"İnter" çox yaxşı oynadı" - MÜSAHİBƏ


Premyer Liqanın XVII turunda "Neftçi” "İnter”ə 1-2 hesabı ilə məğlub oldu.

Sport7.Az-ın verdiyi xəbərə görə, sözügedən qarşılaşmadan sonra komandanın aparıcı futbolçularından Araz Abdullayev jurnalistlərin suallarını cavablandırdı.

- Əvvəlcə oyun haqda fikirlərini bilmək istərdik.
- Oyuna yaxşı başlamışdıq. Komanda şəklində mübarizə aparırdıq. İlk hissədə qol vurandan sonra ikinci yarıda çalışırdıq ki, hesabı qoruyaq. Ancaq alınmadı. "İnter"i təbrik edirəm. Çox yaxşı oynadılar. Əlimizdən gələni etdik. Amma futbolda hər şey olur, udmaq da var, uduzmaq da... Görünür, bu gün qələbə qismətimizdə deyildi. Çalışarıq gələn oyunlarda yaxşı olsun.

- Oyunun sonlarına yaxın futbolçular arasında gərginlik artmışdı. Hakimliklə bağlı nə deyərdin?
- Hakim qərarını verdisə, dəyişmək olmur. Həm də mən futbolçuyam, hakim haqda nəsə deməyim düzgün olmaz. Ümumiyyətlə, hakimin ciddi səhv etdiyini düşünmürəm.

- "İnter” iki əvəzetmə sayəsində oyunun gedişatını dəyişdi. Demək olar ki, rəqib "Neftçi”ni yaxşı təhlil etmişdi?
- Əlbəttə, belə demək olar.

- "Neftçi” üçün artıq 2014-cü il başa çatdı. Komandanın ilk iki dövrədəki çıxışını necə dəyərləndirmək olar?
- Qarşıdan qış fasiləsi gəlir. Bu müddətdə yaxşı hazırlıq keçməliyik. Yəqin ki, yeni transferlər də olacaq. Mövsümün gedişində baş məşqçi dəyişikliyi oldu. Belə anlarda komandanı bir yerə yığmaq çətin olur. Fasilədə yaxşı hazırlıq keçib, mövsümün qarşıdakı hissəsinə hazırlaşmalıyıq. Məqsədimiz yenə də yüksək yerlər uğrunda oynamaqdı. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR