İdmançımız Amerikada qızıl medal qazandı

İdmançımız Amerikada qızıl medal qazandı

8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi başa çatıb. 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak ediblər.

Sport7.az xəbər verir ki, onlardan son olaraq körpücük üzərinə​ yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov çıxıb. O, +102 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 131 kq-nı ram edərək bu hərəkətdə 5-ci yeri tutub.

Təkanla qaldırma hərəkətində isə​ Rəhman tarixi uğurla yadda qalıb. Hər üç yanaşmasını uğurla yerinə yetirən idmançımız 174 kq-ı başı üzərinə qaldırmağı bacarıb. Bu nəticə ilə o bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb. Azərbaycan yeniyetmə ağır atletikası tarixində bu günə qədər heç kim dünya birinciliyində qızıl medal qazanmamışdı. Bu baxımdan Kazımovun medalı bir ilkdir.

Toplam 305 kq (131+174) nəticə ilə Rəhman Kazımov bu çəki dərəcəsinin yekun sıralamasında 4-cü yeri tutub.

Əlavə edək ki, bu yarışda​ toplam 6 medal – 5 kiçik (4 bürünc və bir qızıl) və bir böyük medalla bitirən Azərbaycan yığma komandası​ ölkə ağır atletikası tarixində bir ilkə imza atıb. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi komanda hesabında yüksək 5-ci yeri tutmağı bacarıb. İndiyə qədər bu nəticəyə heç bir komandamız nail ola bilməmişdi.

Xatırladaq ki, birincilikdə 55 kq çəki dərəcəsində Ömər Cavadov, 67 kq çəki dərəcəsində isə Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc medal, 102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medal, Rəhman Kazımov isə +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medalla fərqləniblər.
 

 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR