"İddiamız zəifləyib deyə onlar da narahatdı" - Aftandil Hacıyev

"Qış fasiləsindən öncə son oyun idi. Axırıncı pillədən qurtula bilərdik. Amma bacarmadıq. Heyətimizi rəqiblə müqayisə edə bilmirik. Ustalıq səviyyəsi "Zirə"də daha çox idi. Geridönüş edə bilmədik. Qol vurduq, amma heç-heçə cəhdimiz alınmadı. Rəqibin ustalıq səviyyə ümidlərimizi puç elədi".

Sport7.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIV turunda səfərdə "Zirə"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandada zədəli oyunçuların olduğunu söyləyib: "Demirəm ki, məndə günah yoxdur. 10 oyun qalib gəlməmək böyük problem deyil. Daha böyük problemlər var. Tapşırıq olub ki, daha gənc oyunçulara şans verək. Bundan danışmaq lazımdır.

Meydanda 3 limit futbolçumuz var idi. Təcrübəli futbolçular bu vəziyyətlə barışmaq istəmirlər. Onlar iddialı klublarda çıxış etmək istəyirlər. İddiamız zəifləyib deyə onlar da narahatdır. Hər kəs çalışır ki, maksimum dərəcədə çıxış etsin. Bu gənc oyunçuların ilk illəridir. Onların oyun sayı artmalıdır ki, təcrübələri də çoxalsın.

Ona görə rahatam ki, heyətimiz gəncdir. Onları milli komandaya qazandıra bilərik. Mənim dövrümdə komandada pozitiv hallar daha çoxdur. Yeganə narahatlıq odur ki, sonuncu pillədə gedirik. Bu məni razı sala bilməz".

Hacıyev klubla müqaviləsinin davam etdiyini əlavə edib: "Çempionat başlayandan sonra komandanı tərk edənlər oldu. Fasilədə də gedənlərin sayı artacaq". (report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR