Kamran Ağayevlə Elxan Məmmədov razılığa gəlib – Gizli qalan detallar

Kamran Ağayevlə Elxan Məmmədov razılığa gəlib – Gizli qalan detallar

Müstəqillik illərində Azərbaycanın ən güclü qokiperlərindən biri, bəlkə də birincisi olan Kamran Ağayevin bu yaxınlarda verdiyi müsahibədə səsləndirdiyi fikirlər geniş müzakirə doğurdu. Ağayev futboldan səssiz uzaqlaşmasında, klubsuz qalmasında özünün səhvinin olduğunu etiraf etməklə yanaşı, AFFA rəhbərliyini də qınamışdı. O futbolsuz qaldığı son bir ildə iki dəfə assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdüyünü, bundan sonra bir daha onunla üz-üzə gəlmək istəmədiyini bildirmişdi.

Bugünlərdə əldə edilən bilgiyə görə, Kamranla icraçı vitse-prezident arasında növbəti dəfə görüş baş tutub. Bu məlumatı dəqiqləşdirmək, görüş olubsa, orda nələrin müzakirə olunduğunu bilmək üçün "Futbol+” qəzetinin əməkdaşları yenidən Ağayevlə danışmağı lazım bilib. Kamran görüş yox, telefon danışığının olduğunu bildirdi: "Təxminən 10 gün öncə Elxan müəllimlə danışdıq. Bəzi məsələləri müzakirə etdik ki, indi detallara varmaq istəmirəm. Bir qədər səbirli olun, yaxın günlərdə ətraflı məlumat verəcəm”.

11 il yığmanın "1 nömrə”si olmuş qapıçı "karyeranı davam etdirmək fikrin var” sualına belə cavab verdi: "Futbol mənim həyatımdı. Bundan başqa əlimdən nə gəlir ki? Yenidən yaşıl sahəyə qayıtmaq istəyirəm. Hətta deyərdim ki, bunun üçün çox darıxmışam. Ancaq bilmirəm, alınacaq, ya alınmayacaq. Çünki çox fasilə vermişəm, əvvəlki Kamran olub-olmayacağımı dəqiq bilmirəm. Ən azı buna cəhd göstərəcəm, əlimdən gələni edəcəm ki, formaya düşüm. Alınmasa, artıq əlcəklərimi çıxarmaq məcburiyyətində qalacam. Bəs sonra? Yenə deyirəm, həyatım futbola bağlıdı. Bundan sonra özümü yeni sahədə sınamaq, başqa işə üz tutmaq çətin olar. Yəqin ki, məşqçiliyə başlayacam. Bunun üçün ilk növbədə oxumaq, müvafiq lisenziyanı əldə etmək lazımdı. Oxumaqla yanaşı, hansısa aşağı yaş qrupu üzrə yığmaların birində qapıçılar üzrə məşqçi kimi də çalışa bilərəm. Ancaq söylədiklərim hələ tam dəqiqləşməyib. Ona görə də bir qədər səbirli olmağınızı xahiş edirəm. Hər şeyi zamanın ixtiyarına buraxaq”.

Mənbə: "Futbol+”

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR