İqor Ponomaryov İsveçə köçüb?

İqor Ponomaryov İsveçə köçüb?

"İsveçə heç bir köç olmayıb. Məni SSRİ Dövlət İdman Komitəsi Azərbaycan İdman Komitəsinin razılığı ilə ezam edib. Buna görə İdman Komitəsi və "Neftçi" klubu böyük məbləğdə pul alıblar. "Neftçi"nin futbolçusu kimi isə İsveç çempionu olmuşam".

Bunu "Sabah" klubunun Müşahidə Şurasının üzvü İqor Ponomaryov 1989-cu ildə Azərbaycanı qaçqın kimi tərk etməsinə dair iddialara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hamı azərbaycanlı futbolçuların Avropanın yaxşı çempionatlarında çıxış etmələrini, uğur qazanacaqları, çempion olacaqları təqdirdə, onlarla fəxr etmək istəyir: "Olimpiya çempionu, yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında dünya vitse-çempionu və SSRi-nin əməkdar məşqçisi kimi mənə inanın. Mən insan və idmançı kimi hər zaman Azərbaycan bayrağını yüksəkdə tutmuşam. Heç vaxt və heç kim məndən doğma ölkəm və hər qarışını tanıdığım şəhərim barədə xoşagəlməz söz eşitməyib. Mən yeganə azərbaycanlı olimpiya çempionuyam və digər çoxsaylı nailiyyətlərim var. Futbolçu karyeramı bitirdikdən sonra heç vaxt ölkəmi unutmamışam və unutmuram. Vaxtilə futbol komandası yaratmışam. İsveç Azərbaycanlıları Konqresi diaspora işindəki fəallığıma görə məni "Dədə Qorqud" ordeni ilə mükafatlandırıb. Oğlum Anatoli Azərbaycan yığmasında çıxış edib, özüm milliyə baş məşqçi kimi rəhbərlik etmişəm".

Ponomaryov bütün nailiyyətlərinə "Neftçi"nin futbolçusu kimi imza atmasından qürur duyduğunu vurğulayıb: "Doğma "Neftçi"də çıxış edərkən bütün sağlamlığımı qoymuşam, ciddi zədə almışam və bu səbəbdən, tezliklə karyeramı bitirmişəm. 6 dəfə klubun ən yaxşı bombardiri olmuş, ardıcıl dəqiq yerinə yetirilmiş penalti sayında rekord müəyyənləşdirmiş, SSRİ-nin 100 ən yaxşı bombardiri siyahısına düşmüşəm. Fəxr edirəm ki, bu nailiyyətlərə "Neftçi"də imza atmışam. Doğma klubumu və ölkəmi şərəfləndirmişəm. Bu isə cənab Prezident İlham Əliyevin diqqətindən kənarda qalmayıb. Buna görə ona həmişə minnətdaram".

Qeyd edək ki, İqor Ponomaryov olimpiya çempionluğunu 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda, İsveç çempionluğunu 1989-cu ildə İsveç "Norrçöpinq"ində əldə edib. O, yeniyetmələr arasında Avropa çempionluğunu 1978-ci ildə, gənclər arasında dünya çempionatının gümüş mükafatını 1979-cu ildə qazanıb. Ardıcıl 24 penaltini dəqiq yerinə yetirməklə SSRİ çempionatının rekordçusu olmuş Ponomaryov 1979, 1980, 1981, 1983, 1985 və 1988-ci illərdə "Netçi"nin SSRİ çempionatındakı bombardiri olub. ("Report")

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR