"İndiki vəziyyət insanı başqa iş axtarmağa məcbur edir" - Xanım məşqçi

Bildiyiniz kimi, ölkəmizdə tədbiq edilən karantin rejiminə görə bir sıra sahələr kimi idman zalları da fəaliyyətini dayandırıb. 

Bu vəziyyət forma yığmaq üçün zallardan istifadə edənlərdən daha çox idman zalları iş-qazanc yeri olan məşqçilərə ciddi təsir edib. 

Maraqlıdır, 5 aydır davam edən karantində idman məşqçiləri neyniyirlər, necə dolanırlar?

Sport7.az bu sualı onların özlərinə ünvanladı. 

İlk yazımızda fitnes-məşqçisi olan Viktoriya Kərimovanın fikirlərinə yer ayırdıq. 
 


- Məlum məsələdir ki, karantin səbəbindən zallar bağlıdır və məşqlərdən uzaq qalmısız. Bu, vəziyyət formanıza, səhhətinizə necə təsir edir?
- Evdə məşq edirəm və qaçıram. Tələbələrimə isə onlayn məşq keçirəm. Ancaq təbii ki, bu, zalda məşqi əvəz etmir. 

-  Evdə məşq etmək mümkün olsa da, qazanc əldə etmək olmur...
- Bəli, artıq 5 aydır ki, işsiz oturmuşuq evdə. Vəziyyət təbii ki, yaxşı deyil. Bu qədər müddət işsiz qalmaq hər birimizə təsir edib. 

- Karantin rejiminin nə zaman bitəcəyi bəlli deyil. Ona görə də zalların açılması, nə zaman iş başına dönəcəyiniz sual altındadır.  Yeni bir peşədə özünüzü sınamaq fikriniz varmı?
- İndiki zamanda yeni bir peşə ancaq marketdə işləmək olar. Orada da koronavirusa yoluxma riski daha yüksəkdir. Başqa iş axtarıram, amma hər yer bağlıdır deyə, çətin tapılar. Reklama çəkilmək üçün təkliflər olur, amma tanımadığım insanlardan. 
 


- Bəs bu reklam təkliflərinə isti baxırsız? Gözəl xanımsız, ekrana yaraşarsız...
- Təşəkkür edirəm. Tanımadığım insanlar olmasaydı, yaxşı baxardım. Sadəcə heç bir ortaq nöqtəmiz yoxdur deyə, razılıq vermədim. 

- Bəs siz özünüzə hansı sahəni uyğun görürsünüz, hansı peşədə özünüzü sınamaq istərdiniz?
- Çətin sualdır... (gülür)... Öz peşəmi sevirəm, amma indiki vəziyyət insanı başqa iş axtarışına çıxmağa məcbur edir. Ona görə də deyə bilmirəm özümü hansı peşədə sınamaq istərdim. 
 
Röya Kərimli
Sport7.az
 


 


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR