkən belə deyib. Səmədov daha sonra bunları əlavə edib: "Yığma komandalara çağırıldığımdan "Kəpəz” ilə həftəlik məşq proqramında iştirak edə bilməmişdim. Yalnız oyundan bir gün əvvəl kollektivə qoşuldum. Məşqçilərin nəzarəti altında fərdi hazırlaşdım, onların verdiyi bütün tapşırıqları yerinə yetirməyə çalışdım”.

"Sarı-göylər”in 1:0 hesablı qələbəsində müdafiəçinin xüsusi əməyi olub. Belə ki, onun qapı önünə asması zamanı rəqibə toxunan top qapıya daxil olub. Məhsuldar zərbə Səmədovun hesabına yazılmayıb və avtoqol kimi protokola əlavə olunub. O, bundan narahat deyil: "Kimin qol vurmasının əhəmiyyəti yoxdur, əsas olan qələbə qazanmaqdır. Buna da nail olduq. Bu il komandamız yeni futbolçularla xeyli güclənib. Məqsədimiz çempion olmaqdır. Kollektiv olaraq potensialımız var”.
 
Çempionatda yaranan fasilə dövründə Ümid U-21 və U-19 yığmalarına dəvət alıb. O, 21 yaşlıların İsveçrə səfəri üçün heyətinə daxil edilib. 19-larla isə Bakıda keçirilən təlim-məşq toplanışında iştirak edib: "İsveçrəyə uduzmağımıza baxmayaraq yaxşı oynadıq. Meydana daxil olmasam da, gələcəkdə buna nail olacağımı düşünürəm. 16 yaşımda 21 yaşlılardan ibarət milliyə çağırılmaq mənim üçün böyük uğurdur. Hər adam bunu  bacarmır. Yığmaya dəvət olunmağımda baş məşqçimiz Yaşar Vahabzadə və komanda yoldaşlarımın da əməyi var. Futbol komanda oyunudur, tək heç nəyə nail olmaq mümkün deyil. Səfərdən qayıtdıqdan sonra U-19-un toplanışına qatıldım. Məşqlər yaxşı keçdi. Hazırda mənim əsas məqsədim daim bu yaş qrupu üzrə komandada yer almaqdır. Yaşıma görə bu millidə oynamaq mənim üçün daha rahatdır. Çünki nisbətən öz həmyaşıdlılarımdır. Deyim ki, hər iki yaş qrupu üzrə yığma məşqçiləri məndən razıdırlar. Hər məşqdən və ya oyundan sonra razılıq edirlər. Bu məni daha da ruhlandırır”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR