Katenaççonun tarixi:

Katenaççonun tarixi: "Bir komanda, bir ailə" (VII hissə)

Elenio Errera sadəcə yaxşı taktik deyildi. O, komanda ilə bağlı bütün məsələlərə müdaxilə edən perfektsionist idi. Errera oyunçularının qidalanma rejiminə nəzarət edirdi, futbolçuların oyunlardan əvvəlki gecə bazada qalmasınə şərait yaradan "ritiro" sistemini formalaşdırmışdı və idman psixologiyasının təşəbbüsçülərindən biri idi. Elenio hər səhər saat 7 olmamış yuxudan qalxıb yoqa ilə məşğul olardı. Yoqa edərkən öz-özünə təkrarlayardı: "Mən güclüyəm, mən soyuqqanlıyam, mən heç nədən qorxmuram, mən gözələm". O, paltardəyişmə otağının divarlarına motivasiya məqsədli qeydlər yapışdırıbmış. Məsələn, onlardan birində yazılmışdı: "Döyüşmək, yoxsa oynamaq? Məncə, döyüşmək və oynamaq". Və ya bir başqasında qeyd olunmuşdu: "Ancaq özü üçün oynayan futbolçu rəqib üçün oynayır. Komanda üçün oynayan futbolçu isə həm də özü üçün oynayır". Errera futbolçularının gün ərzində 12 saat yatmasını istəyirmiş, özü isə nadir hallarda axşam saat 9-dan sonra oyaq olarmış. Breranın dediyi kimi: "Həm kloun, həm dahi, həm vulqar, həm asketik, həm acgöz, həm yaxşı ata, həm sultan, həm inanclı, həm kobud, həm səriştəli, həm şöhrət düşkünü, həm də sağlamlıq dəlisi... - o, belə biri idi".
 


"Stad Franse"nin prezidenti 1949-cu ildə klubun səhmlərini satdı və nəticədə Errera İspaniyaya köçməli oldu. O, əvvəlcə qısa müddət "Valyadolid"i çalışdırdı, sonra isə "Atletiko"nun başına keçdi. Burada iki çempionluq qazanan Elenionun sonrakı iş yerləri "Malaqa", "Deportivo", "Sevilya" və Portuqaliya "Belenenseş"i oldu. Ardınca növbə "Barselona"ya çatdı. O, Avropadakı ilk uğurunu məhz katalon klubu ilə qazandı. Əslində, "Barselona"nı Yarmarkalar Kubokunun finalına kimi aparan şəxs Erreranın sələfi Domenek Balmanya idi. Hətta "Stemford Bric"də London yığmasına qarşı oynanılan ilk final matçında (2:2) da komandanın başında Balmanya var idi. Sadəcə, həmin ərəfədə "Barselona"nın çempionatdakı uğursuz çıxışları səbəbindən Dom istefaya göndərildi. "Blauqrana"ya baş məşqçi təyin olunan Erreranın əlinə fürsət düşmüşdü və o, bundan yetərincə faydalandı. "Barsa" cavab matçında 6:0 hesabı ilə qələbə qazanaraq Yarmarkalar Kubokunun qalibi oldu.

Errera əlindəki heyətin çox yaxşı olduğunu qəbul edirdi: "Bu komanda ilə iştirak etdiyiniz hər turnirdən qalib ayrılmalı idiniz. Başqa bir şeyə ehtiyac yox idi. Sadəcə, "Real"ın indiyə kimi ölkə daxilində və xaricindəki uğurları "Barselona"nı qorxutmuşdu".

Errera başlanğıcdan etibarən oyunçuların özlərinə olan inamını yüksəltməyə çalışırdı. O, bunun üçün təkcə motivasiya sözlərindən yox, öz ekzotik keçmişinə dair rituallardan da istifadə edirdi: "Məşqçilərin çoxu oyunçular meydana çıxanda onların çiyinlərinə toxunmaqla və ya arada patriotik söhbətlər etməklə işlərinin bitdiyini düşünürlər. Bəlkə də, ikincisi sayəsində futbolçuların ürəklərini isitmək mümkündü, amma eyni zamanda, bu, bütün komandanın əzələlərinin soyumasına səbəb olur".

Futbolçulara oyunlardan əvvəl Cənubi Amerika və Ərəbistan mənşəli olduğu iddialı edilən sehrli qarışıqdan ibarət bitki çayları verilirdi. Daha sonra oyunçular dairə halında Erreranın ətrafında toplaşırdılar. Məşqçi bir-bir topu onlara atır və gözlərinin içinə baxaraq soruşurdu: "Necə oynayacağıq? Niyə qələbə qazanacağıq?" Ardınca futbolçular qollarını bir-birilərinin çiyinlərinə qoyurdular və qışqırırdılar: "Biz qələbə qazanacağıq. Biz bunu birlikdə edəcəyik". Yarımmüdafiəçi Luis Suares yemək zamanı yerə şərab töküləndə növbəti oyunda qol vuracağına inanarmış. Errera bu səbəbdən önəmli matçlardan əvvəl, komanda yeməkləri zamanı bilərək öz şərabını yerə tökərmiş. Suares isə barmağını masaya tökülən şəraba batırar, sonra barmağını alnına və ayağına sürtərmiş.
 


"İnter"ə keçdikdən sonra, klubdakı "soyuq" atmosferi aradan qaldırmağa çalışan Errera rituallarını daha da kompleksləşdirmişdi. Oyunçular yenə dairə halında onun ətrafına yığışarmışlar. Bu səfər Elenio topu mərkəzə qoyar, ardınca hər bir futbolçu əlini topa doğru uzadaraq qışqırarmış: "Buna sahib olmalıyam! Buna sahib olmalıyam!" Errera bunu belə izah edirdi: "Matçdan əvvəl topa toxunmaq önəmlidi. Oyunçular gərgin olurlar. "Böyük" matç, böyük izdiham... Amma top onların həyatıdı. Sonra onların bir-birilərini qucaqlamalarını istəyirdim. Öpüşməkdən söhbət gedə bilməz, sadəcə qucaqlamaq... Və onlara deyirdim: "Hamımız eyni qayıqdayıq". Ardınca formalarını geyinirdilər və əlavə edirdim: "Bir-birinizlə danışın. Müdafiə oyunçuları, aranızda danışın". "Une equipe, une famille (bir komanda, bir ailə)".
 


Erreranın "Barselona"dakı tərzi onun özüəinamının yüksək olmasının göstəricisi idi. İnsayd-forvardları yarımmüdafiənin qanadlarında oynadaraq onlara yarımmüdafiədə kreativlik bacarıqlarını işə salmaq üçün imkan tanıyırdı. "Barselona" ikinci pillədəki komandanı 4 xal fərqi ilə geridə qoyaraq çempion olduğu 1958-59 mövsümündə 30 oyunda 96 qol vurmuşdu. Əlavə göstəricilər hesabına "Real"ı qabaqladıqları 1959-60 mövsümündə isə "katalonlar"ın qol sayı 86 idi. Amma komanda həmin mövsümün sonunda Avropa Kubokunun yarımfinalında iki oyunun ümumi hesabına görə "Real"a 2:6 hesabı ilə məğlub olduqdan sonra Errera istefaya göndərildi. Elenio komandadan qovulanda "Barselona" Yarmarkalar Kubokunun finalında ingilis rəqibinə qarşı cavab matçına çıxmalı idi. Yəni onun gəlişi ilə gedişi çox bənzər idi. Avropa Kubokundakı məğlubiyyətdən sonra azarkeşlər oteldə Erreraya hücum etmişdilər. İstefaya göndərildikdən sonra isə onu Ramblada çiyinləri üstündə gəzdirdilər. Həmin dövrdə Avropanın ən çox istənilən məşqçisi olmaq baxımından sadəcə Quttmann onunla mübarizə apara bilərdi. Bir neçə təklif almasına baxmayaraq, Errera sonda ən sərfəli variantı seçdi və "İnter"i çalışdırmaq üçün Milana yollandı. (ardı var)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR