Katenaççonun tarixi: İntizam, intizam, yenə də intizam (VIII hissə)

Katenaççonun tarixi: İntizam, intizam, yenə də intizam (VIII hissə)

"İnter"in prezidenti Ancelo Moratti əvvəlki 5 il ərzində 12 baş məşqçi dəyişmişdi. Errera Morattinin arzuladığı uğurları qazanacağına dair söz vermişdi, amma əvəzində onun bir şərti var idi. Elenio klubdan illik 35 min funt sterlinq məvacib tələb etmişdi. Bu, həmin dövr üçün rekord hesab olunurdu. Errera demişdi: "Bəzən bahalı məşqçi ucuza başa gəlir, bəzən isə ucuz məşqçini baha qiymətə gətirirsən". Onun ilk mövsümündə bilet gəlirlərinin 5 dəfə artması təsadüf deyildi.

Təyinatından çox keçməmiş Errera futbolçuların xanımları ilə görüşərək onlara qidalanmadan və oyunçuların tətbiq etmələrini istədiyi rutinlərdən bəhs etmişdi. Oyunlardan əvvəlki gecə futbolçuların Appyano Centile bazasında qalmasını nəzərdə tutan "ritiro" sistemi elə də xoş qarşılanmadı. Amma hər şeyi nəzarəti altında saxlamağı sevən Errera üçün bunun bir önəmi yox idi.
 


Müdafiəçi Tarçizio Burnyiç: "Növbəti oyunumuzdan başqa bir şey barədə düşünməyimizi istəmirdi. Bazanı tərk etməyimizə icazə verməzdi. Məşq edirdik, yemək yeyirdik və yatırdıq... - başqa heç nə. Hə, yadımdan çıxmışdı, arada bir kart da oynayırdıq. Nəticədə, həqiqətən də, oyundan başqa bir şey barədə düşünə bilmirdik. Belə təlim-məşq toplanışları arada bir olanda bizim üçün elə də problem yaranmırdı. Amma tez-tez toplanışlara ehtiyac yarananda baza oyunçular üçün cəhənnəmə dönürdü".

Yuxu rejimi, məşqlər, qidalanma, oyunlardan əvvəlki gecələr futbolçulara verilən oksigenin miqdarı, bir sözlə, hər şey ciddi nəzarət altında idi. Cerri Hitçens "İnter"dən ayrılmasını hərbi xidmətin bitməsinə bənzətmişdi. Bir dəfə ingilis forvard, Suares və Mario Korso kross qaçışı zamanı geridə qaldıqları üçün komandanın avtobusuna buraxılmayıblar və təxminən 10 km.-lik yolu ayaqla qət etmək məcburiyyətində qalıblar. Hətta komandanın ulduzu Sandro Matsola da Erreranın oyun hazırlıqları baxımından çox dərinə getdiyini demişdi: "Avropa Kubokunda (1966-67 mövsümündə) "Vaşaş"ı məğlub etmişdik. Hamımız bir neçə gün istirahət etmək istəyirdik. Çünki, həqiqətən, düşərgədə yaşayırdıq. Duş zamanı aramızda istirahət barədə danışırdıq. Sən demə, Errera bizə qulaq asırmış. Gələn kimi dedi: "Olmaz. Nə qədər uğurlu olmağınızın bir önəmi yoxdu, həmişə ayaqlarınız yerdə olmalıdı". Hamımız susduq və birlikdə bazaya qayıtdıq".

Errera ciddi nizam-intizama sahib idi və onun avtoritariyasına qarşı çıxan hər cəhdə mane olmağa çalışırdı. O, "Barselona"da işlədiyi dövrdə Ladislav Kubalanı "tanıdığım ən böyük oyunçu" adlandırmışdı. Bununla belə, Kubalanın içkiyə meyilli olmasının həm öz oyununa mənfi təsir etdiyini, həm də komandadakı atmosferi pozduğunu əsas gətirərək onu heyətdən uzaqlaşdırmışdı. Macar futbolçunun tərəfdarları isə fərqli düşünürdülər. Onlara görə, Erreranın əsas məqsədi - klubu təsiri altına alan və nüfuzu artmaqda olan "kubalizmo" cərəyanını məhv etmək idi. Elenio "İnter"ə keçdikdən sonra isə, 1958-59 mövsümündə oynadığı 33 matçda 33 dəfə fərqlənən argentinalı hücumçu Antonio Ancelillonun şəxsi həyatındakı problemləri səbəb kimi göstərərək onu komandadan kənarlaşdırmışdı. Hətta məşhur libero Armando Pikki belə, "təhlükə"dən qaça bilməmişdi. Yekunda italiyalı futbolçu Erreranın qərarlarına şübhə ilə yanaşdığı üçün 1967-ci ildə "Vareze"yə satıldı.
 


Errera: "Oyunçularıma qarşı zalım və tamamilə qəddarcasına davrandığımı iddia edirdilər. Çox çalışmaq, perfektsionizm, fiziki məşqlər, qidalanma rejimi və hər oyundan əvvəl üçgünlük konsentrasiya müddəti... - mənim etdiyim sadəcə bunlardan ibarət idi. Sonradan bütün klublar bunları təkrarlamağa başladılar".

Eyni şeyləri rəqib analizi barədə də demək olar. Oyunçular rəqibləri o qədər yaxşı tanıyırdılar ki, şəkillərinə baxmadan, sırf Erreranın təsvirləri ilə belə, onları tanıya biləcəklərini deyirdilər. 1961-ci ildə "Barselona"nı "İnter"ə dəyişən və "dünyanın ən bahalı futbolçusu" etiketini üzərində daşıyan Suaresə görə, Elenionun yanaşması bənzərsiz idi:

"Fiziki və psixoloji detallara çox önəm verirdi. Onda başqa bir yerdə belə bir şeyə rast gəlmək mümkünsüz idi. Həmin dövrdə baş məşqçilərin elə də böyük önəmi yox idi. Errera ən yaxşı oyunçularını pisləyirdi və onları o qədər də yaxşı olmadıqlarına inandırırdı. Sanki üzlərinə şillə vururdu. Digərlərini isə tərifləyirdi. Beləcə, hamı özündən çıxardı. Onun haqlı və ya haqsız olduğunu sübuta yetirmək üçün əllərindən gələni edirdilər".
 


"İnter" Erreranın rəhbərliyi altında çıxdığı ilk matçda Berqamo səfərində "Atalanta"nı 5:1 hesabı ilə məğlub etdi. Növbəti səfər oyununda "Udineze"yə qalib gəldilər - 6:0. Ardınca "Viçentsa"ya 5 qol vurdular. Həmin mövsüm çempionatı üçüncü sırada bitirən "İnter" keçirdiyi 34 matçda 73 dəfə fərqlənmişdi. Bu mənada Milan təmsilçisi sadəcə çempion "Yuventus"dan geri qalırdı. Növbəti mövsüm isə ikinci oldular. Amma bu nəticə Morattini qane etmədi. Hətta həmin yay prezident baş məşqçi postunu Edmondo Fabbriyə təklif etmək məqsədi ilə onu Appyano Centile bazasına dəvət etsə də, son anda fikrini dəyişdi və Erreraya daha bir mövsümlük şans verdi. Elenio məhz həmin an bəzi şeyləri dəyişdirməli olduğunu başa düşdü:

"Yarımmüdafiəçilərdən birini mərkəzdəki müdafiəçilərin arxasına yerləşdirdim və ondan "süpürgəçi" kimi istifadə etməyə başladım. Sol cinah müdafiəçisinə hücumda sərbəstlik verdim. Oyunçularımın hamısı hücum planında nə istədiyimi yaxşı bilirdilər. Onlardan maksimum sürətli vertikal futbol tələb edirdim. Üç pasa rəqibin cərimə meydançasına çatmalı idik. Dikinə oynayarkən topu itirmək problem deyildi. Horizontal oyunda top itkiləri olanda isə qapımızda qol görə bilərdik". (ardı var)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR