Heydərovun pulunu və etimadını batıran kimdir?

Heydərovun pulunu və etimadını batıran kimdir?



Amal Abuşov

El arasında məhşur bir deyim var. Kimsə hadisələri qabaqlamağa cəhd edəndə onun bu cəhdinə "qara məni basınca, mən qaranı basım” adı verilir.

Etiraf etmək lazımdı ki, əksər hallarda bu metod uğur gətirir. Görünür "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov da bundan ilhamlanıb.

Yəqin eşitmisiz, Fariz bəy millinin təlim-məşq toplanışıyla bağlı elan olunmuş fasilədən narazılığını dilə gətirib. Üstəlik, klub rəsmisi qeyd edib ki, artıq ənənə halını almış fasilələrin zərərlərindən qorunmaq üçün birgə hərəkətə keçmək lazımdı.

Cənab Nəcəfov premyer-liqada iştirak edən klubların ortaq mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, AFFA-ya klub nümayəndələrinin iştirakıyla görüş keçirilməsini təklif edib.

"Qəbələ” rəsmisinin narahatçılığını başa düşmək elə də çətin deyil. Yetər ki, premyer-liqadakı mövcud vəziyyətə bir balaca göz gəzdirib, "qırmızı qaralar”ın və onların əsas rəqiblərinin geridə qalan turlarda göstərdiyi nəticələrə baxasan.

Muntyanunun komandasının siftəsi heç də yaxşı alınmamışdı. Bir növ həmyerlisi Redniki yamsılamağa çalışan ruminiyalı mütəxəssis işə başlar-başlamaz heyətdə ciddi islahatlar həyata keçirməyə başladı. O da Rednik kimi azərbaycanlı futbolçuların nazıyla oynamaq fikrində olmadığını ilk günlərdən nümayiş etdirdi.

Təsadüfi deyil ki, "transfer pəncərəsi” bağlanana qədər "Qəbələ”nin düşərgəsini iki azərbaycanlı futbolçu tərk etdi. Nizamı Hacıyev "İnter”də, Elnur Allahverdiyevsə "Neftçi”də özünə yeni "yuva” qurdu.

"Köhnələr”dən yalnız Dodo rumın çalışdırıcıya özünün verdiyi fərmanı geri oxutdurdu. Əsas heyətdən uzaqlaşdırılan Dodo "bağışlanan” dan dərhal sonra "Simurq”la oyunun taleyini demək olar ki, təkbaşına həll etdi. Bununla da Dodo onu hesabdan silməyin yanlış olduğunu isbatladı.

Sırf nəticələr baxımından "Qəbələ”nin hazırki durumunu yaxşı qiymətləndirmək mümkündü. İlk turda "İnter”ə boyun əyən "qırmızı qaralar” ikinci məğlubiyyətini evində AZAL-dan alıb. "Simurq”u Dodonun sayəsində məyus edən Muntyanunun yetirmələri "Araz Naxçıvan” və "Bakı” kimi autsayderlərlə qarşılaşmalarda çətinliklə də olsa, 3 xal qazana bildilər. Bununla belə son iki oyunda sönük təsir bağışlayan "qırmızı qaralar” qələbəyə həsrətdilər.

İlk baxışda "Neftçi” və "Xəzər Lənkəran” kimi rəqiblərə yenilməmək sevindirici məqamdı. Əslində isə bu iki qarşılaşmadakı heç-heçələr ucuz təsəllidən başqa bir şey deyil. Həmin qarşılaşmaları izləyənlər sözlərimi təsdiqləyər ki, nə "xalq komandası”, nə də "gəmiçilər” son oyunlarda məğlubedilməz komanda görüntüsü vermədilər. Sadəcə, Muntyanu "Neftçi”ni məyus etməyin yolunu tapmağı, cənublularla oyunda isə qələbə hesabını qorumağı bacarmadı. Səbəb takitiki cəhətdən savadsızlıq, ya da heyət yetərsizliyi olsa belə, nəticə dəyişmir. "Qəbələ” əsas rəqiblərindən ikisini məğlub etməyi bacarmadı. Ən əsası, bu xal itkiləri Qəbələdə, komandanın doğma meydanında baş verdi. Deməli, gələcək üçün elə də nikbin planlar qurmaq mümkün deyil.

Yayda Avrokuboklarda debüt edən və Bosniyanın ortabab "Şiroki Breyq”i qarşısında fiaskoya uğrayaraq, qol vurmadan məğlub olan "Qəbələ”nin maddi imkanlarına görə Azərbaycanın ən yaxşılarından olduğu şübhəsizdi. Di gəl ki, xərclənən paraların qarşılığında öyünüləsi nəticələr yoxdu.

Klub prezidentinin ən güvəndiyi şəxs olan Fariz Nəcəfov da bunu yaxşı başa düşür. İllərdi Azərbaycan futbolunun içində olan Fariz bəy həm də onu yaxşı anlayır ki, premyer-liqaya verilən uzunmüddətli fasilə onların zərərinə işləyə bilər. Yeni məşqçiyə tapşırılan "Neftçi” böhranı arxada qoyacaq, Yunis Hüseynovu idman direktoru postuna gətirən "Xəzər Lənkəran” da bükülmüş qəddini dirçəldəcək. "İnter”lə "Qarabağ”ın gücü isə onsuz da bəllidi. Digər tərəfdən "Simurq”un böhrandan çıxması, Tərlan Əhmədovun AZAL-ının proqnozları alt-üst etməsi mümkündü. AFFA-nın dəstəklədiyi "Sumqayıt”ın da yaxşı mənada hamını təəccüblənirməsi "Qəbələ”nin işini xeyli çətinləşdirib.

Bu rəqiblərin hamısı yay fasiləsində heyətin gücləndirilməsinə, yeni məşqçinin gətirilməsinə xeyli para xərcləyən "Qəbələ”yə badalaq vura bilər. Belə olarsa, Fariz Nəcəfovu heç də xoş günlər gözləmir. Klubun idarəedilməsini ona tapşırıb, özü geri çəkilən Tale Heydərovun ondan hesabat tələb edəcəyi şübhə doğurmur. Odu ki, indidən bəhanə axtarmaq, AFFA-nı şantaj etmək yerinə düşür.

Millinin oyunuyla əlaqədar elan olunmuş fasilə isə buna əvəzsiz imkanlar yaradır. Bir tərəfdən bu fasilənin komandanın kökdən saldığını iddia etmək, digər yandan isə AFFA-nı "klubları ayağa qaldıracam” hədəsiylə şantaj etmək olar. Bundan yaxşı fürsət nə vaxt olacaq? İndiki halda Fariz bəyin "qaranı basmağı” bacardığını inamla söyləyə bilərik.

Davamı da olacaq.

Özü də çox maraqlı.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR