"Çikaqo Bullz"un tarixini dəyişən draft - Maykl Cordan seçiminin pərdəarxası

1978-79 NBA mövsümünün nəticələrinə əsasən, "Nyu-Orlean Caz" ("Caz" bir sonrakı mövsüm Solt Leyk Sitiyə köçür) Şərq, "Çikaqo" isə Qərb konfransını sonuncu sırada tamamlayır. Dönəmin qaydalarına görə, konfrans sonuncuları arasında qəpik atmaq yolu ilə draftda birinci sıradan seçim edəcək komandanın kimliyinə aydınlıq gəlirdi. Məlum, 1979 draftının önə çıxan isminin isə Məcik Conson olacağı gözlənilirdi. Yəni kağız üzərində "Çikaqo"nun onu heyətinə qatmaq şansı 50/50 idi. Lakin azarkeşlər arasındakı anketin də təsiri ilə baş menecer Rod Torn (1963-cü il NBA draftında ikinci sıradan seçilib) püşkün nəticəsini yanlış təxmin edir və Məciki əldə etmək şansı "Leykers"ə keçir. Niyə "Leykers"? Çünki Qeyl Qudriçin "Caz"a keçidinin nəticəsi olaraq, Kaliforniya təmsilçisi onlara məxsus 1977, 1978, 1979-cü illər birinci tur və 1980-ci ilə aid ikinci tur seçim haqlarını ələ keçirmişdi. Sonda Rod Torn Sidni Monkrifi də gözardı edərək, seçimini UCLA-da çıxış edən Deyvid Qrinvuddan yana edir. Məcik Conson illər sonra verdiyi açıqlamada püşk "Bullz"un xeyrinə olacağı təqdirdə drafta qatılmayacağını demişdi.

1984 draftı ərəfəsində isə qalmaqallı Orlando Vulric və Kuintin Deyli seçimləri, Recci Teusun göndərilməsi və "Çikaqo"nun ardıcıl üç mövsüm pley-offdan uzaq qalması Rod Torna olan inamı tamamilə azaltmışdı. Pozitivliyini itirməyən baş menecer isə yeni draft hədəfini gözünə kəsdirmişdi. Söhbət Maykl Cordandan gedir. Rod istisna, əksəriyyət onun klub tarixini dəyişdirəcək isim olacağına inanmırdı. Torn Cordanın ulduz olacağını təxmin etsə belə, bir gün "tarixin ən yaxşısı" kimi göstəriləcəyinə ehtimal vermirdi.
 


Həmin mövsüm müntəzəm çempionatın nəticələrinə görə, "Hyuston" Qərb, "İndiana" isə Şərq konfransını sonuncu sırada bitirir. Lakin "Peysers" draft haqqını Tom Ovens qarşılığında "Portlend"ə vermişdi. Yenə qəpik kimin birinci sıradan seçəcəyini müəyyənləşdirəcəkdi. Növbəti - üçüncü seçim haqqı isə mövsümün üçüncü ən bərbad nəticəsinə məxsus "Çikaqo"ya aid idi.

"Rokets" əvvəlcədən Hakim Olacuvonu hədəfləmişdi. "Portlend" isə seçimini zədəli uzun Sem Bovidən yana etmək fikrində idi. Klayd Drekslerin bir il öncə draft olunması "Portlend"i Cordandan fərqli isimə yönləndirən səbəblərdən idi. Rod Tornun qorxusu püşkün "Portlend" adına uğurlu olması ehtimalı ilə bağlı idi. Onun fikrincə, "Treyl Bleyzers" birinci seçim haqqını əldə edəcəyi təqdirdə uzun ehtiyacını Hakim hesabına ödəmək fikrinə düşəcək, belə olan halda isə ikinci olan "Hyuston" hədəfini Cordana çevirəcəkdi. Ancaq xoşbəxtlikdən, işlər Tornun istədiyi kimi gedir. Yekunda qəpik "Rokets"in üzünə "gülür" və Texas təmsilçisi birinci sıradan seçim etmək haqqı əldə edir, yəni ikinci sıra "Portlend"ə qalır.

Draft nəticələri gözləniləndən fərqli olmur. "Hyuston" Hakimi, "Portlend" Semi, "Çikaqo" isə Mayklı seçir. O günə qədər seçimlərinə görə tənqidlərə hədəf olan Rod Torn özü də tam olaraq fərqində olmadan "Bullz"un tarixini dəyişəcək seçimə imza atır. Karyerası boyunca zədələrlə boğuşan Sem Bovi isə "Portlend"in uğursuz draft seçimləri ilə nam salmasının səbəbkarlarından biri olur.
 


"Bullz" və 1984-cü il draftı ilə bağlı bir digər maraqlı məqam ondan ibarətdi ki, komanda 208-ci sıradan heç vaxt professional səviyyədə basketbolla məşğul olmayan əfsanəvi atlet Karl Luisi seçir. Qeyd edim ki, NFL komandalarından "Dallas Kovboyz" da həmin il 12-ci turdan Karlı draft etmişdi. O, kollec illərində amerikan futbolu ilə də məşğul olmamışdı. Yekunda Luis NBA və NFL variantlarını bir kənara ataraq yüngül atletika ilə yoluna davam edir.

P.S. 1984-cü il qəpikdən istifadə olunan sonuncu draft olur. 1985-ci ildən lotereya sistemi işə düşür.

OXŞAR XƏBƏRLƏR