İspaniyaya

İspaniyaya "tiki-taka"nı gətirən britaniyalı və ya "Barselona"ya 12 qol vuran komandanın məşqçisi haqda

Futbol İspaniyaya XIX əsrin sonunda "Rayo Tinto" şirkətinin işə götürdüyü muzdlu ingilis fəhlələr sayəsində qədəm qoyub. O zaman bu idman növünün Pireney yarımadasında nə qədər inkişaf edəcəyini təsəvvür etmək mümkünsüz idi. İlk illərdə İspaniyada futbol ingilissayağı inkişaf edirdi, komandalar daha çox Britaniya tərzində olanda güc futbolu nümayiş etdirib, bir-birini çətin vəziyyətə salmağa çalışırdılar.

İspaniyada futbol fəlsəfəsini tamamilə dəyişəcək ingiltərəli isə yarımadaya 2 onillik sonra təşrif buyuracaqdı. Frederik Pentland 1883-cü ildə Vulverhemptonda doğulmuşdu və 1903-cü ildə "Blekpul"un heyətində İngiltərə çempionatında mərkəz hücumçusu kimi debüt etməmişdən əvvəl silah-sursat istehsal edən fabrikdə çalışmışdı. Pentlandın futbolçu karyerası "Mildlsbro”, KPR, "Brentford”, "Blekbern” və "Stok Siti” kimi komandaları əhatə etmiş, hətta ara-sıra İngiltərə millisinə də dəvət almışdı. Lakin zədələr karyerasını qısamüddətli etmiş, 200 oyuna 50-dən çox qol vursa da, tam olaraq öz potensialını aça bilməmişdi. Əsasən sol cinah yarımmüdafiəçisi mövqeyində oynayan Fred, geniş cüssəsi və fiziki gücü ilə seçildiyindən, tez-tez hücumun sivri ucunda da forma geyirdi. Bu da məşqçilər tərəfindən yüksək qiymətləndirilirdi. 1913-cü ildə Pentland futbolçu karyerasını bitirdi və çox düşünmədən Almaniyaya yollanıb, ölkənin Olimpiya millisinin başına keçdi. Onu burada bir neçə ay sonra başlayacaq Birinci Dünya Müharibəsi haqladı və 32 yaşlı Pentland 1918-ci ilə qədər Rulebendə hərbi əsirlikdə qaldı. Bu zaman ərzində Ruleben Futbol Assosiasiyasının sədrinə çevrilmiş və o zaman böyük ajiotaj doğurmuş İngiltərə - Dünya yığması oyununun təşkilatçılarından biri olmuşdu. 1918-ci ildə müharibə bitir və Pentland yenidən İngiltərəyə qayıdır. Burada ailə həyatı quran Fred bu dəfə öz yolunu Fransadan salır və "Strasburq”un sükanı arxasına keçir. 1920-ci ildə isə britaniyalı çalışdırıcı artıq Fransanın Olimpiya millisinin başında Antverpen Olimpiadasında yollanır və komandanın yarımfinal oynamasına yardımçı olur. Fransa səyahətini də bu cür başa vuran Pentland nəhayət ki, İspaniyaya təşrif buyurur.
 


"Tiki-taka"nın əsasını Kroyf və Qvardiolanın "Barselona"sının və ya Mihelsin "Ayaks" və Hollandiya millisinin qoyduğunu düşünürsünüzsə, sizə bəd xəbərim var. Antonio Konte həmişə qeyd edir ki, taktiki cəhətdən özündən heç nə icad etmir, sadəcə, ondan qabaq istifadə olunmuş taktiki anlayışları bacardığı qədər təkmilləşdirməyə çalışır. Elə "tiki-taka"nın da əsası uzaq 1920-ci illərdə İspaniyanın Santander əyalətində qoyulub. Yuxarıda adıçəkilən Antverpen Olimpiadasında əcaib şəkildə gümüş medal qazanan İspaniyada futbol bumu başlamışdı və bütün komandalar bacardığı qədər güc və uzun ötürmələrə meyilli futbol oynamağa çalışırdılar. Santander "Rasinq"inin başına keçmiş Pentland tamamilə yeni bir fəlsəfə üzərində qurulmuş oyun sərgiləyən komanda yaratmaq istəyirdi. Pentland hava topları, uzun ötürmələrdən imtina edərək qısa paslar və topun uğurlu qəbuluna əsaslanan ötürmələr üzərində qurulmuş fərqli futbolla rəqiblərə çətin anlar yaşatmaq fikrində idi. O zaman ingilis, daha sonra isə ispan komandaları topa sahib olmanı düşünməyərək 2-3-5 sxemi ilə oynayırdılar. Top dərhal rəqib meydanına göndərilir və orada boşda qalan top uğrunda gedən mübarizə sayəsində hücüm qurulurdu. Pentland isə o zaman üçün nou-hau kimi görsənən 2-5-3 sxemini tətbiq etməyə başladı. Meydanın mərkəzi boyunca "yumruq" yaradan "Rasinq”in yarımmüdafiəçiləri öz aralarında paslaşaraq rəqibləri yorur, daha sonra isə boş mövqeyə açılan hücumçuya gözlənilməz ötürmə verərək rəqibləri mat-məəttəl edirdilər. Bu futbolun təkmilləşmiş versiyasını 90 il sonra Pep Qvardiolanın "Barselona”sı nümayiş etdirəcək və dünya futboluna meydan oxuyacaqdı.
 
"Rasinq”də oyun dəst-xətti quran Pentland Bilbaoya yollanır və aylıq 1000 peset maaş müqabilində yerli "Atletik”lə anlaşır. Komanda ilə ilk məşqə çıxan Fred 2 metr məsafəyə ötürmə verə bilməyən, futbol intellekti səviyyəsi yalnız uzun ötürmələr hesabına rəqib meydanında nəsə əldə etmək olan oyunçu toplusu ilə rastlaşdı. İlk məşqlər daha çox nəzəri xarakter daşıyırdı və Pentland oyunçulara adi ötürmələr etmək məntiqini izah etməyə çalışırdı. Futbolçulara bu tip gözlənilməz münasibət yerli əhalini şoka salmışdı. Onlar yeni baş məşqçiyə əcaib varlıq kimi baxır, məşqçinin çəkdiyi siqarı və başına geydiyi silindr-papağı məsxərəyə qoyur, qəzetlər isə yeni çalışdırıcı ilə bağlı karikaturlar hazırlayırdılar. Papaq həm də quruluşca qazanı xatırlatdığına görə, britaniyalı məşqçiyə "El Bombin" ləqəbi verilmişdi və Bilbao əhli tərəfindən "El Bombin" yekdilliklə şəhərin ən qəribə adamı hesab olunmağa başlamışdı. Amma Pentlandı ictimai fikir heç də maraqlandırmırdı. O, "sınıq" ispan dilində futbolçuların üstünə qışqır, gənc və təcrübəli arasında fərq qoymur, bəzi vaxtlarda ispan dilini ingiliscəyə qarışdırıb və aydın olmayan abrakadabra ilə öz yoğun siqaretini çəkib, bask futbolçulara futbolun əlifbasını izah edirdi.

Fred Pentland futbolda xırda detallara fikir verən ilk məşqçilərdən biri kimi də tarixə düşüb. Belə ki, o, oyunçulara butslarının bağlarını britansayağı bağlamağı öyrədir, komandada dress-kod qaydaları yaradır, futbolçuların rejiminə diqqət yetirir, bir sözlə, XXI əsrin futbolunu XX əsrin əvvəlində tətbiq etməyə çalışırdı. Zaman keçdikcə tərəfdarlar və məşqçi arasındaki nifrət və saymazlıq hörmət və nəvazişə çevrilir və Bilbaoya "El Bambin" kimi gələn Pentland artıq "El Mister" kimi tanınmağa başlayırdı. Sözsüz ki, Pentlandın əleyhdarları da çox idi, əsasən də rəqib komandaların məşqçiləri və oyunçuları onun metodlarını lağa qoyurdular, lakin "El Mister" öz inadından dönmür və dəst-xəttini davam etdirirdi. Hər bir britaniyalıda olduğu kimi, Pentlandın da xakarkterində tərslik öz yerini tutmuşdu. Məsələn, məşqçinin qərarlarından narazı olan futbolçu özünü nəinki ehtiyatda, ümmumiyyətlə, əvəzedici komandada belə tapa bilərdi.

"Atletik” ilk titulunu artıq 1923-cü ildə Kral kubokunu qazanmaqla əldə etmişdi. Lakin "El Mister" və bilbaoluların ilk sevdası cəmi 2 il çəkir və rəhbərliklə transfer məsələlərində ortaq dil tapa bilməyən məşqçi komandanı tərk edir. 15 illik İspaniya məcarası ərzində Pentland hər zaman öz əleyhdarları ilə mübarizə aparmağa məcbur olur. Onun futbolunu çox incə və aqresiyasız adlandırırlar, futbolu qəlizləşdirdiyini qeyd edirlər. Pentland isə onları susdurmaq üçün getdiyi hər yerdə sıfırdan oyun formalaşdırır və cızdığı planla irəliləməyə çalışırdı. 1925-ci ildən 1929-cu ilə qədər "Atletiko" və "Real Ovyedo"nu çalışdıran Pentland dünyaca məşhurluğu İspaniya millisində konsultant vəzifəsində işləyərkən qazanır. 1929-cu ilin mayında gənc İspaniya millisi "Estadio Metropolitano"da təcrübəli İngiltərə yığmasını 4-3 heabı ilə məğlub edir. Beləliklə, İspaniya millisi ingilislərə qalib gələn ilk qeyri-Britaniya millisi kimi tarixə düşür.
 


Pentlandın Bilbaoya qayıdışı isə sadəcə möhtəşəm alınır. 1930-cu ildə "Barselona” və "Real”ı geridə qoyaraq çempion olan Bilbao təmsilçisi həm də Kral kubokunu qazanaraq "qızıl dubl" etmiş ilk ispan komandası olur. Bununla da kifayətlənməyən bilbaolular növbəti mövsüm titulu uğurla müdafiə edir, "Barselona”nı isə 12-1 hesabı ilə darmadağın edərək katalonlara tarixinin ən ağır məğlubiyyətini yaşadırlar. Maraqlıdır ki, həmin mövsüm "Barselona” da "Atletik”in oynadığı oyun tərzini mənimsəməyə başlayır, qısa ötürmələr üzərində qurulan futbol nümayiş etdirməyə çalışırdı. Lakin bu da "Barsa”ya kömək olmadı. Maraqlıdır ki, bilbaolular həmin mövsüm səfərdə "Barselona”nı 6:3 məğlub etmiş, Madrid "Real”ına isə 2 oyunun nəticəsində 10 top vurmuşdular. Bir mövsümə "Real” və "Barselona”ya 28 top vuran komanda görmüsünüzmü? Tanış olun: "Atletik”.
 


Növbəti mövsümlərdə bilbaolular daha 2 dəfə İspaniya kubokunu qazanır və uzun müddət ərzində 4 ardıcıl Kral Kuboku qazanan yeganə komanda kimi tarixdə qalırlar. Onların bu uğurunu yalnız 2018-ci ildə "Barselona" təkrarlaya bilir. 1933-cü ildə yenə Fred Pentlandla rəhbərlik arasında mübahisə yaranır və o, Madrid "Atletiko”suna keçir. İspaniyada başlayan vətəndaş müharibəsi onun Pireneydəki karyerasını bitrir və Pentland İngiltərəyə qayıtmalı olur. Burada o, bir müddət ortabab "Barrou"ya rəhbərlik edir, lakin artıq üçüncü - bu dəfə İkinci Dünya Müharibəsi "El Bombi"ni yenə də futboldan uzaq salır.

Pentland məşqçi karyerasını 57 yaşında bitirir. 22 il sonra "El Bombin" "San-Mames”ə dəvət alır və "Çelsi” ilə keçirilən oyunda topa ilk vuruşu yerinə yetirir. "Baskoniyanın Əməkdar Məşqçisi" mükafatını alan Pentlandı bütün "San-Mames” ayaqüstə 14 dəqiqə dayanmadan alqışlayır. Yaşlı "El Mister" qəhərlənir və göz yaşları içində azarkeşlərin qarşısında baş əyir.
 
 
 
1962-ci ildə Pentland dünyasını dəyişir və onun adı futbol tarixindən sakitcə silinməyə başlayır. Ön plana Mihels, Kroyf və Qvardiola fəlsəfəsi çıxır, yeni qəhrəmanlar peyda olmağa başlayır, İspaniya futbolunda yeni fəlsəfənin, "ispan futbolu" fəlsəfəsinin əsasını qoyan Pentland isə tarixin yaddaşına köçür. Bəlkə də, İspaniyaya futbolu "Rayo Tinto"nun ingilis fəhlələri gətirib, lakin İspaniya əsl futbola görə tamamilə fərqli britaniyalıya borcludur.

Tərcümə: Məmməd İmanov
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR