"İdman jurnalistlərimiz başqa ölkələrdən olan həmkarlarını üstələyirlər" - SORĞU

Sport7.az saytı idman federasiyalarının mətbuat katiblərinin idman jurnalistləri haqqında fikirlərini işıqlandırmaqda davam edir. 

Bu gün daha 3 qurumun rəsmisi idman mətbuatının indiki vəziyyəti, səviyyəsi, müsbət tərəfləri və çatışmazlıqları barədə fikirlərini səsləndiriblər. 

Sərxan Musalı (Azərbaycan Güləş Federasiyası): "Hazırda bir çox sahələrdə olduğu kimi, idman mətbuatında da vəziyyət ürəkaçan deyil. Söhbət səviyyənin yüksək olub-olmamasından getmir. Düşünmürəm ki, idman jurnalistlərimiz savad və intellekt baxımından axsayır. Əksinə, bir çox məqamlara görə başqa ölkələrdən olan həmkarlarını üstələyirlər. Məsələn, təhliletmə bacarığı, çalışqanlıq, çoxşaxəli məlumatlılıq və sairə görə çoxlarını qabaqlayırlar. Əsas problem maliyyədir. KİV maliyyə məmbəyi tapmaqda çətinlik çəkir. Ölkədə iqtisadi münasibətlərin düzgün qurulmaması azad reklam bazarını formalaşdırmağa imkan vermir. Nəticədə sponsor tapılmır və məhdud büdcəylə irəli getmək mümkün olmur. Belədə bir çox istedadlı jurnalist həvəsdən düşür, başqa sahələrə meyillənir. Ona görə də çox vaxt maksimum 40 yaşdan sonra idman jurnalistikası ən yaxşı halda ikinci iş kimi əldə tutulur. Bu da məhsuldarlığı aşağı salır. Problemin həllinin yeganə yolu iqtisadiyyatımızın normallaşmasındadır".

Pərviz Musayev (Azərbaycan Velosiped İdmanı Federasiyası): "Vallah, mənim kimsədən narazılığım yoxdur.  Velosiped futbol, cüdo, güləş kimi deyil, mən mətbuata xəbər göndərməsəm kiminsə yadına düşmür və bu da təbiidir. (gülür)... Sağ olsunlar, nə göndərirəmsə, işıqlandırırlar. Qısaca, hamısından razıyam".

Sənan Məhərrəmov (Azərbaycan Milli Karate Federasiyası): "Maliyyələşmək və büdcə durumu məsələləri Azərbaycanda inkişaf edərsə, idman mətbuatı nəinki öz auditoriyası çərçivəsində ən çox izlənən sahələrdən biri olar. İdman sahəsi ən maraqlı və həyatımızı geniş əhatə edən sahələrdən biridir. Azərbaycanda idman mətbuatı ayaqda durmaq üçün daha çox futbol meyilli fəaliyyətə üstünlük verməyə məcburdur. Səbəbsə budur ki, futbol klubları idman saytlarını müəyyən qədər də olsa maliyyələşdirirlər. Nadir təşkilatlar tapmaq olar ki, idman mətbuatının aylıq xərclərinə dəstək versin. Ən çatışmayan cəhəti bunda görürəm. Çox yaxşı olardı şöhrətli idmançılar olan bir ölkənin idman mətbuatına xüsusi dəstək fondu təşkil olunsun. Belə təcrübə xarici ölkələrdə var. Ölkədə kifayət qədər işini sevən peşəkar idman jurnalistləri var, belə dəstək olarsa baxın bu sahə necə güclü inkişaf edəcək. İdman ölkəsi olan Azərbaycanın adına layiq də idman mətbuatı olmalıdır".

Röya Kərimli
Sport7.az 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR