"İstəsəm, mənim üçün səhranı da yaşıllaşdırardılar" - Pirlonun Qətərə transferi niyə baş tutmayıb?

"Andrea, səni Qətərə çağırırlar” - agentim Tullio Tinti zəng edəndə heç salamlaşmamış birbaşa hərəkətə keçmişdi. Bu, onu göstərirdi ki, o, həqiqətən də, işin ciddiliyinə köklənmişdi:

- Bağışla, necə?
- Qətərdə oynayacaqsan.
- Dəli olmusan? Heç xəyal belə edə bilmirəm.
- Orada hətta Quardiola da oynayıb.
- Karyerasının sonunda...
- Yaxşı, onda heç olmasa maraq üçün onlarla danış.
- Ok, nə vaxt gələcəklər?
- Onlar artıq buradadı. Tez qalstuku taxıb, sənin arxanca gələcəm.

Onlar məni Devid Bekhemin "Milan"da oynayarkən qaldığı, qatar stransiyasının yaxınlığındakı - gözəl "Principe di Savoia" otelində gözləyirdilər. Lüks otaq seçmişdilər. Klubun sahibi, bir neçə funksioner və hüquqşünas gəlmişdi:

- Salam. Müqavilə hazırdı.
- Sizin də gününüz xeyir. Görüşdüyüm üçün şadam...
- Formamız sənə çox yaraşacaq.
- Məmnun oldum. Mənim adım Andrea Pirlodu.
- Qərar vermək üçün tələsmə. Bir neçə dəqiqə düşünə bilərsən.
- Düzü, bura, sadəcə, sizin kim olduğunuzu öyrənmək üçün gəlmişəm.
 


Elə bil ki, fərqli dillərdə danışır, fərqli zamanlarda yaşayırdıq. Onlar sanki gələcəkdə idi, mən isə hazırkı zamana köklənmişdim. Onda anladım ki, həqiqətən də Şaxta baba mövcuddu.

- Andrea, neçə uşağın var?
- İki.
- Bizim Qətərdə çox yaxşı ingilis dilli məktəbimiz var.
- Onların italyan dilində danışmasını istəyirəm.
- Yeni məktəb tikdirib, italiyalı müəllimləri gətirə bilərik. Avtomobilləri sevirsən?
- Bəli.
- Bizdən hədiyyə olaraq bir neçə "Ferrari" qəbul etsən, şad olarıq.
- Bir neçə?
- İtaliya üçün darıxsan, səni şəxsi təyyarə də gözləyəcək.
- Ancaq...
- Müqavilə hazırdı - 4 illik.
- Sağ olun, amma...
- 40 milyon avro.

Tullio az qalmışdı ki, ağlını itirsin.

- İllik deyil, 4 ilin tamamı üçün 40 milyon avro. İqtisadi böhran var, pulları ətrafa səpələyə bilmərik.
- Başa düşdüm.
- Amma əgər illik 10 milyon azdı deyirsənsə, müzakirə edə bilərik.

Əgər istəsəydim, mənim üçün səhranı da yaşıllaşdırardılar. Saqqızımı oğurlamasınlar deyə, danışıqları dayandırmaq qərarına gəldim:

- Çox sağ olun, amma sizin təklifi qəbul edə bilmərəm. Sizinlə anlaşmaq karyeramın bitməsi anlamına gələcək. Düşünürəm ki, Avropada və İtaliyada hələ də faydalı ola bilərəm. Fikrimi bir neçə ildən sonra dəyişməli olsam, onda yenidən danışarıq.
- İllik 11 milyon avro...
- Tullio, gedək.
- 12 milyon.
- Tullio?!
- 13...

Hələ də nələrin baş verdiyini anlamayan agentimin əllindən tutdum və tez bir zamanda oranı tərk etdik. Qoluma baxdım və saatın 21:21 olduğunu gördüm. Ən sevdiyim forma nömrəsi... Taleyim qulağıma yavaşca fısıldadı: "Doğru qərar verdin".

Mənbə: Andrea Pirlo - "I Think Therefore I Play" kitabı

Tərcümə: Daniele Baselli bloqu (Sport7.az)

Yazarı "Facebook"da izlə: https://bit.ly/2S40691

OXŞAR XƏBƏRLƏR