İtalyan məşqçilər Bakıda nə qədər qalacaq? – Sport7.az araşdırdı

İtalyan məşqçilər Bakıda nə qədər qalacaq? – Sport7.az araşdırdı

İtalyan mütəxəssis Canni De Byaziylə anlaşan AFFA onu və daha 4 həmyerlisini milli komandamızda işlə təmin etdi.

İndiyə qədər milli komandamızda Berti Foqts, Robert Prosineçki və Nikola Yurçeviç kimi əcnəbilər çalışıb. Hər dəfəsində də onların Bakıda nə qədər qalacağı, Azərbaycan çempionatının oyunlarını izləyib-izləməyəcəyi maraq dairəsində olub. Almaniyalı Berti Foqtsun bizə saymazyana münasibəti onun Bakıda keçirdiyi günlərin sayından da bəlli idi. Azərbaycana millinin toplanışları zamanı gələn Foqts qarşılaşmalar bitən kimi evinə yollanırdı.

Robert Prosineçki ona baxanda şükürlü görünsə də, xorvatiyalının da zaman-zaman bizə göstərdiyi münasibət qıcıq doğururdu. Aprel döyüşləri zamanı ailəsiylə birlikdə Azərbaycanı tərk edən Prosineçki uzun müddət geriyə qayıtmadı. "Niyə də yox” şüarının reallaşmayacağı bilinən kimi "Bursaspor”a getməyə can atan xorvatiyalı AFFA-nın qadağasından sonra bizdən küsdü. Elə bu səbəbdən də 2017-ci ilin yayında məzuniyyətini xeyli uzaydı. Köməkçiləri ilə birlikdə Xorvatiyada iki aydan çox yubanan Prosineçki mövsümün ilk turlarını da izləməyi lazım bilməmişdi.

Nikola Yurçeviç Azərbaycanda çalışdığı qısa müddət ərzində bir neçə dəfə ortalıqdan qeybə çəkilməyə macal tapdı. AFFA-yla münasibətləri rəsmiləşdirəndən dərhal sonra "yır-yığış” etmək adıyla Zaqrebə yollanan Yurçeviç ordan xeyli gec qayıtdı ki, həmin müddətdə də Azərbaycan Premyer Liqasında 2-3 turun oyunları keçirildi.

Bəs, Canni De Byaziylə bağlı vəziyyət necə olacaq? İtaliyadan gələn mütəxəssislərin müqaviləsində bununla bağlı xüsusi bənd varmı? Sport7.az-ın sorğusunu AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentin rəhbəri Firuz Abdulla belə cavablandırdı:

"Bəli, Canni De Byazinin müqaviləsində özünün və iki köməkçisinin Azərbaycanda yaşaması ilə bağlı konkret bənd var. Burda söhbət ilin əksər günlərindən gedir ki, müqavilədə də həmin say konkret göstərilib. Sadəcə, detalları tam olaraq açıqlamağa ehtiyac yoxdu. Əminliklə deyirəm ki, müqavilədə bütün detallar nəzərə alınıb. Bunu belə də qələmə vermək olar ki, De Byazi və köməkçiləri elə Bakıda yaşayacaqlar. Çünki ilin əksər günlərini burda olacaqlar”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR