Kapraralı Azərbaycan millisi, son çempion Serbiya və Eqonunun İtaliyası... - Avropa çempionatı başlayır

Kapraralı Azərbaycan millisi, son çempion Serbiya və Eqonunun İtaliyası... - Avropa çempionatı başlayır

Dramatik keçən Azərbaycan – Hollandiya yarımfinalı, bəlkə də, Avropa çempionatları tarixinin ən maraqlı oyunları sırasında "ilk onluq"da özünə yer tapar, ya da arenadan canlı izləyib atmosfer qarşısında eyforiyaya qapılmağım bu fikri ortaya çıxara bilər. Millimizin "narıncı"larla başa-baş mübarizə aparacağı elə də çox idman növü yoxdur. Ölkədə ən populyar komanda idman növü futbol olsa da, bizimkilərin hollandlarla ən böyük təcrübəsi "Ayaks” ola bilərdi ki, o arzular da bir həftə əvvəl Bakıda dəfn olundu. Uzun sözün qısası, dramatikliyi ilə yadda qalan Azərbaycan – Hollandiya dueli 2017-ci ildə, sentyabrın son günündə qadın voleybolçuların Avropa çempionatı çərçivəsində baş tutmuşdu. Elə onda da arzularımız son anda dəfn olmuşdu.

Ümumiyyətlə, Bakıda baş tutan qitə çempionatı mənim üçün maraqlı xatirələrlə yadda qalmışdı: Yelena Blaqoyeviçin tribunalara fırlatdığı Serbiya yığmasının imzalı topu, turnirin ən yaxşı liberosu - Valeriya Korotenko və ən yaxşı məşqçisi seçilən Zoran Terziçlə çəkdirdiyim şəkillər, 9 canlı oyun və Serbiya millisinin zəfəri ilə başa çatan 30-cu Avropa Çempionatı...

Bu gün növbəti qitə çempionatı start götürür. Son turniri xatırlamağım üçün bundan gözəl bəhanə ola bilməzdi. Şanslarımız nə qədərdir?; Kapraralı yığmanın nə kimi özəlliyi var?; Favoritlər kimlərdir? - artıq təəssürat hissəsini bir kənara atıb, ardıcıl 8-ci dəfə qatıldığımız AÇ-yə toxunmaq zamanıdı.

Yeni reqlamentlə, 24 komandanın iştirakı ilə keçiriləcək və 4 ölkənin (Türkiyə, Polşa, Macarıstan və Slovakiya) ev sahibliyi edəcəyi 31-ci qitə çempionatında millimiz C qrupunda mübarizə aparacaq. Rəqiblərimiz Xorvatiya, Estoniya, Rumıniya, ev sahibi Macarıstan və son finalçı Hollandiya yığmaları olacaq.
 


Qrupun aşkar favoriti sayılan Hollandiya ilə bağlı xatirələrə başlanğıcda, onsuz da, kifayət qədər yer verdim.Yenə "narıncılar" və onlarla bərabər, ev sahibi Macarıstanla oyunların çətin keçəcəyi gözlənilir. Digər üç rəqibi isə yığmamız gözüyumlu məğlub etməyə borcludur.

Onu da qeyd edək ki, qadın voleybolçularımız ilk dəfə AÇ-yə əcnəbi məşqçi – italiyalı Covanni Kaprara – ilə yollanır. Daha çox klub fəaliyyəti ilə tanınan təcrübəli məşqçi karyerası ərzində üçüncü dəfədi ki, yığmada çalışır. Daha öncə 2005-2008-ci illərdə Rusiyaya rəhbərlik etmiş Kaprara 2005-ci ildə millimizin bürünc medal qazanmasına mane olmuş, bir il sonra isə şimal qonşularımıza DÇ-ni qazandırmışdı. 2010-2011-ci illərdə isə 56 yaşlı mütəxəssis Yunanıstan yığmasında işləyib.

Azərbaycan voleybolçularının şanslarına gəlincə, dörd komandanın pley-offa vəsiqə qazanacağı qrup mərhələsində komandamız ilk iki yeri tutacağı təqdirdə, 1/8 finalda A qrupunun üçüncü və ya dördüncüsü ilə qarşılaşacaq. Serbiya və Türkiyənin qərarlaşdığı bu qrupda potensial rəqiblərimiz Bolqarıstan, Yunanıstan, Fransa və Finlandiyadan biri ola bilər, əks halda isə son çempion və ev sahibi ilə duellər böyük ehtimal turnirdə son matçımız olacaq.


Voleybolçularımızın təqvimi:

23 Avqust

17:00. Xorvatiya - Azərbaycan


25 Avqust

17:30. Azərbaycan - Hollandiya


26 Avqust

22:30. Macarıstan - Azərbaycan


28 Avqust

17:30. Azərbaycan -  Estoniya


29 Avqust

17:30. Rumıniya - Azərbaycan


A qrupu: Serbiya, Türkiyə, Bolqarıstan, Fransa, Finlandiya, Yunanıstan.


Turniri qəbul edəcək 4 ölkədən biri olan Türkiyə 2003-cü ildən sonra ilk dəfə AÇ-yə ev sahibliyi edəcək. 16 il əvvəl finalda Polşaya 0:3 uduzaraq qitə çempionatını gümüş medalla tamamlayan "filenin sultanları” bu dəfə Covanni Quidettinin başçılığı altında çempionluğu hədəfləyir. Qrupdan problemsiz çıxacağı gözlənilən Türkiyənin Serbiya ilə mübarizəsi böyük maraqla gözlənilir. Son turnirdə Bakıda rəqibinə 0:3 uduzaraq final şanslarını itirən "ay-ulduzlular" qisas almağa çalışacaq. Gəl ki, Serbiya da Türkiyəyə istirahət üçün yollanmır. Həm Avropa, həm də dünya çempionu kimi Ankaraya təşrif buyuran Zoran Terziçin komandası titulunu qorumağa ən real namizəddir. Tiyana Boşkoviçin liderlik etdiyi yığmaya, əslində, yerli arenalar doğmadır. Belə ki, Milena Raşiçlə birgə o, uzun illərdir, müvafiq olaraq "Əczaçıbaşı” və "Vakıfbank”ın şərəfini qoruyurlar. Digər komandalara nəzər salsaq, Bolqarıstanın üçüncülük şanslarının yüksək olduğu qrupda, dördüncü yer uğrunda amansız mübarizənin gedəcəyi gözlənilir.
 


B qrupu: Polşa, İtaliya, Belçika, Portuqaliya, Ukrayna, Sloveniya.


Polşanın ev sahibliyi edəcəyi B qrupunda mübarizənin daha gərgin keçəcəyini söyləmək olar. Çünki burada son dünya ikincisi İtaliya və iddialı Belçika kimi yığmalar var. Azarkeş dəstəyi, son illər qadın voleybolunda düşüşdə olan Polşa yığmasının ən böyük silahı ola bilər ki, polyakların dəfələrlə voleybolu necə sevdiyinin tribunlardan şahidi olmuşuq. Turnirin favoritlərindən İtaliya yığması, yəqin ki, qrupdan problemsiz çıxacaq. "Mavilər"in heyətində Paola Eqonunun Avrovolley-2019-un əsas ulduzlarından biri olacağı gözlənilir. İkinci və üçüncü yer uğrunda Polşa və Belçika mübarizə aparacaq. Azarkeş dəstəyi baxımından ev sahibləri bir addım önə çıxır. Onlara Ukrayna millisi problem yarada bilər. "Sarı-göylər" Bakıdakı qitə çempionatında bütün matçlarını (Rusiya, Türkiyə və Bolqarıstan) tay-brekdə uduzmuşdu.
 


D qrupu: Rusiya, Slovakiya, Almaniya, Belarus, İspaniya, İsveçrə.


Uzun fasilədən sonra yenidən AÇ-də iştirak haqqı qazanan Slovakiya D qrupunun matçlarını qəbul edəcək. Avropa çempionatını hamıdan çox qazanmış Rusiya yığmasını hesabdan silmək olmaz. Qonçorovalı komanda yenə də iddialı olacaq. Onlara qrupda Almaniya problem yarada bilər. Belarus və ev sahibi üstünlüyünü nəzərə alsaq, Slovakiyanın növbəti iki yeri tutacağı real görünür.
 




OXŞAR XƏBƏRLƏR