Kamran Ağayev Türkiyə çempionatında II yerdə olan kluba keçir

Kamran Ağayev Türkiyə çempionatında II yerdə olan kluba keçir

"Kamran Ağayev maraq dairəmizdə olan futbolçudur. Həm özü, həm də "Qəbələ” klubunun rəhbərliyi ilə danışıq aparırıq. Böyük ehtimalla, bu transfer baş tutacaq”. 

Sport7.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin "Adana Dəmirspor” klubunun baş məşqçisi Samet Aybaba deyib.
 
Türkiyənin digər I dəstə təmsilçisi "Adanaspor” maddi şərtlər baxımından Kamran Ağayevin transferindən vaz keçdiyindən,  "Adana Dəmirspor” klubu irəli atılıb. Təcrübəli çalışdırıcının sözlərinə görə, onlar maddi məsələdə də heç bir problem yaşamayacaqlar: "Düşünürəm ki, bu günlərdə keçidi rəsmiləşdirəcəyik. Maddi tərəfdən də sıxıntı yoxdu. Kamran yaxşı futbolçudu. Onun transferi komandamıza fayda verəcək. Xarakteri baxımından da hansısa problemlə üzləşəcəyimizi düşünmürəm”.
 
Transferi reallaşacağı təqdirdə, bu, Kamranın karyerası ərzində ilk xarici klubu olacaq. 29 yaşlı qolkiper buna qədər "Qəbələ” ilə yanaşı, "Turan”, "Xəzər Lənkəran” və "Bakı” klublarının da formasını geyinib.
 
Qeyd edək ki, 17 turdan sonra 33 xal toplayan "Adana Dəmirspor” turnir cədvəlində II pillədə qərarlaşıb və lider "Kayserispor”dan cəmi 1 xal geri qalır.

Onu da vurğulayaq ki, dünən saytımız Kamran Ağayevdən artıq kapitanlığın da alındığını və sarğının Ruslan Abışova həvalə olunduğunu qeyd edib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR