Katenaççonun tarixi: Futbolu ehtiras və gücün qarışığı hesab edən, şansa inanmayan, ilk müasir məşqçi - Elenio Errera (VI hissə)

Katenaççonun tarixi: Futbolu ehtiras və gücün qarışığı hesab edən, şansa inanmayan, ilk müasir məşqçi - Elenio Errera (VI hissə)

Rokkonun komandasının üstün cəhətlərinə baxmayaraq, onlar şəhərin digər komandası ilə müqayisədə arxa planda qalırdılar. Elenio Erreranın "La grande İnter"i kifayət qədər istedadlı, uğurlu və çox amansız komanda idi. Katenaççonun ən böyük təmsilçisi olan "İnter", zaman keçdikcə populyar təxəyyüldə futbolun yanlışları qismində təqdim olunan hər şeyin təcəssümü idi. Onlara hörmətlə yanaşmamaq çətin idi. Eyni zamanda, bu hörmətin arxasındakı istəksizliyi görməmək də - xüsusilə də, Britaniyada - bir o qədər çətin idi.
 


Errera 40-cı illərdə Fransadakı matçlardan birində, Rappandan xəbərsiz, müstəqil şəkildə "süpürgəçi" mövqeyini kəşf etdiyini iddia edirdi. O, W-M düzülüşündə sol cinah müdafiəçisi kimi oynayırmış. Oyunun sonuna 15 dəqiqə qalmış Erreranın formasını geyindiyi komanda 1:0 hesabı ilə öndə imiş. Rəqibin təzyiqinin artdığını görən Elenio yarımmüdafiənin solundakı komanda yoldaşından onun mövqeyinə keçməsini istəyib. Özü isə müdafiəyəmeyilli mərkəz-hafı sığortalamaq üçün içəriyə çəkilib.

Errera: "Futbolçu olduğum illərdə də belə düşünürdüm. O oyundan qalib ayrıldıq və illər sonra baş məşqçi olanda həmin anı xatırladım".

Bu, doğru da ola bilər, yanlış da, amma müzakirəyə qapalı bir mövzu var: Errera bu sistemin "xaç atası" idi və katenaçço sayəsində iki dəfə Avropa Kubokunun qalibi olmuşdu. Rokko köklüyünə və şərab sevgisinə görə, həmişə sistemin təməl ideyalarına zidd biri kimi göstərilirdi. Dik, sısqa və qatı intizamı ilə seçilən Errera isə sanki katenaççonun mücəssəməsi idi. Hərçənd jurnalist Kamilla Kedernanın dediyi kimi, saçları bir az çox qara idi.
 


Buenos Ayresdə dünyaya gələn Erreranın dəqiq doğum tarixi bəlli deyil. Elenionun atası İspaniyadan gələn miqrant idi. Onun, oğlunu gec qeydiyyatdan keçirdiyi üçün veriləcək cərimədən yayınmaq məqsədiylə doğum tarixini bilərək yanlış daxil göstərdiyinə dair iddialar var. Digər tərəfdən, Erreranın həyat yoldaşı Elenionun özünün sonradan doğum kağızında dəyişiklik etdiyini və 1910-cu ili 1916-cı illə əvəzlədiyini demişdi. Dülgərliklə məşğul olan atası - Errera avtobioqrafiyasında bu barədə danışarkən "İsa kimi" ifadəsini işlədib - həmkarlar təşkilatının gücünə inanan anarxist idi. "Oxumağı və yazmağı bilməyən, amma qeyri-adi zəkaya sahib olan biri" kimi təsvir etdiyi anası isə təmizləyici işləyirdi.

Erreranın 4 yaşı olanda, güman ki, hökumətdən qaçan ailə Mərakeşə yollanır. Burada difteriya xəstəliyinə tutulan Elenio çətinliklə olsa da, həyatda qala bilir. İllər sonra, "Barselona"ya baş məşqçi təyin olunmamışdan qısa müddət əvvəl isə o, təyyarə qəzasında ölməkdən son anda canını qurtaracaqdı. Bu hadisələrdən sonra onun özü də xüsusi missiyası olan, seçilmiş lider olduğuna inanmağa başlamışdı. Asketizmə meyilli olan Erreranın həyatında bunun izlərini görmək mümkündü. Onun "İnter"dəki ofisində olan yeganə bəzək əşyası İsa peyğəmbərin çarmıxa çəkilmiş heykəli idi. Difteriyadan yaxasını qurtardıqdan sonra Elenio fiziki olaraq çox güclənmişdi. O, yeniyetmə illərində fiziki göstəriciləri, iri cüssəsi ilə seçilən cinah müdafiəçisi kimi tanınırdı. Errera ölümündən 5 il əvvəl Saymon Kuperə verdiyi müsahibədə demişdi: "14-15 yaşımdan etibarən ərəblər, yəhudilər, fransızlar və ispanlarla futbol oynamışam. Bu, əsl həyat məktəbidi".

Elenio rəsmi olaraq futbolçu karyerasına "Rasinq Kasablanka"da başlamışdı. Amma qısa müddət sonra "kasıb ölkələrdə daşların arasında futbolçu axtaran" skautlar tərəfindən kəşf olundu və Parisə yollandı. Burada "Red Star 93" və "Rasinq Klub"da oynamaq imkanı qazandı və cinah müdafiəçisi kimi iki dəfə Fransa millisinə çağrıldı. Futbolçu kimi heç vaxt normanın üzərinə çıxa bilmədi. O, 25 yaşında dizindən aldığı ağır zədədən sonra karyerasını bitirməli oldu. Taleyi ilə bağlı güclü hisslərə malik olan Errera sonralar bu inqirazdan da pozitiv nəticə çıxaracaqdı:

"Futbolçu kimi o qədər də istedadlı biri deyildim. Ulduz futbolçular məşqçi olanda lovğa hərəkətlər edir, özlərini Tanrı hesab edirdilər - bu, mənim üçün üstünlük idi. Onlar özlərinin təbii və zərifcəsinə etdikləri şeyləri başqalarına öyrətməyi bacarmırdılar. Mənim vəziyyətim fərqli idi".
 


İkinci Dünya müharibəsinin sonlarına yaxın Errera həvəskar "Püto" komandasına baş məşqçi təyin olundu. Buradakı uğurlu performansından sonra isə "Stad Franse"yə keçdi. Eyni zamanda, Elenio yığma komandada Qaston Barronun köməkçisi kimi çalışmağa başladı. "Le Sorcier" ("sehrbaz" deməkdi, sonralar İtaliyada onu "Il Mago" kimi çağıracaqdılar) ləqəbini də ilk dəfə burada aldı. Errera ləqəbinin onun uğurlarını kölgədə qoyduğunu düşünür və bu səbəbdən "sehrbaz" sözünə nifrət edirdi:

"Sehrbaz" sözünə futbolda yer yoxdu. "Ehtiras" və "güc" - bax, futbol bu iki sözdən ibarətdi. Bir dəfə mənə demişdilər ki, gün ərzində 30 saat çalışırsan. Bu, mənim üçün ən böyük kompliment idi".

Elenio futbolda şans faktorunun olduğuna da inanmırdı. O, 16 "böyük kubok" qazandığı karyerasının sonlarında demişdi: "Məndən şanslı olub-olmadığımı soruşurlar. Buna nifrət edirəm. Mən şansa inanmıram. Bir insan 20 il ərzində bu qədər kubok qazanıbsa, bunun şansla nə əlaqəsi ola bilər? Təvazökaranə şəkildə deyirəm: mən dünyadakı digər məşqçilərin hamısından daha çox titul qazanmışam. Mənim situasiyamın bənzəri yoxdu".
 


Elenioya görə, hər şeyə nəzarət etmək, hər şeyi inkişaf etdirmək mümkün idi. Bu baxımdan onun ilk müasir məşqçi olduğunu deyə bilərik. Bəlkə də, Quttmann məşqçi kultunun formalaşması üçün Çepmenin yolundan getmişdi, amma çalışdırıcıların funksiyalarını müəyyənləşdirən və onların necə effektiv ola biləcəyini göstərən isim Erreradan başqası deyildi. Elenio açıqlamalarından birində demişdi: "Mən bu işə başlayanda məşqçilər komandalarının çantalarını daşıyırdılar. Mənim sayəmdə onlar layiq olduqları nöqtəyə çatdılar və qazanmalı olduqları pulu qazanmağa başladılar". (ardı var)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR