İdmanın içində olan siyasətdən YAZI

İdmanın içində olan siyasətdən YAZI

 
Son 1 həftə Azərbaycan üçün yaxşı keçməkdədir. Əvvəl Avropa Oyunlarının açılış mərasimi, daha sonra Norveçlə seçmə oyunda qazanılan uğurun davamını idmançılarımız gətirməkdədir. Kim deyirsə ki, idman bir siyasət deyil, eşidin, amma inanmayın...

Əvvəlcə çox qısa açılış mərasimi haqda fikirlərimi bildirmək istəyirəm. Açığı, oturduğum media sektordan qrafikanın, qurulmuş səhnənin gözəlliyini o qədər də görmək mümkün deyildi. Ancaq arenaya quraşdırılmış ekrandan milli ornamentlərin gözəlliyi göz oxşayırdı. Mənim üçün orda Nizami Gəncəvinin "Yeddi Gözəl" poemasının nümayiş etdirilməsi və "Sarı gəlin" mahnısının səslənməsi Ledi Qaqanın baha qiymətə bir fortepianoda oxumasından daha qiymətli idi. Bəlkə də bununla ən azından Avropaya Nizaminin fars yox, türk şairi, "Sarı gəlin"in isə erməni yox, Azərbaycan mahnısı olduğunu çatdıra bildik. Həmkarım Tatyana İvanayevanın dediyi kimi, bəli, Azərbaycan bunu bacardı...

Avropa Oyunlarının 2-ci günü "Kristall Holl"da, 3-cü günü isə Heydər Əliyev adına İdman Arenasında yarışları canlı izləmək imkanım oldu. Düzdür, Avroviziya mahnı müsabiqəsinin keçirildiyi zalda ilk medallarımızı qazandıq. Ancaq Heydər Əliyev adına İdman Arenasında mənə görə həlledici görüşlər daha böyük maraq kəsb edirdi.

Sanki həmin gün döşək üzərində idman yox, siyasət vuruşurdu. Yunan-Roma güləşində 66 kq çəki dərəcəsində Həsən Əliyevdən üstün olan Miqran Arutyunyanın rusiyalı Artyom Surkovla mübarizəsində sanki azərbaycanlı və ya türk idmançı döşək üzərində idi. Təsəvvür edin ki, yerli publika rusiyalı idmançını necə dəstəkləyirdi. Ruslar şokda idi. Surkovun qələbəsinin 50 faizində azərbaycanlı tamaşaçıların dəstəyi danılmazdır. Təsadüfi deyil ki, rusiyalı idmançı sonradan mətbuata verdiyi açıqlamasında azərbaycanlılardan belə dəstək gözləmədiyini və onlara buna görə təşəkkür borcunun olduğunu bildirdi.

75 kq çəki dərəcəsində bürünc medallar uğrunda güləşən ukraynalı Dmitri Pışkov və rusiyalı Çingiz Labazanovun, 85 kq finalda Rusiyanı təmsil edən Davit Çakvetadzenin qaradərili Ukrayna təmsilçisi Jan Belenyukla qarşıdurması da bir siyasi mübarizənin təsvirini ortaya çıxarırdı... Tərəflər nə qədər eynidilli, eyni dinə məxsus olsa da, döşəkdən məğlub olanın qalibi təbrik etməməsi bu ölkələr arasında siyasi mübarizənin nə dərəcədə gərgin olmasından xəbər verirdi. 

Təbii ki, yerli publika üçün bunlardan ən maraqlısı ən ağırçəkili idmançıların final mübarizəsi idi. Çünki finalda Azərbaycanı təmsil edən Sabah Şəriəti ilə türkiyəli Rıza Kayaalp görüşürdü. Bəli, Azərbaycanı tərk etməyə hazırlaşan Rəcəp Tayyip Ərdoğanın təyyarəsindəcə baxdığı bu görüşdə qalib gələn türkiyəli idmançı oldu. Ancaq yerli publika bunu məyusluqla qarşılamadı. Azərbaycan xalqı açılış mərasimində türkləri necə alqışlamışdısa, bu dəfə də Kayaalp özünü vətənindən kənarda hiss etmədi. Rızanın sevincini Türkiyə və Azərbaycan bayraqları ilə birgə qeyd etməsi isə nəyə desən, deyərdi. Bu dəfə eynidilli, eyni dinə xidmət edən 2 xalqın nümayəndələri arasında əbədi dostluq mesajı Avropaya verilirdi...

Səbuhi TOFİQOĞLU


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR